Modern.az

Xoruzun quyruğu göründü…

Xoruzun quyruğu göründü…

Analitika

2 Oktyabr 2020, 21:57

(Paşinyan, Makron və Kardaşyan triosunun bayatıları haqqında bir neçə söz)

"Paşinyan-Makron-Kardaşyan TRİO"su...

 

Düşünürəm ki, "QARABAĞ uğrunda Vətən Müharibəsi" bitdikdən sonra xalqımız bu trioya çox təşəkkür edəcək.


Ermənistanın hazırkı dövlət başçısı Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm şüarı, sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın dövlət başçısı Makronun isə “Qarabağın “yenidən” “ələ keçirilməsini” qəbul etməyəcəyik!” kimi səbatsız bəyanatı, ABŞ-da yaşayan erməni əsilli qədim peşə ustası Kim Kardaşyanın mənbəsi göstərilməyən paylaşımları..!


Bu trio sayəsində 27 illik bir çox şüphəli məsələ bizə və dünya ictimaiyyətinə öz çılpaqlığı ilə məlum oldu. Nə idi bunlar;
1. Beynəlxalq təşkilatların qərəzli mövqeyi
2. Ermənistanın hərbi siyasi rəhbərliyinin riyakarlığı və bacarıqsızlığı
3. Erməni xislətininin mənbəyi bəlli olmayan yalanları dünyaya yayma məharətinin iç üzü...

Bizim haqq işimizi öz qərəzli niyyətlərinə və ehtiraslarına bürüyən Makron kimilər bir daha dünyaya sübut edir ki, onların ədalətdən, həqiqətdən, siyasətdən və sülhdən başqa hər şeydən başları çıxır.  Amma bizə də məlum oldu ki, onların pozuculuq və səbatsız əməlləri heç vaxt Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdən çəkindirməyəcək. Bizim yolumuz haqq yoludur, bizim yolumuz Vətənin müdafiəsi yoludur!


Biz Qarabağ uğrunda VƏTƏN MÜHARİBƏSİ aparırıq və ölkəmizin qüdrətli ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında öz şərəfli missiyasını həyata keçirir! Bizi bu cür səbatsız bəyənatlar qorxuda bilməz!

30 ildən bəridir ki, bu problemi çözə bilməyən ATƏTin Minsk qrupunun, habelə bir çox Beynəlxalq Təşkilatın səmərəsiz fəaliyyəti bir daha onu göstərir ki, belə qurumların arxasında məhz makronlar, paşinyanlar kimi səbatsız siyasətçilər dayanıbmış.


Ermənistan siyasi-hərbi hakimiyyətinin müharibə vəziyyətində ortaya qoymuş olduğu münasibət,  eləcə də hər zaman bizə çox tanış olan, amma dünya ictimaiyyətinin fikrini çaşdırmaqla, öz milli kimliklərinə və əxlaqlarına uyğun bir şəkildə yalan və böhtanlara əl atan kardaşyanlar kimi erməni xisləti  bizim gözlədiyimiz reallıq idi. Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra qısa müddət içərisində əvvəlcə özünü liberal-demokrat kimi göstərməsi,  daha sonra isə Qarabağ məsələsində əsl şovinist simasını, başqa millətlərə qarşı dözümsüz, amansız və qatı millətçilik düşüncələrini ortaya qoyması faktları bizim uzun illər ərzində Ermənistan hökümətindən və xalqından gözlədiyimiz dinc yolun birmənalı mənasız və faydasız olduğunu sübut etdi.


Nəticədə bizim səbr kasamız doldu və anladıq ki, bu məsələni danışıqlar yoluyla həll etməyin və uzatmağın mənası yoxdur. Bunun yalnız bir yolu var- işğalçıyla güc yolu ilə danışmaq və onu cəzalandırmaq!


Bəli, müharibə yolu məhz paşinyanların və onların havadarlarının maskalanmış simalarını ortaya qoydu! Bizi silaha vadar edən amillərdən biri də məhz belə səbatsız liderin, eləcə də onun həyat yoldaşının silaha sarılmak kimi məsuliyyətsizcəsinə ortaya qoya bildikləri reallıqlar oldu. Mən əminliklə deyirəm: gün gələcək ki, biz məlum qonşu dövlətin başında duran bu səbatsız və miskin adama bəlkə də təşəkkür edəcəyik ki, nə yaxşı sən gəldin hakimiyyətə! Nə yaxşı ki, sən gəlib öz xalqını məhvə doğru sürüklədin!


Makrona gəlincə, deməliyəm ki,  90-cı illərdə ermənilər bizim xalqın başına gətirdiyi faciələr zamanı o uşaq idi, bəlkə də heç ağlı da kəsmirdi. Onun Xocalıda yaşananlardan xəbəri də yox idi və olsa da, bu müsibəti hiss edə bilməzdi. Makron son illərin siyasətçisidir və onun belə səbatsız və düşüncəsiz bəyanatı əslində başa düşüləndir. Adamın təcrübəsi yox, təsir altına, xüsusilə erməni lobbisinin təsiri altına düşməsi də böyükdür və şəksizdir. Lakin o, unutmamalıdır ki, Fransa kimi qədim dövlətçilik ənənələri olan böyük bir ölkənin başçısıdır. Sözü ağzında bişirib çıxarmalıdır. Və yaxşı olar ki, diplomatik dil və danışıq mədəniyyətini bizim gənc müstəqil dövlətimizin təcrübəli başçısı İlham Əliyevdən öyrənsin!


Təkrar edirəm: bütün bu sərsəm bəyanatlar bizi yolumuzdan döndərə bilməz. Müharibə Azərbaycan ərazisində gedir və biz torpaqlarımıza təcavüz etmiş düşmənlə vuruşuruq. Əgər kimsə xaricdən müdaxilə etmək barədə düşünürsə, çox yanılır. Bu nə ona, nə Yerevana fayda gətirməyəcək, əksinə, özləri yanacaqlar.

Sonda bildirmək istəyirəm ki, bu günlər nə qədər çətin, nə qədər məsuliyyətli günlər olsa da, tarixi günlərdir! Bizim şanlı Ordumuz tarix yazır, ŞƏRƏFLİ TARİX! Buna qəlbən inanırıq! Biz Şanlı Ordumuza, onun Ali Baş Komandanına inanırıq! Tarix dəfələrlə sübut edib ki, o yerdə ki, XALQla ORDUnun və Alİ BAŞ KOMANDANın sarsılmaz birliyi var, o yerdə ZƏFƏR, QƏLƏBƏ, UĞUR var! Var olsun bu sarsılmaz BİRLİK!


Rəşad Mahmudov,
Millət vəkili

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir