Modern.az

Neft nəhənglərinin I rübdəki itkisi 20 milyard dolları keçib

Neft nəhənglərinin I rübdəki itkisi 20 milyard dolları keçib

22 May 2020, 23:27

Dünyanın 12 ən böyük neft şirkəti cari ilin ilk rübündə qiymətlərin aşağı olması səbəbindən 20,6 milyard dollar itirib.

Modern.az xəbər verir ki, COVID-19 səbəbindən dünyada nəqliyyat sektoru tamamilə fəaliyyətini dayandırması nəticəsində yanvar-mart aylarında neft istehlakı sürətlə azalıb. Qlobal miqyasda neftə olan tələbatın aşağı olması neftin qiymətinin ötən ay 1999-cu ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.

Dünyada ən çox istifadə edilən "Brent" markalı neftin bir barrelinin qiyməti ötən ilin birinci rübündə orta hesabla 63,1 dollar olsa da, bu ilin eyni dövründə 20,7 faiz azalaraq 50 dollar səviyyəsinə enib. Bu, neft nəhənglərinin gəlirlərinə mənfi təsir göstərib.


ABŞ-ın "ExxonMobil", "Chevron", "ConocoPhillips", "Halliburton", "Schlumberger", "Baker Hughes", eləcə də Niderlandın "Royal Dutch Shell", Britaniyanın BP, Fransanın "Total", İtaliyanın "Eni", Rusiyanın "Rosneft" və Norveçin "Equinor" şirkətləri ilin ilk rübündə 20,6 milyard dollar zərər edib. Bu şirkətlər ötən ilin birinci rübündə ümumilikdə 23,4 milyard dollar xalis mənfəət əldə etmişdilər. Həmin şirkətlərin ümumi gəliri hesabat dövründə 53,5 milyard dollar (17 faiz) azalaraq 262 milyard dollara düşüb. Ötən ilin yanvar-mart aylarında şirkətlər ümumilikdə 315,5 milyard dollar gəlir əldə etmişdilər.

Neft nəhəngləri arasında ən çox zərər görən şirkət 10,2 milyard dollarla "Baker Hughes" olub. Bu şirkəti 7,37 milyard dollar itki ilə "Schlumberger" və 3,17 milyard dollar zərərlə "Eni" izləyib. "Chevron" 3,6 milyard dollar, "Total" 1,78 milyard dollar və BP isə 800 milyon dollar xalis mənfəət edən şirkətlər olub.

"Royal Dutch Shell" isə bu dövrdə gəliri ən çox azalan şirkət olub. Yanvar-mart aylarında şirkət 60 milyard dollar gəlir əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 23,7 milyard azdır. "Shell", eyni zamanda, 12 neft şirkəti arasında 28,3 faiz olmaqla illik gəliri ən çox azalan şirkətdir. Gəliri ən çox azalan digər şirkətlər 7,46 milyard dollarla "ExxonMobil" və 6,54 milyard dollar ilə "Total"dır. (Azərtac)

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır