Modern.az

13 ildən sonra qeydiyyata alınan partiyanın sədri: “Bizim bir yönümüz var” - MÜSAHİBƏ

13 ildən sonra qeydiyyata alınan partiyanın sədri: “Bizim bir yönümüz var” - MÜSAHİBƏ

16 Aprel 2020, 16:46

Ədliyyə Nazirliyi uzun illərdən sonra yeni bir siyasi təşkilatı - Yeni Zaman Partiyasını dövlət qeydiyyatına alıb. Bununla, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 56 olub. 

2007-ci ildə təsis olunan Yeni Zaman Partiyasının sədri Musa Ağayevdir.

Musa Ağayev partiyasının rəsmi qeydiyyatı ilə bağlı ilk açıqlamasını Modern.az-la bölüşüb. O bildirib ki, hələ 1990-cı illərdən partiyanı yaratmaq ideyası mövcud olub:


- Əslində 1992-ci ildə siyasi partiya yaratmışdıq. Sadəcə olaraq, o zamankı şərait, müəyyən məqamlar qeydiyyatdan keçməyimizə imkan vermədi. 2007-ci ildə partiyanın qeydiyyatı üçün bütün lazımi sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. Təəssüf ki, bu ilin aprel ayına qədər məsələ yubandı. Daha sonra biz Avropa Məhkəməsinə müraciət etdik. Nəhayət, ötən gün kollegiyanın qərarı ilə qeydiyyatımız təsdiq olundu.


- Qeydiyyat prosesinin bu qədər gecikməsinin səbəbi nə idi?


- Ədliyyə Nazirliyinin bizim qarşımızda qoyduğu məqamlar absurd idi. Bizə məktub göndərirdilər ki, nizamnaməyə təzədən baxın. Onlara dəfələrlə cavab məktubu ünvanlamışıq ki, nizamnamədə konkret hansı bənd, hansı məqam partiyalar haqqında qanuna ziddir? İndiyə kimi 20-dən çox imtina məktubu almışıq.


- Partiyanın nə qədər üzvü var?


- Partiyanın üzvləri var. Hərəkatda olan üzvlərimiz də çoxdur. Siyasi məşhurlardan 1992-ci il və ondan sonra hakimiyyətdə olanların çoxu tanınmışdır. Fədakar, siyasətdən başı çıxan insanlar, alimlər, həkimlər partiyamızın üzvləridir. Siyasi partiyanın üzvü olan şəxslərin mütləq siyasətçi olması tələb deyil. Əsas məsələ siyasi əqidəsi bir-birinə uyğun olan şəxslər partiya ətrafında toplaşıblar. Hamını eyni maraq birləşdirir: Azərbaycan! Dövlətçiliyimizin qorunması, ölkəmizin gələcəyi, proqramımıza uyğun şəkildə inkişaf bizim əsas məqsədimizdir.


- Qeyd etdiyiniz kimi, uzun müddətdir siyasətlə məşğulsunuz. Azərbaycan siyasətində hansı boşluğu məhz Yeni Zaman Partiyası doldura bilər?

- Mən bu il 9 fevral parlament seçkilərində də iştirak etmişəm. Amma partiyamız kifayət qədər namizədlə çıxış edə bilmədi. Bunun səbəbləri isə maddi çətinliklər və əsasən də insanların seçkiyə olan inamının azalması idi. Partiyada müzakirələr gedəndə əksər üzvlərimiz düşünürdü ki, seçkilərdə iştirak nə verə bilər? Bizim üçün vacibdir ki, vətəndaş həmrəyliyi olsun, iqtidar və müxalifət arasında konstruktiv münasibət formalaşsın, vətənpərvərlik duyğusu daha da güclənsin. Təəssüf ki, biz seçkilərdə uğur qazana bilmədik. Amma bundan sonra məqsədlərimizə nail olmaq üçün səylə çalışacağıq.


- Siz eyniadlı qəzetin – “Yeni zaman”ın təsisçisisiniz. Həm mətbu, həm siyasi fəaliyyətinizi paralel idarə edə biləcəksinizmi?

- Düşünürəm ki, heç bir problem olmayacaq. Partiyaların fəaliyyəti mətbuatdan kənarda mümkün deyil. Əksinə, bu bizim üçün daha əlverişli olacaq.


- “Yeni Zaman” qəzetini partiyanın mətbu orqanına çevirməyi düşünürsünüzmü?

- Xeyr. Qəzetin təsisçisi olsam da, bu sırf müstəqil mətbu orqandır. Partiyanın qəzeti deyil və bundan sonra da partiyanın mətbu orqanına çevirmək planımız yoxdur.


- Partiyanızla bağlı artıq müəyyən fikirlər ortaya atılıb. Yeni Zaman Partiyasının qərbyönümlü siyasətin əleyhinə olduğu, Rusiya ilə bağlılığı iddia edilir. Həqiqəti sizdən dinləyək.

- Bəli, bu partiya yarananda çoxları belə əlaqələndirdilər. İfrat dərəcədə hansısa yön müəyyən etməyin tərəfdarı olmamışam. Bizim bir yönümüz var: Azərbaycan! Ölkəmiz üçün, millətimiz üçün çalışırıq. Müəyyən məsələlərdə Qərblə, Rusiya ilə əlaqələrin vacibliyini qabardırıqsa, bu həmin istiqaməti tutmağımız demək deyil. Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Qərb ölkələrinin texnologiyası inkişaf edib. Azərbaycanın müstəqilliyini qorumaq şərti ilə dövlətimizin maraqları haradadırsa, biz də oradayıq.


- Artıq rəsmi qeydiyyata alınmış siyasi partiya olaraq, ilk addımınız nə olacaq?

- Yaxın zamanlarda mətbuatda bizim ilk tədbirlərimiz barədə məlumatlar yayılacaq. Hələlik bu barədə danışmağa ehtiyac yoxdur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?