Modern.az

Zelenski əlini Avakov “brilliantları” ilə bağlatsa, vay azərbaycanlıların halına...

Zelenski əlini Avakov “brilliantları” ilə bağlatsa, vay azərbaycanlıların halına...

17 May 2019, 08:45

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Ukrayna prezidentinin aktyor olmasına baxmayaraq, erməni "aktyorla" öz "səhnəsini" bölüşərkən ehtiyatlı olmalıdır...  

Ukraynada keçirilən prezident seçkisində yəhudi əsilli oliqarx İqor Kolomoyskinin dəstəyi ilə Vladimir Zelenskinin ölkə rəhbəri seçilməsi bu ölkədə yaşayan azərbaycanlılar üçün ilk baxışda sevindirici olsa da, sonraki hadisələrin gedişi heç də ürək açan olmadı. Əlbəttə, buna səbəb ixtisasca hüquqşünas olan, amma daha çox aktyor kimi tanınan Zelenskinin özü deyil. Məhz, onun idarə edəcəyi ölkədə keçmiş prezidentin komandasından qalan daxili işlər naziri, Bakıda doğulmuş erməni əsilli Arsen Avakovun əsl "aktyorluğudur". 

 

Bir müddət əvvəl medida İqor Kolomoyskinin seçkilər zamanı Zelenskinin qələbəsini, onun və daxili işlər naziri Avakovun "ümumi qələbəsi" olduğunu deməsi, sözsüz ki, bu ölkədə yaşayan azərbaycanlıları sevindirə bilməzdi.

 

Buna səbəb heç də Avakovun əsl milli xarakterini  nümayiş etdirərək,  Poroşenkonun üzünə gülüb, arxasınca iş çevirməsi deyil. Əsas səbəb ötən illər ərzində "yan"ını "ov"a verib bu ölkədə yaşayan azərbaycanlılara qarşı sözün əsl mənasında qənim kəsilən Avakyanın çoxlu sayda azərbaycanlı iş adamını mütəmadi olaraq qətlə yetirilməsinə, həmçinin, itkin düşməsinə əlverişli şərait yaratmasıdır.

 

Baxın, Avakov barəsində mediada xeyli sayda yazılmış müxtəlif başlıqlı yazıları oxuyub nəzərdən keçirəndə bəlli olur ki, Ermənistan-Azərbaycan münaqişəsi bu gün sanki Ukraynaya transfer olub. Bu ölkədə nazir statusundan eninə-uzununa yararlanan Avakov və onun dəstəyi, eyni zamanda DİN-də yuva salmış xüsusi qrupları azərbaycanlılara qarşı açıq terror siyasəti həyata keçirirlər. Bu barədə Azərbaycan Diasporunun rəhbərliyi və fəalları əllərindəki sənədlər əsasında dəfələrlə rəsmi açıqlamalar da veriblər. Ölkədə iş adamı kimi fəaliyyət göstərənlər bildiriblər ki, Ukrayna polisi Avakovun əmri ilə onları həbs etdirir, sonra külli miqdarda rüşvətin qarşılığında azad edirlər. Rüşvət verməkdən imtina edənlərə qarşı isə sui-qəsdlər təşkil olunur.

 

Paytaxt Kiyevdə iş adamı kimi tanınan Sakit Hacıyev, Elvar İsgəndərov, Vitali Şirinov və digər azərbaycanlılar olmazın müsibətlərlə üz-üzə qalıblar. Avakovun xüsusi qrupu tərəfindən qaçırılan, oğurlanan azərbaycanlı iş adamlarına işgəncələr tətbiq olunub. Hələ 2014-cü ilin mayında "Ukrayna Azərbaycanlıları Konqresi"nin və "Ukrayna Millətlər Məclisi"nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında, məhz "Avakov mafiyası"nın olması artıq heç kimsə sirr deyil. İndiyədək mediada yayılan xəbərlərin ötəri statistikası göstərir ki, təkcə son iki -2014-2016-cl illərdə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud övladları oğurlanıb, sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədə açıq şəkildə öldürülüb.

 

Ukraynada yaşayan və adının çəkilməsini istəməyən azərbaycanlı iş adamlarından biri belə deyir: "Avakov gələnə qədər Ukraynada bu problemlərlə üzləşmirdik. Əksinə, Ukrayna azərbaycanlı biznesmenlər üçün işləmək baxımından ideal məkanlardan sayılırdı. Ancaq Avakovun daxili İşlər naziri təyin olunmasından sonra biz, faktiki olaraq dövlət terroru ilə üzləşmişik! Azərbaycanlı iş adamlarının öldürülməsi, oğurlanması, işgəncələrə məruz qalması, döyülərək əmlaklarının ələ keçirilməsi faktlarının hamısının arxasında Ukrayna polisinin əli vardır. Polisin içərisində "Avakovun dəstəsi" adlı xüsusi bir qrup yaradılıb. Bu qrupun işi sırf azərbaycanlı biznesmenləri izləmək, onların fəaliyyətləri, əmlakları, sərvətləri, eləcə də ailə üzvləri barədə məlumatlar toplamaq və Avakovun özünə təqdim etməkdir. Avakov Ukrayna daxili işlər naziri təyin edildikdən sonra bu ölkənin polisində bir neçə önəmli vəzifəyə, o cümlədən paytaxt Kiyev və vilayət polis idarəsinin rəisi vəzifəsinə məhz erməni əsilli şəxslər təyin edilib, paralel olaraq da erməni diasporunun və kriminal aləmdəki "erməni mafiyası"nın Ukraynada fəaliyyətinə yaşıl işıq yandırılıb”.

 

Baxın, son illərdə Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan  Rövşən Şirinov, İlqar Abdullayev, İlqar Aşurov, Abdulla Abdullayev, Süleyman Əhmədəliyev, Xanbaba Salayev, Sübahir Həsənov, Məcid Mixiyev və bir çoxları, ümumilikdə sayı artıq 30-u ötmüş Ukraynada öldürülən azərbaycanlı iş adamları məhz Arsen Avakovun "nazirliyi" dövründə qətlə yetirilib.

 


Əlbəttə, Azərbaycanlılara qarşı baş verən bu olayların qarşısını almaq üçün Ukraynada yaşayan azərbaycanlılar tərəfindən Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası da keçirilib. Avakov dövründə azərbaycanlılara qarşı cinayətlərin artmasına, adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlərin görülməməsinə etirazlar bildirilib. Keçirilən aksiyanın qətnaməsi qəbul olunub və bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından sonra çoxlu sayda azərbaycanlı iş adamları və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, lakin bu cinayətlərin üstünün aşılması təmin edilməyib. Bundan əlavə, Ukraynadakı Azərbaycan diasporu keçmiş ölkə prezidentinə və DİN-ə 30-dan çox müraciət etsə də, təəssüf ki, heç bir nəticə olmayıb.

 

Doğrudur, Ukraynada bu qədər azərbaycanlı iş adamının güllələnməsi, itkin düşməsi, oğurlanması ilə bağlı ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukraynanın Baş Prokuroru Yuri Lutsenkoya müraciət edib və  bu hadisələrin Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurduğu bildirilib. Azərbaycan prokurorunun Ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, amma bir çox cinayətlərin üstü hələ də qapalı olaraq qalmaqdadır.


Əslində Ukraynada yaşayan azərbaycanlıların hansısa dövlətin daxili işlərinə qarışmaq niyyəti yoxdur. Sadəcə, onlar yeni seçilmiş Ukrayna prezidentinin aktyor olmasına baxmayaraq, erməni "aktyorla" öz səhnəsini bölüşərkən ehtiyatlı olmasını istərdi. Çünki bir müddət əvvəl Poroşenkonun "gözünü" öz varidatı ilə bağlayaraq  onun "teatrında" altdan-altdan "kino" çıxaran Avakov üçün "Kardaşyanlıq" millilik baxımından tamamilə xarakterik hesab olunur və buna görə o milləti dünyada artıq heç bir xalq qınamır. Məhz bu üzdən də Ukrayna azərbaycanlıları çox istərdi ki, Zelenski özünü "yerə" yıxaraq əlini Avakov "brilliantları" ilə bağlatmasın və Ukrayna ilə Azərbaycan dövləti, həmçinin xalqları arasında bütün sahələr üzrə əməkdaşlıq əvvəlki dövrlərdən fərqli olaraq daha da yaxşı inkişaf etdirilsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır