Modern.az

Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR

Məmur kreslosundan elm və təhsilə transfer edən EKS-NAZİRLƏR

Reportaj

26 İyun 2019, 11:52

Ölkə baçısının mərkəzi icra hakimiyyəti orqanlarına – nazirlik, dövlət komitələrinə rəhbərlik edən məmurlarla bağlı etdiyi dəyişikliklər son günlərin ən çox müzakirə olunan mövzularındandır. Hakimiyyətin ayrı-airı qollarında təmsil olunan şəxslərin bildirdiyinə görə, önümüzdəki günlərdə yeni kadr dəyişiklikləri baş verəcək.

Onlardan bəziləri işdə buraxdıqları nöqsanlara görə tutduqları vəzifələrindən uzaqlaşdırılıblar. Bəziləri yaşları ilə əlaqdar və digər səbəblərdən vəzifədən azad ediliblər.

Tutduqları yüksək postlardan azad edilən ekslərin bəziləri hazırda elm və təhsil sahəsində çalışırlar...

Modern.az saytı məmur kreslosundan elm və təhsilə transfer edən eks-nazir və sabiq komitə sədrlərinin kimliyini araşdırmağa çalışıb.

Qərib Məmmədov 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. Komitə ləğv olunandan bir müddət sonra – 2016-cı ildən AMEA-nın aqrar məsələlər üzrə müşaviri vəzifəsini tutur.
Akademik Q.Məmmədov eyni zamanda, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Torpaqşünaslıq kafedrasının müdiri işləyir.


1999-cu ilin iyulundan 2006-cı ilin aprelinə kimi maliyyə naziri işləmiş Əvəz Ələkbərov da hazırda kafedra müdiridir. İqtisad elmləri doktoru, professor Ə.Ələkbərov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri vəzifəsində çalışır.

2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri, 22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışmış Heydər Əsədov isə hazırda rektor postunu tutur.

Ölkə Prezidentnin 2019-cu il 3 aprel tarixli sərəncamı ilə H.Əsədov  Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunub.

1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olmuş fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov  da hasırda işsiz deyil. O, 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.

2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun sədri, 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləmiş Səlim Müslümov 2018-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasına müəllim vəzifəsinə işə götürülmüşdü. Bu yaxınlarda isə onu həmin kafedranın müdiri təyin ediblər. Eks-nazir iqtisad elmləri doktoru, professordur.

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da fəaliyyətini elm sahəsində davam etdirir. Əli Abbasov 2017-ci ilin mayında Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri təyin olunub.  Ə.Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırılmışdı.

2001-ci ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri olmuş Hüseyn Bağırov hazırda Qərbi Kaspi Universitetində çalışır.



A.Qorxmaz 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub