Modern.az

Məmur balaları, vətən xaini və Sərkisyanın sarsaqlaması

Məmur balaları, vətən xaini və Sərkisyanın sarsaqlaması

Aktual

26 Aprel 2014, 23:40

Namidə BİNGÖL

Canilərin törətdiyi əməllər ört-basdır edilsə də heç bir cinayət cəzasız qalmır. Amma, günahsızlara verilən cəza həmişə təəssüf doğurur. Bu barədə bir az sonra danışacam. İndi isə yola saldığımız həftənin əsas hadisələrinə qısa nəzər salaq.

Həftənin ən səsli-küylü xəbəri prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı oldu. Həmçinin, prezident Dağlıq Qarabağ məsələsinin prioritet olduğuna diqqət çəkdi. Görüş zamanı erməni dövlət başçısı Sərkisyanın növbəti sərsəm çıxışları Ermənistan-Türkiyə sərhədlərinin açılmasına köklənmişdi. Yəni Türkiyənin toplantıda iştirak etməməsi erməni prezidentə sayıqlamaq üçün qol-qanad vermişdi. Amma İlham Əliyevin nitqi bir daha onu göstərdi ki, Türkiyə və Azərbaycan arasında qurulan əlaqələr təkcə diplomatik danışıqlara istiqamətlənməyib. Həmçinin, tarixi köklərə bağlı olan qardaşlıq telləri dünyanın istənilən nöqtəsində aktivdir. Əslində, Serj Sərkisyanın sarsaqlamasına adət etmişik. Bu da Ermənistan dövlət başçısından növbəti sayıqlama jesti.

Həftələrdir, məmurların dövlətin və millətin sərvətlərini talaması mətbuatın gündəmindən düşmür. Bir aya yaxındır ki, Ziya Məmmədovun qardaşı millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı maşınları, qiymətli əyşaları müzakirə olunur. Növbədə gənclər və idman naziri Azad Rəhimovdur. Adı nurçuluqda hallanan nazir hələ ki milyardlarla sərvətinin açıqlanmasına cavab vermir. Görünür, mətbuatın dördüncü hakimiyyət olmasına inanmır. Deməli, vəziyyətin gərginliyini də düşünmür.

İndi isə mövzunun əvvəlinə qayıdaq. Yola saldığımız həftə  “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbs edilməsilə yadda qaldı. Türkiyədən Azərbaycana deportasiya edilən jurnalistin dövlət sirlərini birbaşa Ermənistan xüsusi orqanlarına ötürməsi ehtimal olunur. Maraqlıdır ki, Rauf Mirqədirov məsələsində heç kim onun qatı cinayətkar olmasına nə inanır, nə də inanmaq istəyir.

Adətən, yıxılana balta vuranlar çox olur. Məsələn, bir məmurun oliqarx oğlu xalqın yeraltı sərvətləri hesabına yerüstü hərəkətlərinin “həddini” bilmir. Xalqın sərvətlərini elə xalqın gözünə nümayişkaranə şəkildə soxan məmur yavruları bu hərəkətlərindən nəinki çəkinir, hətta, var-dövlətin sivil şəkildə təqdimatının labüdlüyünə inanır. Qəribədir ki, bunu hər kəs bilib görsə də, səsini çıxartmaq istəmir. Mütləqdir ki, kimsə qabağa düşə, etiraz səsini çıxara. Bax o zaman hərə əlinə bir daş alıb başlayacaq atmağa...

Jurnalist Rauf Mirqədirov məsələsində isə bu cür hallara rast gəlmədik. (bəlkə də olub xəbərim yoxdur N.B.) Məsələn, millət vəkili Bahar Muradova jurnalistin həbsinə münasibət bildirmədi. Sadəcə, dedi ki, “Rauf Mirqədirovla bağlı mövzunun mahiyyəti mənə bəlli deyil”. Düzü, vitse-spiker Bahar Muradovaya mövzunun mahiyyətinin bəlli olmaması ictimaiyyətə anlaşılan deyil. Bu o deməkdir ki, istər ziyalılar, istər sıravi vətəndaşlar, istərsə də dəyərli millət vəkillərimiz sadə jurnalistin dövlətə qarşı cinayət əməlinin törədilməsində barmaq izini görə bilmir. Deməli, Rauf Mirqədirova “vətən xaini” damğasının vurulması ilə də razılaşmırlar.

Hələ Rauf Mirqədirov Türkiyədən Azərbaycana deportasiya olunanda millət vəkili Fazil Mustafa Türkiyə dövlətinin bu addımını doğru dəyərləndirməmişdi. Üstəlik, Ərdoğanın Bakıya edilən səfərindən 2-3 gün sonra iki dövlət arasındakı iş birliyinin nəticəsi kimi jurnalistin həbs məsələsinin reallaşması versiyasını da ortaya atdı. Həmçinin, Türkiyədə çoxlu sayda ermənilərin məskunlaşması heç kəsə sirr deyil. Hər halda, bu cür məsələlərdə yekun rəy söyləmək çətindir. Sadəcə, versiyalar mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır