Modern.az

Eldəniz Quliyev: “Vahid Mustafayev rejissordursa, mən də Roma papasının xalası oğluyam” MÜSAHİBƏ

Eldəniz Quliyev: “Vahid Mustafayev rejissordursa, mən də Roma papasının xalası oğluyam” MÜSAHİBƏ

Müsahibə

12 Aprel 2012, 09:23

Azərbaycan ziyalısının ictimai-siyasi proseslərdən təcrid olunması onun cəmiyyətin həyatında iştirakını əhəmiyyətli dərəcədə azaldıb. İndi ziyalının təkcə sözünə deyil, özünə də münsibətdə ironik yanaşma müşahidə olunur. Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış kinorejissor Eldəniz Quliyev Modern.az saytına müsahiəsində bu və digər problemlər barədə danışıb.

- Eldəniz müəllim, nədənsə, ziyalılar haqda danışanda bəzi adamların sifətində ironik ifadə yaranır. Niyə cəmiyyətin bu təbəqəsi barədə söhbət düşəndə bir çoxları ziyalı deyil, ziyanlı sözünü işlətməyə üstünlük verirlər?

- Mən, bəzi adamların ziyalılar haqda bu cür istehzalı danışmasına təəccüb etmirəm. Çünki son 20-30 ildə ziyalılar çox böyük səhvlərə yol veriblər. İndi Azərbaycan ziyalısı cini uçub getmiş çırağa bənzəyir. Bu adamlar onlara Tanrı tərəfindən verilmiş və xalq tərəfindən qəbul olunmuş missiyanı yerinə yetirə bilmədilər. Amma bu fikri bütün ziyalılara şamil etmək insafsızlıq olardı.

- Uzun illərdi bir sual öz aktuallığını qoruyur: əsl ziyalı kimdir? Sizcə, əsl ziyalı hansı kriteriyalara cavab verməlidir?

- Ziyalı yunan sözü olub, mənası hər şeyi bilən deməkdir. Əlbəttə, bu ziyalı sözünün hərfi mənasıdır. Amma hər şeyi bilən adam heç də əsl ziyalı deyil. Əsl ziyalı milli-mənəvi dəyərlərlə yaşayan, əxlaqlı həyat tərzi keçirən şəxsdir. Ziyalı öz xalqının, dövlətinin, torpağının əxlaq və ləyaqət simvolu olmalıdır. Ziyalılığın mahiyyəti alicənablıq və nəciblikdir.

- Ziyalılarla ünvanlanmış əsas ittihamlardan biri də bu təbəqənin cəmiyyətin həyatında passiv iştirak etməsilə bağlıdır. Sizə elə gəlmir ki, Azərbaycan ziyalısı Azərbaycan cəmiyyətindən bir qədər uzaq düşüb?

- Təsssüf ki, bir çox ziyalılar əhalinin sosial-iqtisadi, mədəni problemlərinə biganə qaldıqları üçün cəmiyyətdən tamamilə təcrid olunublar. Ziyalı öz xalqının problemlərinə biganə qalırsa, istər-istəməz ölkədə milli-mənəvi, əxlaqi dəyərlər sistemi aşınmaya uğrayır. Əgər ziyalı bu xalqın ləyaqət simvoludursa, onun ağrısını öz vücudunda hiss etməlidir. Ziyalı seçəkən kimi cəmiyyətin ağrılarını içinə çəkməyi bacarmalıdır. Ziyalı öz missiyasını yerinə yetirə bilmədiyi üçün cəmiyyətlə onun arasında çat yaranır.

- Eldəniz müəllim, siz həm də tanınmış kinorejissorsunuz. Azərbaycan tamaşaçısı uzun illərdən bəri bir suala cavab axtarır: Azərbaycanın kino sənayesi niyə Dağlıq Qarabağ müharibəsini peşəkar səviyyədə ekranlaşdıra bilmir?

- Bilirsiniz, hələ müharibə başa çatmayıb. Biz hələ müharibənin ağrılarını yaşayırıq. Müharibə başa çatandan sonra hən maraqlı ekran əsərləri, həm də müharibədən bəhs edən gözəl şeirlər, roman və povestlə yazılacaq.

- Amma Səməd Vurğun “Əsgər anası” şeirini İkinci Dünya Müharibəsi illərində yazmışdı...

- Ayrı-ayrı şeirlər, hekayələr yazıla bilər. Hansı ki, indi də bu cür əsərlər yazılır. Amma fundamental əsər yazmaq üçün hadisələri təhlil etməyə, süzgəcdən keçirməyə ehtiyac var. Biz əvvəlcə prosesi tam dərk etməli, sonra isə onu qiymətləndirməliyik. Məsələn, Bandarçukun məşhur “İnsan taleyi” filmi müharibədən 30 il sonra çəkilib. Azərbaycan kinosunun incilərindən biri olan “Tütək səsi” filmi 1974-cü ildə ekranlaşdırılıb. Spilberqin məşhur “Sıravı Rayanı necə xılas etməli” filmi ötən əsrin 80-ci illərində çəkilib.

- Belə çıxır ki, biz Dağlıq Qarabağ müharibəsindən bəhs edən maraqlı bir Azərbaycan filmi seyr etmək üçün ən azı 20 il gözləməliyik...

- Yox, gözləməməliyik. Amma prosesi tam dərk edib, onu qiymətləndirməyə cəhd etməliyik.

- Siz “Haray” filmini çəkmək üçün heç bir il də gözləmədiniz. Səhv etmirəmsə, Xocalı faciəsi baş verən kimi “Haray” qaldırdınız...

- Müharibə vaxtı əhalinin vətənpərvərlik hissini coşdurmaq üçün müəyyən addımnlar atılmalıdır. Bu sıraya həm də cəmiyyətə mesaj verən, insanların vətənpərvərlik duyğularını qabardan plakatların hazırlanması daxildir. Həmçinin, maraqlı şeir, hekayə, povest yazıla, maraqlı bədii filmlər çəkilə bilər. Amma biz bunları fundamental sənət əsəri saya bilmərik. Elə buna görə də mən Xocalı faciəsindən bəhs dən “Haray” filmini fundamental sənət əsəri hesab etmirəm. Çünki bu film çəkiləndə, biz hadisələri kifayət qədər dərk edib, qiymətləndirə bilməmişdik.

- İcazə verin, bir tamaşaçı kimi soruşum: böyük sənət əsərini nə vaxt yaradacaqsınız?

- Böyük sənət əsəri yaratmaq asan məsələ deyil. Yaxşı bir latın sözü var: “Nil valentibus andium”. Yəni, cəhd edənə maneə yoxdur. İnşallah, bu cür cəhdlər olacaq.

- Amma böyük sənət əsəri yaratdığını iddia edənlər də var. Vahid Mustafayevin “Xoca” filminin təqdimatında bu meyl açıq-aşkar hiss olunurdu...

- Bütün böyük sənətkarlar idiasız olurlar. Əgər Vahid Mustafayev rejissordursa, mən Roma papasının xalası oğluyam. Yaxşı olar ki, Vahid Mustafayev öz işi ilə məşğul olsun. Hərçənd mən onun yaxşı bir işinin olduğuna da şübhə edirəm. İmkanlı olmaq hələ istedadlı olmaq deyil.

- Vahid Mustafayev deyir ki, “Xoca” Azərbaycanda müharibə mövzusunda çəkilən ilk ekran əsəridir...

-  Təbii ki, bu doğru fikir deyil. Bu iddiaya belə cavab vermək olar: bu ilk həm də axırıncı ola bilər. Yəni, mümkündür ki, belə səviyyəsiz filmdən sonra rejissorlar bir də Xocalı faciəsinə müraciət etməsinlər. Nə qədər paradoksal səslənsə də, demək istəyirəm ki, kino bir incəsənət növü kimi çəkilməyəndə yox, bəzəin çəkiləndə ölür. “Xoca” filminin timsalında biz bunun şahidi olduq.

Seymur VERDİZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür