Modern.az

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat

18 Sentyabr 2020, 14:00

Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib:

“Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlmişdir. Avqustda brent markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42.1 ABŞ dollarına enib. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbin davamlı bərpasına mane olur.


Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51.4 mlrd. ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0.6% çoxdur. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3.7% artıb”.


Həmçinin bildirilib ki, pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir:

 

“Pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artmışdır. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.


Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.


Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayında artmışdır. Kredit qoyuluşlarında da son ayda artım davam edib.


Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam etmişdir. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü