ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında xüsusi elçi Stiv Uitkoffun “Washington Examiner” nəşrində dərc olunan və Azərbaycanla Ermənistan arasında sülhə həsr edilmiş məqaləsini paylaşıb.
Modern.az xəbər verir ki, Uitkoff bir neçə həftə əvvəl yazdığı məqalədə ABŞ Prezidentinin qlobal münaqişələrdə sülh gündəliyini irəlilətmək məqsədilə xüsusi elçi kimi fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu bildirib.
“Mənim üçün prezidentin sülh missiyaları üzrə xüsusi elçisi kimi onun qlobal münaqişələrdə sülh gündəliyini irəlilətmək şərəf olub. Prezident Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasını prioritetə çevirərək, sələflərinin mümkünsüz hesab etdiyi çərçivədən kənara çıxıb”, - deyə Uitkoff qeyd edib.
O əlavə edib ki, 2025-ci ilin avqustundan sonrakı beş ay ərzində ABŞ Bakı və İrəvanda intensiv görüşlər keçirib. Bunun nəticəsində “Tramp yolu” adlandırılan təşəbbüs ortaya çıxıb.
Uitkoffun sözlərinə görə, bu çərçivədə ABŞ Ermənistanla əməkdaşlıq edərək ölkə ərazisində maneəsiz multimodal marşrutların yaradılması üzərində işləyib. Eyni zamanda, Ermənistanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə qorunub.
“Tramp onilliklər ərzində diplomatları çıxılmaz vəziyyətdə qoyan problemi prosesin icrasına deyil, praktiki nəticələrə diqqət yetirməklə həll etdi. Bu yanaşma özünü doğrultdu”, - deyə xüsusi elçi yazıb.
Onun sözlərinə görə, hazırda TRIPP konsepsiyası yaradıcılıq, güc və qarşılıqlı maraqlar vasitəsilə həlli mümkün olmayan mübahisələrin həlli modeli kimi dünya miqyasında tanınır.
Uitkoff bildirib ki, son bir il ərzində ABŞ Azərbaycan və Ermənistanla razılaşmanın həyata keçirilməsi üzərində işləyib. Bu çərçivədə dəmir yolu infrastrukturunun mühəndislik tədqiqatları, dövlət-özəl əməkdaşlığı və kapital qoyuluşu mexanizmlərindən istifadə olunub.
“Biz TRIPP-in Xəzər dənizi boyunca genişlənəcəyini və bu konsepsiyanın Yaxın Şərqdə də inkişaf etdiriləcəyini proqnozlaşdırırıq”, - deyə Uitkoff yazıb.