Modern.az

“Mən də, Rauf Qurbanov və Telman Nurullayev də Sov.İKP-nin tör-töküntüləriyik” - MÜSAHİBƏ

“Mən də, Rauf Qurbanov və Telman Nurullayev də Sov.İKP-nin tör-töküntüləriyik” - MÜSAHİBƏ

12 Sentyabr 2014, 15:45

Azərbaycan Vahid Kommunist Partiyasının baş katibi  Müsa Tükənov Modern.az saytına  ölkədəki sol qüvvələr, onların fəaliyyəti ilə bağlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Sizin partiyanız iqtidarla dialoqu birmənalı şəkildə qəbul etmir. Bəs hansı səbəbdən Azərbaycan Vahid Kommunist Partiyası aparıcı müxalifət partiyaları ilə əməkdaşlıq barədə düşünmür?

-
Ölkədə sağ və sol müxalifət var. Sağ müxalifətin təmsilçiləri olan Müsavat Partiyası, AXCP-nin mövcud hakimiyyətə əslində heç bir müxalifliyi yoxdur. Onların mövqeyi bizim hakimiyyətin kapitalizmə uyğun apardığı iqtisadi və siyasi xəttdən prinsipial şəkildə fərqlənmir. Ona görə də bizim üçün kapitalizmi kimin qurmasının fərqi yoxdur. Yəni bunlar kreslo üstündə dava edən müxalifətdir.

- Bu qədər ittiham səsləndirirsiniz, amma özünüzün də müxalifət kimi fəallığınız nəzərə çarpmır. Səbəbi nədir?

-
Deməzdim elədir. Ölkədə yeganə müxalifət biz kommunistlərik. Biz iqtisadi, siyasi, xarici siyasətin köklü surətdə dəyişməsini istəyirik. Biz partiya olaraq planlı iqtisadiyyatın tərəfindəyik və bazar iqtisadiyyatının, özəlləşmənin, kapitalizm cəmiyyətinin əleyhinəyik. Ona görə də əsl müxalifət bizik. Müsavat, AXCP-nin heç bir müxalifliyi yoxdur. Onlar sadəcə olaraq hakimiyyətə gəlmək istəyirlər. İsa Qəmbər, Əli Kərimli hakimiyyətə gəlib kapitalizmi inkişaf etdirəcəklərsə, ondansa, indiki hakimiyyətin qalması daha yaxşıdır.

- İdeoloji prinsiplər baxımından sağ hərəkatın müxalifət qanadını bəyənmədəyinizi deyirsiniz. Bəs sol qüvvələrlə əməkdaşlığınızı əngəlləyən nədir?

-
Azərbaycanda partiya şəklində fəaliyyət göstərən başqa  kommunistlərlə və digər  solçu qüvvələrlə əməkdaşlığımız alınmadı. Birgə fəaliyyət üçün nə qədər çalışsaq da, bu reallaşmadı. Çünki biz hələ bu birliyə hazır deyilik. Ölkədəki digər kommunist partiyaları ilə bizim mövqeyimiz ayrıdır.

- Azərbaycanda  Sosial-Demokrat Partiyası və eyni adda fəaliyyət göstərən ayrı-ayrı iki Kommunist Partiyası var. Azərbaycan Kommunist Partiyasına Rauf Qurbanov, digər Kommunist Partiyasına isə Telman Nurullayev liderlik edir. Onların ölkədəki sol hərəkatdakı mövqeyini və fəaliyyətini necə qiymətlədirirsiz?

-
Onlar Azərbaycanda sol hərəkatını məhv ediblər. Bunun da bir səbəbkarı Ədliyyə Nazirliyidir. Ədliyyə Nazirliyi bizim partiyanın  möhürünü, nizamnaməsini vermir. Bununla bağlı prezidentə də dəfələrlə müraciət etmişəm. Yəni Ədliyyə Nazirliyi solçulara işləməyə şərait yaratmır. Mənim fəaliyyətim yoxdursa, necə fəaliyyət göstərə bilərəm?!

- Rauf Qurbanov və Telman Nurullayevdən hansını əsl kommunist sayırsınız?

- Azərbaycanda kommunist yoxdur. Nə Musa Tükənov, nə Rauf Qurbanov, nə də Telman Nurullayev kommunistdir. Bizdə kommunist yetişməyib. Mən də daxil olmaqla, Rauf Qurbanov və Telman Nurullayev Sovet İttifaqı Kommunist Partiyasının tör-töküntüləriyik. Azərbaycanda kommunist hərəkatının lideri yoxdur.

- Digər ölkələrdəki kommunistlərlə əlaqələriniz necədir?

-
Bizim Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyüqanovla əlaqəmiz var. Dünyadakı sol hərəkatla əlaqələrimiz mövcuddur. Türkiyə Kommunist Partiyası ilə də əlaqələrə malikik. Amma etiraf edirəm ki, əməkdaşlığımız zəifdir.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır