Xəbər verdiyimiz kimi, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. XİN-dən verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılaraq saxlanılıblar. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Səfirlik binasında baş verənlərlə bağlı Modern.az-a danışan Almaniyada yaşayan azərbaycanlı ilahiyyatçı, Köln Əhli-beyt məscidinin axundu Mirbaqir Ağayev bildirib ki, Londonda yaşanan hadisə ölkəmizə, dövlətimizə və dinimizə qarşı təxribatdır:
“O bayraq ki, səfirliyimizin binasından endirilir və təhqir edilir, onun uğrunda minlərlə vətəndaşımız canını fəda edib və şəhidlik məqamına ucalıb. Bayrağın təhqir edilməsi həm də dinimizin, inancımızın təhqir edilməsidir. Həzrəti Məhəmməd Peyğəmbər (s) buyurur ki, vətən sevgisi imanın göstəricisidir. Bir insan ki, imanı yoxdur, o vətəni də sevməz, eyni zamanda, vətənini sevməyənin imanı da yoxdur. İmanın əsas şərtlərindən biri vətənini sevməkdir. Biz bütün dünyadakı dost və qardaş dövlətlərin bayraqlarını öz bayrağımız bilib, ona ehtiramımızı bildiririk. Bayraq mövzusu həmişə bizim millətin qırmızı cizgisidir. Burada fərq yoxdur, din, məzhəb və hətta İmam Hüsen (ə.s) donuna girib və bayrağımıza ləkə yaxmaq istəyən insanlar düzgün insanlar deyillər. Bunlar vəhşi, harınlanmış insanlardır".
Axund qeyd edib ki, avqustun 4-də Londonda səfirliyimizə basqın edərək bayrağımızı təhqir edib, yerə atanlar islam dininə yad olan insanlardır:
"Bildiyimiz ki, Azərbaycan müsəlman ölkəsidir, burada şiələr üstünlük təşkil edir. Bəzi dini, məzhəbi bilnməyən insanlar ölkəmizə və dövlətimizə qarşı təxribatlar törətmək istəyirlər. Bildiyimiz kimi, 2020-ci ilin sonlarında 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı 44 gündə azad edən həmin o gənclər idi ki, “Allahu-Əkbər”, “Ya Hüseyn” və “Bismillah” deyib düşmənin üstünə gedirdilər. Azərbaycanın ən şanlı tarixlərindən olan II Qarabağ Müharibəsində vətəndaşlarımız dinindən, məzhəbindən aslı olmayaraq, hamısı dövlətimizin və dövlət başçımızın yanında olub, torpağlarımızı azad etdilər”.
Mail AĞAXANOV