Modern.az

Ölkədə biznes mühiti: “Kölgə iqtisadiyyatı”na YOX, xarici investorlara “YAŞIL İŞIQ

Ölkədə biznes mühiti: “Kölgə iqtisadiyyatı”na YOX, xarici investorlara “YAŞIL İŞIQ”

17 Fevral 2020, 12:08

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə investisiya siyasətinin həyata keçirilməsi barədə respublikamızda son illər ərzində iqtisadi sahədə yüksək göstəricilər əldə edildiyini bildirib.

 

Dövlət  başçısı deyib ki, Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır:

“Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır, amma bu da çox yüksək nəticədir”.

 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, yeni formalaşdırılan İqtisadiyyat Nazirliyində struktur tam təsdiq edilmədiyindən bu sahədə yeniliklər nəzərə çarpmır:

 

“Çünki İqtisadiyyat naziri Mikayıl Cabbarov kadr siyasətini tam olaraq axıra çatdırmayıb.

Amma Mikayıl Cabbarovu tanıyan biri kimi deyə bilərəm ki, o, Vergilər Nazirliyində işləyəndə vergi sistemində kifayət qədər ciddi islahatlar həyata keçirdi.

Bu gün iqtisadiyyatın inkişafı üçün zəruri olan resursları təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu, iqtisadi fəallığını artırmaq kimi hədəflər əsas prioritetlərdəndir.

Bunun üçün qeyri-neft sektorunun sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi olduqca vacibdir.

Son illər ölkədə aparılan islahatlar nəticəsində xarici investorların ölkəmizə gəlişinin asanlaşdırılması üçün dövlət-özəl sektor tərəfdaşlığı, gömrük orqanlarının biznes subyektləri ilə qarşılıqlı əlaqələri gücləndirilib.

 

Əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı, respublikamızda hökm sürən sabitlik də ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Doğrudur, bəzi neqativlər hələ də qalmaqdadır. Cənab nazir dəfələrlə öz çıxışlarında xüsusi vurğulayıb ki, xarici investorların cəlbi üçün 3 əsas maneədən biri “kölgə iqtisadiyyatı”dır. Ona görə də hazırda əsas diqqət “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsinə yönəldilib”.

 

 

V.Əhmədov qeyd edib ki, xarici investorların Azərbaycana cəlb edilməsi üçün mühüm addımların atılması hədəflənib:

“Mən bildiyim qədərilə burda da iqtisadiyyat nazirinin həyata keçirmək niyyətində olduğu ciddi proqramlar var. O cümlədən, Azərbaycana investisiya yatırımı ilə əlaqədar böyük işlər görüləcək.

Düşünürəm ki, struktur tam başa çatdırıldıqdan, müvafiq kadrlar yerləşdirdikdən sonra o məsələlər müsbət həllini tapacaq”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır