Modern.az

Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb

Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb

16 Oktyabr 2019, 16:09

Avropa Şurası tərəfindən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokol qəbul olunub.

 

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Avropa məkanında cinayətkarların təslim edilməsində səmərəliliyin və operativliyin artırılmasına, ekstradisiya prosedurunun müasir dövrün tələblərinə adaptasiya olunmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına, o cümlədən sənədlərin elektron qaydada göndərilməsinə, tranzit prosedurunun sadələşdirilməsinə xidmət edən Protokolun müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

 

Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində oktyabrın 15-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

 

Mərasimdən sonra ədliyyə nazirinin və Baş katibin görüşü olub.

 

Görüşdə nazir M.Buriçi AŞ-nın 70 illiyinin qeyd olunduğu ildə fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan və Avropa Şurası arasında sıx əməkdaşlıqdan bəhs edib, birgə həyata keçirilən layihələrin səmərəsini vurğulayıb, ölkəmizdə dövlət başçısı İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sistemində islahatların yeni mərhələdə davam etdirildiyini qeyd edib.

 

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı