Modern.az

Türkiyəyə qarşı çirkin oyun - Konsulluqlar əslində buna görə bağlanıb

Türkiyəyə qarşı çirkin oyun - Konsulluqlar əslində buna görə bağlanıb

5 Fevral 2023, 12:30

Böyük Britaniya, Almaniya, Niderland, Fransa və Norveç daxil olmaqla, 9 Avropa ölkəsi Türkiyənin İstanbul şəhərindəki konsulluqlarını bağlayıb. Avropa ölkələri bunu terror təhlükəsi ilə əlaqələndirib. Lakin Türkiyə rəsmiləri Qərbdən gələn iddiaları rədd edərək, konsulluqların bağlanmasını psixoloji savaş adlandırıb. Müstəqil ekspertlər isə Qərbin addımını İsveçin NATO-ya qəbul olunması üçün seçkiöncəsi AKP iqtidarına təzyiq vasitəsi kimi qiymətləndirir.

 

Rəsmi mövqeyə gəlincə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldakı konsulluqlarını bağlayan ölkələri sərt şəkildə tənqid edib.

 

"Çəkin murdar əllərinizi Türkiyədən. Mən sizə çox açıq deyirəm. Çəkin murdar əllərinizi. Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə çaşdırmaq istədiyinizi bilirəm", - nazir deyib.

 

 

XİN rəhbəri Mövlud Çavuşoğlu da Avropa ölkələrini səmimi olmamaqda ittiham edib:

 

"Niyə bağladılar? Onlar deyirlər ki, terror təhlükəsi var. Əgər terror təhlükəsi varsa, xüsusən də biz müttəfiqiksə, bizə bu təhlükənin haradan gəldiyini deməməlidirlər? Deyirlər ki, bizdə konkret məlumat var, təhlükə var, bağlayırıq. Bəs bu kimdən gəldi, haradan gəldi, kim edəcək? Bunlar haqqında məlumat yoxdur. Doğru olan odur ki, bu məlumatları bizə, təhlükəsizlik bölmələrimizə, kəşfiyyat bölmələrimizə ötürməli idilər. Əgər belə bir təhlükə varsa, onu aradan qaldırmaq lazımdır. Daxili İşlər Nazirliyimizdən soruşuruq, konkret məlumat paylaşımı, kəşfiyyat paylaşımı yoxdur. Kəşfiyyatımızdan soruşuruq, konkret məlumat paylaşımı yoxdur. Yaxşı, bağladın, belə bir təhlükə var. Sən yalnız özünü düşünürsən? Əslində bu izahatların və bu qapadılmaların məqsədli olduğunu düşünürük".

 

Bəs İstanbuldakı konsulluqların bağlanması nəyə hesablanıb? Gerçək səbəb nədir? Türkiyənin cavabı necə olacaq?

 

 

Türkiyə ətrafında gedən prosesləri Modern.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, mövcud vəziyyəti normal məntiqlə qəbul etmək mümkün deyil.

 

Onun sözlərinə görə, Türkiyədə konsulluqlarını bağlayan dövlətlərin düşüncəsi normal məntiqə sığmır. Çünki Türkiyədə “təhlükəli vəziyyət” olduğunu deyirlər. Halbuki, Türkiyədə fövqəladə nəsə baş vermir. Əksinə Fransanın paytaxtı Parisdə milyonlarla insan küçələrə axışıb. Yəni ictimai asayiş və digər məsələlərlə bağlı ciddi təhlükələr var:

 

"İsveçdə ultra millətçilər hər cür təxribata əl atırlar. Quranı yandırır, müxtəlif qızışdırıcı nitqlər söyləyirlər. Digər tərəfdən kürd aktivistlər təxribatçı mitinqlər keçirirlər. Onların arasında terrorçularla əlaqəli insanların olması istisna deyil. Türkiyə Stokholmda öz səfirliyini bağlamır. Eyni zamanda Fransada heç kim səfirliyin və ya konsulluğunu bağlamır. Sözügedən ölkələrin məlum hərəkəti isteriyadan başqa bir şey deyil. Buna başqa ad tapmaq mümkün deyil”.

Bu xəbər ilə bağlı
Çavuşoğludan konsulluqların bağlanmasına sərt REAKSİYA - YENİLƏNİB
Xəbəri oxu

 

Politoloq düşünür ki, əslində Qərbin Türkiyə ilə bağlı siyasi planları var:

 

“Siyasi planların məqsədi məlumdur. Bunlar Türkiyənin regional və beynəlxalq siyasətdə təcrid olunmasına istiqamətlənib. Çünki konsulluqların bağlanması onu göstərir ki, bu ölkələr Türkiyə ilə sıx diplomatik əlaqələrin saxlanmasını ehtiyac bilmirlər. Səbəbləri isə ağlasığmazdır. Bütün bunların arxasında Türkiyənin prinsipial mövqe tutaraq, İsveçi NATO üzvlüyünə qəbul etməməsi dayanır, başqa səbəb yoxdur. Belə bəsit, yersiz metodlarla siyasət aparmaq həmin ölkələrə bəraət qazandırmır. Bu, onların diplomatiyasının səviyyəsini göstərir”.

 

İ.Vəlizadə Avropa dövlətlərinin öz məqsədlərinə çata bilməyəcəklərini vurğulayıb: “Həmin ölkələrin atdığı bu addım Türkiyənin mövqeyini dəyişməyəcək və Ankaranın xarici siyasətində qeyri-adi gedişata imza atmasına səbəb olmayacaq. Bunu gözləmək əbəsdir. Təəssüf ki, bəzən təcrübəli siyasətçilər də bunu dərk etmirlər”.

 

Türkiyənin cavab tədbirlərinin necə olacağına gəlincə, politoloq qeyd edib: “Türkiyənin adekvat cavabı öz siyasi kursunu davam etdirmək olmalıdır və belə də olacaq. Türkiyə öz qətiyyətini nümayiş etdirməklə ən yaxşı cavabı vermiş olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü