Modern.az

Kadırov müəmması: Başına nə gəlib? - İCMAL

Kadırov müəmması: Başına nə gəlib? - İCMAL

Analitika

18 Sentyabr 2023, 16:18

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla bağlı müəmmalı vəziyyət yaranıb. Bəzi mənbələr onun yoxa çıxdığını, ağır xəstə olduğunu, komaya düşdüyünü, hətta öldüyünü yazır. Bu cür kontrast təşkil edən məzmuna malik müxtəlif informasiyaların yayılmasından sonra məsələ böyüyüb.

 

Modern.az mövzu ilə bağlı xarici mediada, o cümlədən Rusiya mətbuatında və müxtəlif teleqram kanallarında yayılan məlumatları bir araya toplamağa çalışıb.

 

Bazar günü Kadırov teleqram kanalında gəzintiyə çıxması əks olunan video yayımlayıb: “İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”.

 

 

Cümə axşamı axşam saatlarında müxtəlif mənbələr Kadırovun səhhətinin kəskin pisləşməsi barədə məlumat verməyə başlayıb. O cümlədən, bu barədə sentyabrın 14-dən 15-nə keçən gecə müxalifyönümlü çeçen NIYSO teleqram kanalı yazıb. Kanal iddia edirdi ki, guya Kadırov komaya düşüb.

 

Ertəsi gün Ukraynanın “Obozrevatel” nəşri çeçen diasporundakı mənbələrə istinadən yazıb ki, Kadırov bir neçə gündür komadadır. Nəşr yazıb ki, Çeçenistan rəhbəri təyyarə ilə Moskvaya aparılıb, lakin orada ona kömək edə bilməyiblər.

 

Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Kadırovun köhnə xəstəliklərinin aktivləşdiyini və vəziyyətinin ağır olduğunu təsdiqləyib. Kadırovun gəzinti videosunu paylaşmasından sonra müxalifət fəalı Abubakar Yanqulbayev onun ölümü haqqında yazıb.

 

 

"Aqentstvo" nəşri qeyd edib ki, Kadırovun yayımladığı iki videodan birində onun Qroznıdakı iqamətgahına oxşar binanı görmək olar. Kadırovun paylaşdığı videolarda yağış yağır və özü də pencək geyinib. "Yandex.Weather" və "Gismeteo" hava məlumatı xidmətlərinin məlumatına görə, bazar günü Qroznıda həqiqətən də yağış yağıb.

 

Havanın temperaturu təxminən 16 dərəcə olub. Nəşr onu da vurğulayıb ki, Kadırovla çəkiliş vaxtını müəyyən etmək mümkün olan son videolar onun hesablarında və Çeçenistanın dövlət kanalında iki həftədən çoxdur ki, yayılıb.

 

Bu gün yayılan məlumata görə, Kadırov böyrək çatışmazlığından əziyyət çəkir və o, hemodializdən asılıdır.  İddia olunur ki, Kadırova böyrək köçürülüb, lakin yeni böyrək bədənə adaptasiya olunmayıb. Buna görə də təkrar transplantasiya əməliyyatı planlaşdırılır.

 

"Çeçenistan rəhbəri vaxtaşırı özünə gəlir və silahdaşları hakimiyyəti varisləri arasında bölüşdürmək üçün onun yanına gəlirlər", - deyə mənbə qeyd edir.

 

“Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov məlumatı təsdiqləyib. “Kadırov. Tipik ağır böyrək çatışmazlığı. Buna görə tez-tez hemodializ lazımdır. Görünür, Mərkəzi Klinik Xəstəxanada bununla bağlı qalır”, - o bildirib. Venediktov xatırladıb ki, Kadırov iyulun 3-dən rəsmən məzuniyyətdədir.

 

 

Müslüm Xuçiyev Çeçenistan rəhbərinin səlahiyyətlərini icra edən şəxs təyin edilib.

 

Bu gün Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri də Kadırovun səhhəti ilə bağlı sualı cavablandırıb. Peskov bildirib ki, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun xəstələnməsi barədə məlumat yoxdur. O, Kadırovun guya prezident Vladimir Putinlə görüşdüyü barədə xəbərləri də təkzib edib.

 

 

“Kreml çətin ki, onun səhhəti barədə məlumat verə bilsin. Buna görə də deməyə sözümüz yoxdur”, - Peskov jurnalistlərə Kremlin Kadırovun vəziyyətindən nə dərəcədə narahat olması barədə sualına cavab verib. Bundan əlavə, Kreml sözçüsü Kadırovun Putinlə görüşməsi məlumatını da şərh edib.

 

O, Kadırovun görüş üçün bazar günü Moskvaya uçması ilə bağlı xəbərlərə münasibət bildirib: “Onun Putinlə heç bir görüş olmayıb”.

 

 

Bütün bunlarla yanaşı, Kadırovun vəziyyəti barədə müəmma hələ də davam edir. Artıq onunla bağlı yayılan fərqli məlumatlar dünya mediasının səhifələrində də özünü göstərir.

 

Xatırladaq ki, Ramzan Kadırov 1976-cı ildə Çeçenistanda anadan olub. Atası Axmathacı Kadırovun 2004-cü ildə sui-qəsd nəticəsində ölümündən sonra federasiya subyektinə başçılıq edir. Vladimir Putinə yaxınlığı ilə seçilən Kadırov bir müddət Çeçenistanın baş naziri, daha sonra prezidenti postlarını tutub. Rusiya tərkibindəki respublikalarda prezident vəzifəsi ləğv olunduqdan sonra o, başçı ("qlava") kimi fəaliyyətini davam etdirir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi