Modern.az

“10 il ərzində daha nələr edə bilərdik?!” - Deputatların Modern.az-a təbrik və təklifləri...

“10 il ərzində daha nələr edə bilərdik?!” - Deputatların Modern.az-a təbrik və təklifləri...

1 Sentyabr 2019, 11:58

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 10 ili tamam olur. 

Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Modern.az-ın 10 illik yubileyi ilə bağlı təbriklərini, ürək sözlərini, bildirənlər arasında Milli Məclisin deputatları da var.

Modern.az-ın “10 il ərzində daha nələr edə bilərdik?!” sorğusuna Milli Məclisin bəzi deputatları təklif və iradlarını bildirməklə cavab veriblər.

Həmin deputatların yubiley töhfələrini təqdim edirik:


Çingiz Qənizadə:



“Əvvəla, Modern.az-ı 10 illik fəaliyyəti münasibətilə təbrik edirəm. Modern.az saytının rəhbəri Elşad Eyvazlı həm də Parlament Jurnalistlər Birliyinin  (PJB) rəhbəridir. Bütün məsuliyyəti öz üzərimə götürərək deyə bilərəm ki, Elşad Eyvazlı parlamentdə hamı tərəfindən ədalətli və obyektiv, saflığına və təmizliyinə görə sevilən və hörmət edilən redaktor, mətbuat işçisidir.

Qeyd etmək istəyirəm ki, Modern.az saytı bu gün Azərbaycanda 3-5 oxunaqlı saytlardan biridir. Kimliyindən asılı olmayaraq, içi mən qarışıq, bir neçə sayta baxıramsa, onların içərisində mütləq Modern.az var. Bu artıq cəmiyyət tərəfindən tanınma və inam deməkdir. Bu sayta inam olmasaydı, ağı-qara, qaranı-ağ yazsaydı, təbii ki, heç kim  onu oxumazdı.

Hesab edirəm ki, Modern.az 10 ildə ayaq tutub yeriyə bilmək yox, həm də böyük hörmət və nüfuz qazana bilib. Bu onun obyektiv, ədalətli və təmiz mövqeyinə görədir. Bu, həm də bütün kollektivin zəhmətidir.

Birbaşa suala cavab verə bilərəm ki,  10 ildə Modern.az edə biləcəklərinin hamısını edib. Bunlar nədir: Ən əsası şou xatirinə hansısa informasiyaya Modern.az-da rast gəlmək mümkün deyil. Ona görə də insanlar Modern.azda  ciddi və dəqiq xəbərləri oxuduğu kimi həm də ruhən dincəlir. Hər birinizə bir oxucu kimi təşəkkür edirəm!”.
 

Adil Əliyev:



“Modern.az hamımıza doğma saytdır. Ən maraqlı yazıları, qalmaqallardan uzaq informasiyaları Modern.az-da oxuyuruq. Başda Elşad Eyvazlı olmaqla, bütün kollektivi ürəkdən təbrik edirəm. “Sükanı belə saxlayın” deyirəm.

“10 il ərzində daha nələr edə bilərdik” sualına gəlincə, yola saldığınız 10 rəqəmi sizə nə kiçik, nə də böyük görünsün. Heç nə gec deyil. Qarşıda daha gözəl illər var. Yenə də yüksək templə, ictimai-siyasi, mədəni həyatda mövcud olmuş və olacaq hadisələri silsilə yazılar formasında oxuculara təqdim etməyə çalışın.

Bir töhfə kimi, sizə ölkəmizlə bağlı, eyni zamanda dünya çaplı görüşlərin, tədbirlərin, hadisələrin barəsində araşdırma-analitik, köşə yazılarının hazırlanmasını və oxuculara təqdim edilməsini tövsiyə edirəm.

İnformasiyanın təqdim edilməsindən çox şey asılıdır. Unutmayın ki, oxucunun zövqünün də necə formalaşdırılması sizdən asılıdır. Uğurlar, əziz Modern.azçılar!”.


Musa Quliyev:


“Modern.az saytı yarandığı gündən öz yolu, öz dəsti- xətti, öz xarakteri olan bir sayt kimi elektron KİV-lər arasında layiqli yerini tutub. Saytın adı “Modern” olsa da, öz sanbalı və ədəb- ərkanı ilə daha çox klassik mətbuatımızın dəyərlərini özündə daha çox əks etdirir. Mən Modern az. saytını həm də saytın yaradıcısı və rəhbəri, jurnalistikamızda xüsusi yeri olan dostumuz Elşad Eyvazlıya oxşadıram. Çevik, operativ, kreativ, eyni zamanda milli əxlaqımızdan doğan barışdırıcı, ədalətli və xeyirxah mövqe sahibi! On ildə bu sayt elektron KİV- lərimizə bir nümunə olub, ucuz reytinq dalınca heç vaxt qaçmayıb, dedi-qodudan uzaq olub. Şahanəliyini həmişə qoruyub saxlayıb, ac ya tox olduğunu heç kəsə eyhamla da olsa bildirməyib.
Milli Məclislə sıx və məhsuldar işgüzar münasibət qura bilib. 
Hər bir millət vəkili Modern.az saytına bizim sayt deyirsə, bu uğuru bu qiyməti siz qazanmısınız, əziz modernçilər! 
10 ildə nə edə bilməmişik?,- soruşursunuz. Məncə gərəkən nə varsa etmisiniz. Bir də hələ nə yaşınız var ki?! Qarşıda o qədər onilliklər sizi gözləyirkən, nə edə bilmədik deyib, təəssüf etməyə gərək yox! Sizi ürəkdən təbrik edirəm! Mehriban kollektivinizə yeni- yeni uğurlar arzulayıram!”.


Əflatun Amaşov:


"Bu gün Azərbaycanın internet media məkanının birincilərindən olan Modern.az saytının 10 yaşı tamam olur. Saytın başda Elşad Eyvazlı olmaqla kollektivini təbrik edirəm.

Modern.az ictimai rəyə ağırlığını qoya bilmiş media orqanıdır. İnternet üzərindən yayımlanan kütləvi informasiya vasitələrinin bol olduğu hazırkı şəraitdə bunu bacarmaq sıradan məsələ deyil.

10 yaşlı sayt jurnalist peşəkarlığının həm müasir, həm də ənənəvi formalarının internet media üçün aktual olduğunu sübuta yetirmiş kütləvi informasiya vasitəsidir. Buna görə nümunədir və bu səbəbdəndir ki, onun oxucu auditoriyası istər genişliyi, istərsə də intellektual potensialı ilə seçilməkdədir.

Əməksevər insanların, öz işinin peşəkarlarının toplaşdığı Modern.az gənclərlə yanaşı, orta və yaşlı nəslin nümayəndələri üçün də cəlbedicidir. Mövzu seçimindəki rəngarənglik, yanaşma tərzindəki məxsusilik sayta populyarlıq qazandırıb. Ötən 10 ilin uğurunu şərtləndirən cəhət də budur. İnanıram ki, qarşıdakı müddətdə də Modern.az tutduğu dəst-xəttə, jurnalistika prinsiplərinə sadiqliyi ilə seçilərək daha da populyarlaşacaqdır.

Bir daha Modern.az saytının kollektivini ürəkdən təbrik edir, bu kollektivin hər bir üzvünə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram.

Xoş gününüz mübarək, əziz Modern.az-çılar. 10 yaşınız 100 olsun!"


Tahir Mirkişili:


“Modern.az Xəbər Agentliyi bu 10 il ərzində inkişaf edərək dəqiq və qərəzsiz, çevik və əhatəli informasiya mənbəyi kimi oxucuların rəğbətini qazana bilib. Operativ və doğru informasiya yaymağı, məsuliyyətli və milli maraqlara xidmət etməsi mənim də agentliyə rəğbətimi hər zaman artırıb. Keçən 10 ildə dünya və təbii ki, Azərbaycan da xeyli dəyişib, inkişaf edib. Yeni gənc nəsil yetişib. Onların tələbləri fərqlidi və daha çox texnolojidir. Çünki yeni nəsil dünya texnoloji nəhənglərin təsirinə daha çox məruz qalmaqdadırlar.

Düşünürəm ki, növbəti illərdə bir xəbər agentliyi kimi Modern.az da bu trendi nəzərə almalı və daim texnoloji yeniliklərdən istifadə edərək, informasiya yaymağa çalışmalıdır. Tək yazı deyil, qısa video xəbərlərdən istifadə etmək, rəqəmsal marketinq metodlarını daha çox tətbiq etmək, sosial şəbəkələrdə daha aktiv olmaq - hesab edirəm ki, bu yeniliklər Modern.az agentliyini daha da inkişaf etdirərək gücləndirəcəkdir.
Fürsətdən istifadə edib agentlik kollektivini yubiley münasibətilə təbrik edir və onlara bu yaradıcı və məsuliyyətli missiyalarında uğurlar arzu edirəm!
İnformasiyanın təqdim edilməsindən çox şey asılıdır. Unutmayın ki, oxucunun zövqünün də necə formalaşdırılması sizdən asılıdır”.


Hikmət Babaoğlu:



“Sizi fəaliyyətə başlamağınızın 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!
10 il yubiley yaşı olmaqla bərabər, həm də bir media orqanı üçün öz auditoriyasına hesabat vermək, keçilən yolu saf-çürük edib, gələcəyə doğru daha inamla addımlar atmaq baxımından zəngin bir təcrübədir. Şübhəsiz ki, Modern.az saytı bu gün kifayət qədər rəngarəng olan milli media sferasında, çoxsaylı informasiya resursları sırasında öz yeri və dəst-xətti olan xəbər portallarındandır. Azərbaycanın ilk xəbər saytlarından biri olaraq fəaliyyətə başladığı gündən Modern.az saytı Azərbaycan jurnalistikasının klassik ənənələrinə sadiq qalmaqla geniş oxucu kütləsinin sərbəst ifadə tribunasına çevrilməyi bacarıb. Bu sayt fəaliyyəti dövründə ölkəmizdə söz və mətbuat azadlığının, fikir plüralizminin inkişafına özünəməxsus töhfə verib. Vətənpərvər ziyalıların, cəmiyyətin bütün təbəqələrindən olan sosial qrupların dialoq platformasına çevrilən Modern.az saytı ən müxtəlif problemlərin, milli və dövlətçilik maraqları baxımından ümdə məsələlərin aktuallaşdırılaraq ictimai müzakirələrə çıxarılmasında, onların həlli yollarının axtarılıb tapılmasında, cəmiyyətin düzgün, tərəfsiz informasiya ilə təmin edilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarıb. Bu sayt hər zaman öz obyektivliyi, hadisələri qərəzsiz işıqlandırması, tərəfsiz informasiyanın yayılması və jurnalistikanın etik prinsiplərinə və davranış qaydalarına sadiqliyi ilə də auditoriyanın və media ictimaiyyətinin rəğbətini qazanıb.

Modern.az saytı ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi ola bilib. 
Bir daha saytın bütün kollektivini yubiley münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram!”.

Sona Əliyeva:


“Modern.az saytının kollektivini başda Elşad Eyvazlı olmaqla təbrik edirəm. Dəqiq, qərəzsiz və peşəkar fəaliyyətinizdə uğurlar arzulayıram!”.

Fazil Mustafa:


“Milli Məclisin fəaliyyətinin işıqlandırılması, ayrı-ayrı millət vəkillərinin düşüncə və dünyagörüşünün cəmiyyətə çatdırılmasında, yanlışların müzakirəyə çıxarılmasında hər zaman yenilikçi ruhunu qoruyan Modern.az saytının özəl bir rolu var. Bu saytın əməkdaşlarının informasyYanı keyfiyyətli tərtib edərək paylaşma peşəkarlığı təqdirəlayiqdir. Tanınmış ictimai-siyasi xadimlərin fotosessiyasından tutmuş, aktual problemlərə həsr olunan diskussiya, müsahibə və mövqelərinin təqdimatı bu saytda həmişə uğurlu alınır. "Daha nələr edə bilərdik?" sorğusu birbaşa dəyərli Elşad Eyvazlı başda olmaqla saytın bütün yaradıcı əməkdaşlarının potensialından umacaqla bağlıdır.

Fikrimcə, bu gün Azərbaycan cəmiyyətində mütaliə vərdişinə təşviqləndirici materiallar vermək daha vacibdir. İnformasiya almaq, hələ bilgi qazanmaq deyil. Bilgiləndirməyə xüsusi diqqət ayırılmalıdır. Jurnalistlərin analitik yazılarını daha intensiv vermək faydalı olardı. Digər tərəfdən sosial şəbəkədə, özəlliklə də Facebook-da tanınan-tanınmayan şəxslərin maraqlı və düşündürücü statuslarını müzakirəyə çıxartmaq olar. Bütün bunlar yeniləşmə, təkmilləşmə niyyətindən asılı olan məsələlərdir. Əminəm ki, Modern.az saytı 10 illik təcrübəsinin işığında media məkanımızda həmişə liderlər sırasında öz yerini qoruyub saxlayacaqdır. Bu saytın Elşad Eyvazlı başda olmaqla dəyərli jurnalistlərini və əməkdaşlarını yubiley yaşı münasibəti ilə təbrik edirəm”.

Elşad Həsənov:


“Öncə Modern.az xəbər agentliyini fəaliyyətinin 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətində uğurlar arzu edirəm. Ölkədə söz və mətbuat azadlığının təmin edilməsi, KİV-lərin fəaliyyəti üçün münbit zəminin formalaşması Modern.az saytının öz media funksiyasını daha səmərəli şəkildə yerinə yetirməsi üçün geniş imkanlar yaradıb. Modern.az xəbər agentliyi hər zaman peşəkarlıq və obyektivlik prinsiplərinə əməl edib və inanıram ki, agentlik qarşıdakı dövrdə də məsuliyyətli, çətin və şərəfli missiyasının öhdəsindən gələcək.

Fəaliyyət göstərdiyi son 10 il ərzində Modern.az xəbər agentliyi öz dəst-xəttini qazanıb və kütləvi informasiya vasitələri arasında özünəməxsus yerini tutub. Agentliyin ictimai-siyasi hadisələrin işıqlandırılması zamanı daha çox balanslı mövqedən çıxış etməsi ona media aləmində nüfuz və rəğbət qazandırıb. Modern.az müasir jurnalistikanın əsasasını təşkil edən qərəzsizlik, dürüstlük və balanslı xəbər prinsiplərini rəhbər tutub və bu işdə uğur əldə edib. Əslində bu, böyük bir nailiyyətdir və agentlik kollektivinin illərlə davam edən zəhməti hesabına başa gəlib. Modern.az xəbər agentliyinin rəhbərliyinə və əməkdaşlarına bu istiqamətdə dəyərli fəaliyyətlərini davam etdirməyi arzu edirəm.

Bu illər ərzində Modern.az xəbər agentliyi Milli Məclisin fəaliyyətini davamlı və hərtərəfli işıqlandıran media orqanlarından biri olub. Modern.az ali qanunverici orqanın işini ən çox işıqlandıran xəbər agentliklərindən biridir. Milli Məclisin qəbul etdiyi qərarlar,millət vəkillərinin bu və digər hadisəyə dair mövqeyi və sairə məqamlar Modern.az tərəfindən hər zaman işıqlandırılıb.Milli Məclis deputatları sizin agentlik vasitəsilə öz fəaliyyətləri barədə ətraflı məlumatlarla bölüşürlər. Buna görə, agentlik rəhbərliyinə öz minnətdarlığımı ifadə etmək istərdim.

O ki qaldı “daha nələr edə bilərdik” sualına, oxucu kütləsinin maarifləndirilməsinə yönəlmiş yazı və məqalələrin daha çox olmasını arzu edərdim.Bu gün sıravi insanların maarifləndirilməsinə ehtiyac var, xüsusən fərdin hüquqları və dünyada baş verən ən son yeniliklə barədə. Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə xüsusi öhdəlik düşür,ələlxüsus internet medianın üzərinə. Elektron media ən effektik kütləvi maarifləndirmə vasitəsidir. Mən bu işdə sizə uğurlar arzu edirəm!”. 

 

Dilarə Cabrayılova:

"Modern.az xəbər agentliyinin fəaliyyətinin 10 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayıram. Modern.az xəbər agentliyi yarandığı gündən etibarən öz dəst-xətti ilə informasiya vasitələri arasında özünəməxsus yer tutur. Hesab edirəm ki, Modern.az müasir jurnalistikanın əsasını təşkil edən qərəzsizlik, dürüstlük və balanslı xəbər prinsiplərini rəhbər tutub və bu işdə uğurlar əldə edib. İnanıram ki, agentlik qarşıdakı dövrdə də məsuliyyətli, çətin və şərəfli missiyasının öhdəsindən layiqincə gələcək.

 

Modern.az xəbər agentliyi, həmçinin, Milli Məclisin fəaliyyətini hərtərəfli işıqlandıran media orqanlarından biridir. Bu sayt vasitəsilə Milli Məclisin qəbul etdiyi qərarlar, deputatlarımızın müxtəlif məsələlər ətrafında mövqeyi və sairə məqamlar vətəndaşlarımıza düzgün şəkildə çatdırılır. Buna görə də Modern.az xəbər agentliyinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.

Sizə oxucuları daha çox narahat edən, maraqlandıran, maarifləndirilməsinə yönəlmiş yazı və məqalələrin daha çox olmasını arzu edirəm. Bu şərəfli və məsuliyyətli missiyanın yerinə yetirilməsi üçün sizə uğurlar arzu edirəm! Bir daha Modern.az xəbər agentliyinin rəhbərliyini və kollektivini təbrik edirəm!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi