Modern.az

Vətəndaş banklardan niyə istehlak krediti ala bilmir?

Vətəndaş banklardan niyə istehlak krediti ala bilmir?

Ölkə

30 İyul 2010, 12:24

Bu yaxınlarda Azərbaycana səfər edən türkiyəli jurnalistin Bakı təəssüratında bankların özəl yeri var idi. O, bildirirdi ki, indi Azərbaycandakı bankların çox olması 30-40 il əvvəlki Türkiyənin bank sektorunu xatırladır. O zaman Türkiyədə banklar çox idi, ancaq xidmətdən söhbət gedə bilməzdi. İndi də Bakının istənilən küçəsində banklar, bank filalları var, onların xidməti isə aşağı səviyyəlidir.

 

Məsələ ondadır ki, bizdə bankların sayı nə qədər çox olsa da, insanlar bank sektorunun xidmətindən razı deyillər. Hətta bəzən kredit verən banklara iş adamları “bankrota salan” müəssisə kimi baxır. Bu, məsələnin bir tərəfi.

Digər məsələ isə əhalinin kreditləri, xüsusilə də istehlak kreditlərini qaytarması ilə bağlıdır. Bu sahədə də ciddi problemlər yaşanır.

Qeyd edək ki, xaricdə belə bir təcrübə var ki, hər hansı bir bankdan kredit götürən şəxs  əgər həmin banka borcu qalırsa, digər bankdan kredit götürə bilmir. Azərbaycanda bu sistem mövcuddurmu? Mərkəzi bankın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Azərbaycanda banklar tərəfindən belə bir tələb mövcud deyil: “Lakin, banklarda kreditlərin verilməsi qanunla müəyyən olunmuş daxili qayda və prosedurlar çərçivəsində həyata keçirilir. Belə ki, müştərinin səriştə və bacarığı qiymətləndirilir, onun maliyyə vəziyyəti, ödəniş qabiliyyəti, təqdim olunan girovun dəyəri və digər göstəricilər üzrə təhlil aparılır. Bu göstəricilər, xüsusi ilə müştərinin digər banklarda borcunun olub olmaması ilə bağlı məlumatlar kreditlərin verilməsi ilə bağlı qərarların qəbul edilməsində əhəmiyyətli rol oynayır. Banklar müştərilərin digər kreditləri, o cümlədən gecikdirilmiş borcları haqqında məlumatları Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti vasitəsi ilə araşdırırlar”. Azərbaycanda banklarların bir-biri ilə əməkdaşlığına gəlincə, Mərkəzi Bankdan bildirilib ki, Azərbaycanda bankların aktiv  müxbir əlaqələri və qarşılıqlı borclanmaları mövcuddur: “Belə ki, banklar bir-birilərinə uzun və qısa müddətli kreditlər verir, depozitlər yerləşdirirlər. Eyni zamanda, banklar  Bakı Fond Birjası,  Bakı Banklararası Valyuta Birjası, Bakı Banklar Assosiasiyası və digər səviyyələrdə əməkdaşlıq edir, Mərkəzləşdirilimiş Kredit Reyestri Xidməti vasitəsi ilə məlumat mübadiləsi həyata keçirirlər. Bundan başqa bir sıra bankların layihələrin birgə maliyyələşdirilməsi, eləcə də qarşılıqlı texniki dəstək göstərilməsi çərçivəsində iş birliyi  mövcuddur”.

İstehlak kreditlərinin qaytarılmamasına görə bankların üzləşdikləri problemlərlə bağlı sualımız Mərkəzi Bank tərəfindən belə cavablandırılıb: “Banklar kommersiya fəaliyyəti ilə məşğul olurlar. Digər kredit növlərində olduğu kimi istehlak kreditlərinin geri qaytarılmaması isə bankların kredit portfelinə və mənfəətliyinə mənfi təsir göstərə bilər. Lakin qlobal maliyyə böhranı dövründə, AMB-nin preventiv tədbirləri, həmçinin bankların kredit inzibatçılığını təkmilləşdirmələri kreditlərin keyfiyyətinin pisləşməsinin əhəmiyyətli dərəcədə qarşısını almışdır. Hal hazırda AMB banklarla əməkdaşlıq çərçivəsində bu istiqamətdəki səylərini davam etdirir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, bank sektorunda problemlər daha da dərinləşməkdədir: “Mərkəzi Bankın 5 aylıq  yekunları ilə bağlı hesabat  onu göstərir ki,  bank sektorunda problemlər daha da dərinləşməkdədir. Mövcud problem onunla bağlıdır ki, zərərə düşən bankların sayı artmaqdadır. Bununla yanaşı, problemli kreditlərin həcmi də artmaqdadır. Bu, birbaşa kreditlərin bölüşdürmə mexanizminin qlobal maliyyə böhranından əvvəl və sonrakı dövrdə uğurla qurulmaması ilə bağlıdır. Bu gün problemli kreditlərin həcmi 350 milyona qədər yüksəlib. Bu isə bank kapitalının 5 faizindən çoxdur. Bütün bunlar kommersiya banklarının kredit və ya faiz siyasətinin doğru olmamasından xəbər verir. Çünki problem onunla bağlıdır ki, kommersiya bankları daha çox gəlir əldə etmək üçün kifayət qədər yüksək faizlə kreditlərin bölüşdürməsini həyata keçirirlər. İstehlak kreditləri 25 faizdən hətta 35 faizə qədər yüksəlir. Bu faktiki olaraq MDB-də ən yüksək kredit faizləridir. Çox təəssüf ki, kommersiya bankları həmin kreditlərin necə qaytarılması mexanizmini tam olaraq araşdırmır. Prosedur daha yüksək faizlə daha yüksək gəlir əldə etməyə yönəlib. Qlobal maliyyə böhranından sonra isə həmin kreditlərin əksəriyyətinin geri qayratılması praktiki olaraq mümkün olmadı. Problemli kreditlərin, zərərlə işləyən bankların sayının artması ondan xəbər verir ki, bank sektorunda kredit siyasətinə yenidən baxılmasına ehtiyac var”.

İqtisadçı Vüqar Bayramov hesab edir ki, Mərkəzi Bankın isalahtlar aparmaq üçün əlində kifayət qədər alətləri olmasına baxmayaraq bundan istifadə etmir: “Depozitlərin yerləşdirilməsində problemlər var. Baxmayaraq ki, depozitlərin sığortalanması fondu illik depozit faizi 12 faizədək olan depozitlərin sığortalanmasını həyata keçirir. Ancaq çox təəssüflər olsun ki,  elə banklar var ki, onlar hələ də ucuz depozit kampaniyası aparırlar. Onlar 16-18 faiz depozitlər qəbul edirlər. Amma aydındır ki, həmin depozitlər sığortalanmır. Həmin depozitlər sığortalanmadığdan onların batma ehtimalı kifayət qədər çoxdur. Ona görə də bank sektorunda kompleks islahatların aparılması olduqca vacibdir. Mərkəzi Bankın bank sektorunda islahatlar aparması üçün kifayət qədər ciddi alətləri var ki, ondan istifadə etmir. Çox təəssüf ki, hələ də Mərkəzi Bank prosesə birbaşa müdaxilə etmir. Mərkəzi Bank məzənnə siyasəti vasitəsilə banklara təsir göstərməyə çalışır. Amma bütün bunlar ona gətirib çıxarır ki, bu gün zərərlə işləyən bankların sayı son bir ildə iki dəfə artır. Bu da kifayət qədər kritik bir rəqəmdir”.

Ekspert Vüqar Bayramov vətəndaşların istehlak kreditlərini ödəyə bilməməsində əsas səbəbi kommersiya banklarının düzgün mexanizm təşkil etməməsində görür: “Problem təkcə kreditlərin faiz göstərici ilə bağlı deyil, eyni zamanda vətəndaşların o kreditlərə çıxışı ilə bağlı müəyyən problemlər var. Əvvəla bəzi kommersiya bankları yalnız dövlət orqanlarında işləyənlərə kreditlər təklif edirlər ki, bu da birmənalı şəkildə diskriminasiyadır. Çünki, özəl, dövlət, eyni zamanda mətbuatda işləyənlərin kreditlərdən istifadə imkanı olmalıdır. Problemin digər tərəfi onunla bağlıdır ki, tələb edilən girovların həcmi kifayət qədər çoxdur. Əksər hallarda kommersiya bankları verdiyi kreditdən iki dəfə çox girov tələb edirlər. Kreditlərin verilməsi sərtləşdirilib. Bütövlükdə kreditlərin verilmə mexanizminin dəyişdirilməsinə ehtiyac var. Əvvəla xarici ölkənin təcrübəsinə, beynəlxalq standartlara görə kreditlər verilən zaman iş yerləri üzrə hər hansı bir diskriminasiya həyata keçirilə bilməz. Xarici banklardan fərqli olaraq Azərbaycanda kommersiya bankları istehlak kreditlərini daha yüksək faizlə təklif edir. Bu həm vətəndaşların həmin kreditlərdən səmərəli istifadəsinə imkan vermir, eyni zamanda həmin kreditlərin qaytarılması ilə bağlı müəyyən problemlər yaranır. Bütün hallarda kommersiya bankları istehlak kreditlərini verən zaman həm kreditlərin səmərəli olması, həm də daha çox vətəndaşları əhatə etməsini əsas meyar kimi önə çəkməlidir”.

Təhminə PAŞAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı