Modern.az

Polşanın Azərbaycana maraq göstərməsinin səbəbləri...

 Polşanın Azərbaycana maraq göstərməsinin səbəbləri...

1 İyun 2019, 14:37

Milli Məclisin Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, politoloq Rasim Musabəyov Polşa Respublikasının Prezidenti Andjey Dudanın Bakıya səfərini şərh edib.

 

Deputat Modern.az-a bildirib ki, Azərbaycan Polşa üçün maraqlı ölkədir.  

 

“Polşa təkcə Azərbaycana yox, ümumiyyətlə Qafqaza digər Avropa ölkələrindən özünü daha yaxın hiss edir. Bu istək onunla bağlıdır ki, tarixən Rusiya imperiyası olan dövrdə imperiyaya qarşı çıxış edən polyakları kütləvi şəkildə Qafqaza sürgün ediblər. Vaxtilə Bakıda 15-20 min polyak yaşayırdı. Azərbaycanda onların bir çox mühəndisləri, arxitekturları çalışıblar”-deyə R.Musabəyov qeyd edib.

O söyləyib ki, XX əsrin tarixi ilə maraqlananlar, bir çoxları onların Azərbaycanla bağlılığını, yaxınlığını hiss etmiş olurlar.

“Düşünürəm ki, bu tarixi ənənə, indiki vəziyyət Polşa prezidentinin Azərbaycana qarşı  diqqətdə özünü büruzə verir. 

 

Təbii ki, bununla yanaşı ayrı məsələlər də var. Burada ilk növbədə iqtisadiyyatdır. Bölgədə ən böyük iqtisadiyyata malik olan ölkə Azərbaycandır.

 

Nəzərə alaq ki, Azərbaycandan fərqli olaraq Polşanın özünün nə nefti, nə də qazı var. Müəyyən mənada Rusiyadan      asılıdır. Bu baxımdan Azərbaycan Polşanı özünə cəlb edir”.

 

Politoloq onu da qeyd edib ki, hər iki dövlət arasında münasibətlərdə müəyyən perspektivlər var. “Bu perspektivləri reallaşdırmaq üçün dövlət rəhbərləri, nazirlər qarşılıqlı səfərlər edirlər”

 

Qeyd edək ki, mayın 31-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.

 

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Polşa Respublikasının bitkilərin sağlamlığı və toxumçuluq üzrə təftiş müfəttişi Andjey Xodkovski imzalayıblar.

 

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı naziri Kriştof Ardanovski imzalayıblar.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzalayıblar.

 

Jalə MEHDİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır