Yay aylarında havaların kəskin istiləşməsi ilə elektrik enerjisi istehlakı da əhəmiyyətli dərəcədə artır. Bu artımda əsas paya malik amillərdən biri kondisionerlərdən istifadənin intensivləşməsidir. Xüsusilə son illərdə isti günlərin sayının çoxalması fonunda kondisioner artıq bir çox ailə üçün rahatlıq vasitəsindən zərurətə çevrilib. Bununla yanaşı, artan enerji sərfiyyatı həm ev təsərrüfatlarının aylıq kommunal xərclərində özünü göstərir, həm də ölkənin ümumi enerji sisteminə əlavə yük yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, son aylarda elektrik enerjisi istehlakının normadan çox artması əsasən tələbin yüksəlməsi və havaların qeyri-sabit keçməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, əlavə maliyyə yükü hər ailənin gündəlik həyat tərzindən və enerji istehlakından asılı olaraq dəyişir:
“Son aylarda elektrik enerjisi istehlakının normadan çox artması tələb faktoruna əsasən dəyişib. Başqa sözlə desək, havaların qeyri-sabit keçməsi istehlak həcminin artmasına səbəb olub. Əlavə maliyyə yükü isə vətəndaşların istifadə səviyyəsindən asılı olaraq dəyişir. Gününün böyük hissəsini işdə keçirənlə evdə keçirən şəxslərin enerji istehlakı təbii ki, eyni olmur”.
İqtisadçı qeyd edib ki, artan istehlak bir çox ailənin xərclərinə də təsir göstərib:
“Qeyd etdiyim səbəblərdən istehlakın artması əlavə olaraq ailələrin təxminən 40-50 faizində maliyyə yükünün artmasına səbəb olub. Məsələn, əvvəllər ay ərzində elektrik enerjisinə minimum 5 manat ödənilirdisə, hazırda bu məbləğ minimum 10 manata çatır”.
G.Hüseynovanın sözlərinə görə, enerji istehlakının artması təkcə kondisionerlərlə bağlı deyil:
“Enerji istehlakının artması yalnız kondisionerlərdən istifadə ilə əlaqəli deyil. Yay aylarında paltaryuyan maşınlardan istifadə də artır. Demək olar ki, hər evdə gündə ən azı bir dəfə paltaryuyan maşın işləyir. Bu isə həm elektrik enerjisi, həm də su istehlakını artırır”.
İqtisadçı həmçinin vurğulayıb ki, artan xərclər bütün gəlir qruplarına təsir etsə də, bunun səviyyəsi fərqlənir:
“Maliyyə yükünün daha çox hansı gəlir qruplarında hiss olunmasına gəlincə, bu, bütün gəlir qruplarına təsir göstərir. Əgər şəxsin gəliri artmırsa və ya alternativ gəlir mənbəyi yoxdursa, artan istehlak onun üçün hər zaman əlavə maliyyə yükü deməkdir”.
Onun fikrincə, minimum əməkhaqqı alan ailələrin vəziyyəti ilə bağlı formalaşan təsəvvür hər zaman reallığı əks etdirmir:
“Düşünmək olar ki, minimum əməkhaqqı ilə çalışan şəxslərin xərcləri daha çox artır və bu, ailə büdcəsinə daha ciddi təsir göstərir. Lakin real həyatda vəziyyət bir qədər fərqlidir. Dar gəlirli ailələr adətən enerji istehlakını büdcələrinə uyğun tənzimləyirlər və imkanları daxilində istifadə etməyə çalışırlar”.