Modern.az

AQTA maarifləndirir: Soyuq qida zənciri

AQTA maarifləndirir: Soyuq qida zənciri

Mədəni̇yyət

30 Noyabr 2018, 11:10

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Soyuq qida zənciri” adlanır.


Ət, süd, balıq və donmuş qida kimi həssas məhsulların hansı temperaturda qorunması qida təhlükəsizliyi baxımından çox vacibdir. Temperatur dəyişiklikləri zərərli mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bu isə məhsulların fiziki, kimyəvi və əmtəə görünüşünə mənfi təsir göstərir. Odur ki, zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və qidaların təzə qalması üçün soyuq zəncir  istehsaldan istehlaka kimi bütün mərhələlərdə qırılmamalıdır.


Qida təhlükəsizliyi qaydalarına görə, soyuq yerdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq daşınma, saxlanma və satış kimi istehlaka qədərki bütün pillələrdə tətbiqi məcburi olan prosesə soyuq zəncir deyilir. Burada məqsəd qidanın istehlakçı üçün risk təşkil etməməsidir.


Soyuq zəncirin qorunması üçün istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər. Məsələn temperaturun təsirindən patogen bakteriyaların sürətlə  çoxaldığı ət, toyuq və balıq kimi təzə və donmuş qida məhsullarının alış-verişi ən sona saxlanmalı, həmin məhsulların  soyuq olmadığı hiss edilərsə alınmamalıdır. Eyni zamanda, soyuducuların temperatur göstəriciləri nəzarətdə saxlanmalı, temperatur qoruyucu çantalardan və ya termal torbalardan istifadə edilməlidir.   Qidalanarkən lazımi qədər yemək götürdükdən sonra, qalan qidanı dərhal soyuducuya qoymaq tövsiyə olunur.


Tez xarab olan qidalar əsasən dondurularaq saxlanılmalıdır. Bu üsulla qida məhsullarının təbii dadı, rəngi və qida dəyəri qorunur.  Həmçinin, məhsulların tərkibində olan fermentlərin və müxtəlif kimyəvi reaksiyaların fəaliyyəti zəifləyir, mikrobioloji proseslər tamamilə dayanır. Dondurulmuş qida məhsulları -18℃ - də buzluqda, istifadə müddəti bitənə qədər saxlanıla bilər. Donu açılmış qida məhsulları soyuq zəncirin qırılmaması məqsədilə təkrar dondurulmamalıdır.


İstehlakçılar qida məhsulları alarkən məhsulun etiket məlumatlarında qeyd olunan  temperatur göstəricisi ilə saxlama şəraitini müqayisə etməli,  əgər malın üzərində yazılan saxlama temperaturu ilə real şərait uyğun deyilsə, həmin məhsuldan imtina etməlidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı