Modern.az

7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ

7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ

20 İyul 2019, 10:52

Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti ilə birgə jurnalistlərlə bərabər Modern.az-ın əməkdaşı olaraq Şəkiyə yola düşdüm. “Şəhərdən Kəndə” layihəsi çərçivəsində Şəkinin ən gözəl məkanlarından birinə, “Bio Garden”dakı gəzintimiz yaddaşımdan yəqin ki, heç vaxt silinməyəcək.

 

Torpaqdan xeyir  götürmək var, bir də torpağa xeyir vermək var . Birincisi odur ki, qazanc əldə etmək üçün torpağını əkib-becərəsən, ikincisi isə vətəninə, millətinə həmin torpaqdan xeyir verəsən. Şəkidə yaşayan Etibar dayı da həmin incilərdəndir.

 

Ömrünün ahıl yaşında işləməkdən əl çəkməyən Etibar Nuriyev 7 hektardan çox torpağa sahibdir.  İllərdir ki, yorulmadan bu torpaqlarda işləyən  zəhmətkeş həmin ərazidə  iki övladı və xanımı ilə birgə yaşayır. Demək olar ki, bağın hər küncündə yeni nələrsə kəşf etmək mümkündür. 50-dən çox meyvə-tərəvəz əkib becərən Etibar dayı bu çeşidlərin çoxunu başqa ölkələrədən gətirdiyini deyir. 

 

Onun sözlərinə görə, bağda elə təkcə üzümün 20-dən çox növü var. Ərazi  MDB məkanında bu qədər çeşiddə meyvə-tərəvəz olan ilk və tək məkandır.  

 

“Bio Garden” adlı bağda  meyvə-tərəvəzlə  yanaşı həm də müxtəlif növ heyvanlar yaşayır. İt, qartal , balıq hətta qu quşu da var. Etibar Nuriyev deyir ki, bağbanların heç biri heyvanlara nəzarət etmir, onlara başqa insanlar nəzarət edir.  Ərazidə, fəsildən asılı olaraq bəzən Etibar dayı ilə bərabər bağda  20  ya da 40-a yaxın bağban işləyir. Hərəsinin də öz işi olur. Kimisi fındıq ağaclarına baxır, kimisi üzümlərə, kimisi də sitrus meyvələrinə. Sitrus meyvəsi demişkən, ilin bu fəslində bağda kivi ilə qarşılaşmağım açığı məni çox təəccübləndirdi.

 

Biz ora qonaq gedəndə düşündüm ki, şəxsi mülkdür sadəcə evlərinə qonaq getmişik. Lakin düşüncəm məni yanıltdı. 

Düzdür biz qonaq idik, lakin bağda xeyli sayda turistlə rastlaşmağımız məni çox təəccübləndirdi. Sən demə bura turistlər də böyük maraq göstərirmiş. Ərazinin hər qarışını maraqla gəzən əcnəbilər bura heyran olduqlarını bildirməkdən də çəkinmədilər. Bağa giriş pullu olsa da, Etibar bəy vətənpərvərliyini göstərərək turistlər üçün məbləği  öz ölkəsinin vətəndaşları üçün nəzərdə tutulandan daha çox edib. 5 manat azərbaycanlı  ödəyir 8 manat da turist. Turistlərlə Etibar dayının qızı danışır. Elə ev şəraitində internet vasitəsi ilə ingilis, ərəb dillərini mükəmməl səviyyədə öyrənib. Oğlu da qonaqlara bağı tanıtmaqda yardımçı olur.

 

“Nə qədər meyvə yeyə bilirsənsə ye, halal xoşundur”-deyir zəhmətkeş bağban.

 

“Meyvə-tərəvəzi xalq üçün əkmişəm. Buraya gəlib nə qədər istəsələr yeyə bilərlər. Lakin satışı ilə də məşğulam. Elə özləri hansı meyvədən istəyirsə yığıb pulla alıb evə də apara bilərlər. Ya da işçilərə desinlər onlar yığıb versinlər meyvəni. Bazara da çıxardırıq meyvə-tərəvəz. Lakin qiyməti digər meyvələrdən 50 qəpik, bir manat daha baha olur. Çünki biz təbii üsullarla yetişdiririk  onları - gübrəsiz, qatqısız”.

 

O sonra əlavə edir:

 

“Hər gün bağı gəzirəm, bütün bitkilərlə salamlaşıb söhbət edirəm.Yox dəli deyiləm, normal insanam (gülür). Sadəcə düşünürəm ki, onların da canı var onlar da nəfəs alır. Ən əsası da bu millətə, insanlara nə qədər xeyir verirlər. Onların  hər birinə nəvazişlə yanaşmaq, qayğısına qalmaq lazımdır.  

 

Bura əvvəllər bataqlıq kimi bir ərazi idi. Çoxu dedi ki, niyə əkib-becərirsən? “Mənasızdır bu torpağı becərmək” dedilər. Lakin yenə də istəyimdən əl çəkmədim, inandım və işimi sevə-sevə etdim. Nəticəni  görürsünüz də (fəxrlə bağa baxdı)”.

 

E.Nuriyev gələcəkdə daha çox çeşid meyvə-tərəvəz becərməyi düşünür.

 

“Gün ərzində bir limit qoyacağıq. Turist sayı 100-ə çatan kimi qapılar bağlanacaq. Həm meyvə tükənər, həm də insanlar rahat olmaz. Mən istəyirəm ki, hamı gəlib buradan zövq ala bilsin, istirahət etsin. Düşünmürəm ki, gələcəkdə burada turistlərin qalması üçün otel tikdirim. Axı  bağda öz evim var, həm də böyük məsuliyyətdir, edə bilmərəm. Gəlsinlər doyunca gəzsinlər sonra  da, hərə öz evinə”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi