Modern.az

Nitq mədəniyyəti barədə - III yazı

Nitq mədəniyyəti barədə - III yazı

Təhsil

17 Sentyabr 2015, 11:59

filologiya üzrə elmlər doktoru, professor

Emosionallıqdan yaranan stresi gəzmək yolu ilə yüngülləşdirdiyimiz və aradan qaldırdığımız kimi, musiqi ilə də qaydaya sala bilərik. Bu mənada Musoqskinin “Sərgidən lövhələr” əsəri emosional stresdən qurtarmağa effektli təsir göstərir. Bundan başqa, nevroz və əsəbilikdən qurtulmaq üçün Çaykovskinin “Romeo və Cülyetta” baletindəki üvertüra-fantaziyasını dinləmək lazımdır. Baş ağrılarını götürmək üçün Ohinskinin “Polonez” və Ştrausun valslarını dinləmək məsləhət bilinir. Belə hesab olunur ki, insanda yuxunu normallaşdıran, yuxunu gətirən musiqi əsərləri vardır. Məsələn, Qriqin “Per Qunt”, Massnın “Meditasiya”, Offenbaxın “Barkalola”, Mendelsonun “Sözsüz mahnı”, Nyu Eycin “Yeni əsr” əsərləri insan orqanizmindəki musiqi toxumalarını quş cəhcəhi, yağış səsi, ləpədöyən səsi ilə doydurur. Mendelsonun “Toy marşı”, Debüssinin, Ravelin əsərləri, eləcə də klassik hind musiqiləri qan təzyiqini və ürəyin fəaliyyətini qaydaya salır. Musiqi insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, baş beynin pozulmuş ritmini qaydaya salır. Bu baxımdan XVII-XVIII əsr musiqiçiləri Bax, Bokkerini, Teleman, Vivaldi, Qaydn, Hendelin və digərlərinin musiqiləri əvəzsizdir. (bax: Musiqi ilə rahatlıq. – “Kaspi” qəzeti, 11 iyun 2015-ci il, 104 (3418), s.16)

Səs hər bir canlıya mənfi və müsbət təsir götərə bilir. Belə hesab olunur ki, gülün elə növü var ki, onun yanında yaxşı danışmayanda, xoş söz deməyəndə o inciyir, küsür. Ancaq xoş söz, yaxşı münasibət həmin gülün fəaliyyətini daha da gücləndirir.

Araşdırmalar onu da təsdiq edir ki, danışıq səslərinin orqanizmə təsiretmə imkanlar var. (bax: İlham Cəmiloğlu. Səsin orqanizmə möcüzəvi təsiri – səs terapeyası. – Modern.az saytı, 25.06.2015-ci il) Məsələn, “i” səsinin tələffüzü burun yollarını təmizləyir, gözləri mülaicə edir. “U” səsinin tələffüzü boğaz və səs tellərinə müsbət təsir edir. “V”, “n”, “m”, “e” səslərinin tələffüzü beynin fəaliyyətini yaxşılaşdırır. “K” səsinin tələffüzü eşitmə qabiliyyətini gücləndirir. “X”, “ç” səslərinin tələffüzü tənəffüz sisteminə yaxşı təsir göstərir, nəfəsalmanı asanlaşdırır. “O”, “a”, “s” səslərinin tələffüzü ürək xəstəliklərini müalicə edir.

Hər bir ictimai mahiyyətli danışıq səsinin məxrəci var. Danışıq səsləri bir-brindən öz səs məxrəclərinə görə fərqlənir. Ona görə də yaxın səs məxrəcində olan danışıq səslərini elə dəqiq və düzgün tələffüz etmək lazımdır ki, onların səs məxrəci bir-birinə qarışmasın. Səs məxrəcinin qarışması ictimai mahiyyətli danışıq səslərini bir-biri ilə qarışdıra bilər. Bəzən danışıq səslərini düzgün tələffüz etməyənlər səslərin məxrəcini bir-biri ilə qarışıq salırlar. Bəzən isə danışıq səslərini düzgün tələffüz edə bilmirlər. Bunlar da səsin dəqiq, düzgün çatdırılmasına maneçilik göstərir, danışıq səsinin özünün ictimai mahiyyətinə xələl gətirir. Bu da nitqin mədəniliyinə ziyan vurur. Hətta yazıda da bir hərfin düzgün işlənməməsi oxucuda çaşqınlıq yarada bilir. Vaxtilə Cəlil Məmmədquluzadə belə halları məsxərəyə qoyur və tənqid edirdi. O, “Dil” adlı felyetonunda yazır: “Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm”. (bax: Cəlil Məmmədquluzadə. Dil. – Buludxan Xəlilov Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.135) Cəlil Məmmədquluzadə öz dillərini bilə-bilə rus dilində məktub yazan müsəlmanlardan ona görə incimirdi ki, onlar öz dillərində yazanda da, oxuyanda da səhvlərə yol verirdilər. Məsələn, Molla Cəfər elə bilir ki, məktubda “Fatmanın oğlu oldu” əvəzinə “Fatmanın oğlu öldü” yazılıbdır. “Dil” felyetonunda yazılır: “Bacım Fatma da hamilə idi və doğmağına bir neçə gün qalanda əri İsmayıl bəylə gəldi İravana. Uşağı Russo həkim müalicə eləyirdi. Fatma doğdu və bir oğlu oldu. Bir gün keçəndən sonra poçta yolum düşdü və bir açıq kağız alıb kəndimizə Molla Cəfər rəfiqimizə müxtəsər yazdım: “Anama de ki, Fatmanın oğlu oldu”. Kağızı saldım qutuya.

Molla Cəfər kağızı alır və elə bilir ki, mən yazmışam “Fatmanın oğlu öldü, yəni vəfat elədi; çünki molla bunu bilirmiş ki, bacım İrəvana gəlib naxoş oğluna müalicə elətdirsin və hamilə olmağını ya bilmirmiş, ya xəyalında deyil imiş. Əvvəl Molla Cəfər istəmir bu cür pis xəbəri anama yetirsin, hətta məndən narazı olub ki, qoca övrətə mən niyə bu tövr qəmli xəbəri yazıram.

Xülasə, üç gün keçəndən sonra, evdə oturmuşduq, gördük qapı döyülür və bir övrət ağlayır. Qapı açılan kimi biçarə anam “bala vay!” deyib, özünü çırpdı yerə və bihuş oldu.

Mən o saat işi duydum və bacımın böyük oğlunu və təzə doğduğu uşağı da gətirib qoyduq anamın qucağına. Handan-hana yazıq övrət gözlərini açdı və başladı uşaqların ikisini də öpüb qucaqlamağa.
- Allah Molla Cəfərə insaf versin!”  (bax: Cəlil Məmmədquluzadə. Dil. – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.136) Allah səsi, sözü, cümləni düzgün işlətməyənlərə də insaf versin. Onlar dilimizə xələl gətirirlər. Ana dilimizin qayda-qanunlarını pozurlar. Vaxtilə Firidun bəy Köçərli (1913-cü ildə) “Ana dili” məqaləsində yazırdı: “Allah Əli bəy Hüseynzadəyə insaf versin. Kaş o alicənab İstanbulda rahat əyləşib, bizim şumbəxt Qafqaza təşrif gətirməyə idi. O cənabın elm və kamalına sözümüz yoxdur. Sözümüz ondadır ki, elm və kamalından bizə bir bəhrə vermədi, ancaq dilimizə pozğunluq saldı, təzə dil gətirdi” (bax: Firidun bəy Köçərli. Ana dili. – Buludxan Xəlilov. Azərbaycan dili antologiyası. Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2013, s.117)

Səs və onun təsir imkanları o qədər genişdir ki, onun sehrindən çıxmaq mümkün deyildir. Yaxşı mühazirə söyləyənlər, həm də yaxşı səs temprinə malik olublar. Məsələn, professor Əli Sultanlı kimi. Ona görə də Əli Sultanlının səsi həmişə onun tələbələrinin qulağında səslənibdir. Bu mənada İsmayıl Şıxlı yazır: “Əli müəllim sinfə girərdi. Biz dəftər-qələmi hazırlayıb onun dediklərini qeyd etmək istərdik. Ancaq mühazirə başlanan kimi hər şeyi unudar, bir də o vaxt ayılardıq ki, zəng çalınır.

Axşamlar yataqxanada toplaşardıq. Çalışardıq ki, Əli müəllimin mühazirəsini hafizəmizdə canlandırıb dəftərə köçürək. Bu işdə tələbə yoldaşımız Baxşəli bizə çox kömək edərdi. (Onun olduqca iti hafizəsi və böyük artistlik istedadı vardı. “Vaqif” əsərinə bircə dəfə baxdıqdan sonra pyesi əzbər öyrənmişdi.) O eyni ilə, Əli müəllim kimi, onun səsini və hərəkətlərini yamsılayaraq, sinifdə eşitdiyi mühazirəni təkrar edərdi, biz isə dəftərə köçürərdik. Bundan sonra yataqxananın həyətində, otaqlarda, Əli Sultanlının təqlidçiləri fəaliyyətə başlayırdı”. (bax: Buludxan Xəlilov. İsmayıl Şıxlının dilçilik görüşləri. Bakı, “Bakı Çap Evi”, nəşriyyatı, 2014, s.46-47)

Səs mühazirəçini, natiqi dinləyiciyə sevdirə bilir və nəticədə onun söylədikləri dinləyici tərəfindən xoş əhval-ruhiyyə ilə qəbul olunur.

Dünyada insan səsi qədər təbii, sehrli və möcüzəli başqa bir səs yoxdur. İnsan səsinin qeyri-adiliyi imkan verir ki, o, təbiətdəki və cəmiyyətdəki digər səsləri təqlid edə bilsin. İnsan səsinin imkanlarını heç nə ilə müqayisə etmək mümkün deyil. Bizim hər birimiz insan səsinin imkanları hesabına – qeyri-adiliyi, sehri, möcüzəsi hesabına Nizaminin, Füzulinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin və digərlərinin şeirlərini sevmişik. Görkəmli aktyorların ifasında biz həmin şeirləri sevə-sevə, həm də Azərbaycanımızı, dilimizi, milli varlığımızı sevmişik. Və bir vətəndaş kimi yetişmişik. Ana dilini, doğma dilini sevməyən hər hansı bir aktyor, yaxud bədii qiraət ustası hər hansı bir bədii parçanı da sevdirə bilməz. Gərək səs tonu ilə, səs avazı ilə hər hansı bir sözü sevdirməyi bacarasan. Salam verməyin də, salam almağın da, sağollaşmanın da bütün gözəlliklərini duymaq və qarşı tərəfə çatdırmağı bacarmaq lazımdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı