Modern.az

Bizim əsgər: “Atası ilə danışanda deyib ki, narahat olma, oğlun burada qan edir” - Aktyorun bacısı oğlu yaralanıb

Bizim əsgər: “Atası ilə danışanda deyib ki, narahat olma, oğlun burada qan edir” - Aktyorun bacısı oğlu yaralanıb

4 Noyabr 2020, 11:40

Modern.az saytında “Bizim əsgər” rubrikasına davam edirik. Budəfəki qonağımız aktyor, teleaparıcı, prodüser Ramiz Hüseynzadədir. O bizə bacısı oğlu, Qarabağ döyüşlərində yaralanmış əsgər Kərim Şükürovdan danışacaq.

 

- Ramiz bəy, öncə bacınız oğlu Kərimin Vətən Müharibəsinə getməyindən danışaq...

- Əslində Kərimin  döyüşlərdə iştirakı mənim üçün gözlənilməz oldu. Çünki biz onun döyüşdə olmağını bilmirdik. Bildirdik ki, Kərim əsgərdi, amma ön cəbhədə deyil. Anası ilə danışanda da demişdi ki, arxada təlimdədir.
Sonra məlum oldu ki, bizim Kərim ön cəbhədədir. Həmin an ağlıma bir az narahat fikirlər gəldi. Çünki müharibənin çətinliyini və ağırlığını dərk edirəm. Birinci Qarabağ müharibəsində mənim anam tibb işçisi kimi iştirak edib. Xalam oğlu da döyüşüb. Müharibədə iştirak etməyin çətin və bir o qədər də qürurlu olmağını çox yaxşı anlayıram.
Kərim üçün qürurlansam da, içimdə narahatlıq var idi, çünki o, nə qədər böyüsə də, mənim gözümdə hər zaman uşaqdır. Döyüşlərdə olduğu vaxt imkan tapıb atası ilə danışıb və deyib ki, narahat olma, oğlun burada qan edir. Bax bu sözlərindən sonra başa düşdüm ki, Kərim artıq böyüyüb.


- Əsgərimizin yaşı, şəxsi və fiziki keyfiyyətləri haqqında eşitmək istərdik.


- Kərim Xəqani oğlu Şükürov. Hazırda 19 yaşı var. Uşaqlıqdan davakar olub, amma həm də ürəyiaçıq və mülayim idi. Yəni həmişə qonşular onun davakarlığından şikayət edirdilər, həm də tərif gəlirdi.

- Bacınız oğlunun yaralanması xəbərini necə qarşıladınız?

- Bir neçə gün ondan heç bir xəbər almadıq və sonra xəbər gəldi ki, Kərim hospitalda yaralıdır. Ard-arda bir neçə əməliyyat keçirdi. Mən onun yanına gedəndə hospitala buraxmadılar,  amma şərait yaratdılar ki, telefonla danışım.


- Yaralı əsgərimiz ilk olaraq öz dayısına nə söylədi?


- Danışanda mənə dediyi ilk söz o oldu ki, cəbhəyə qayıtmaq istəyir. Düzü, bu sözlər mənə birtəhər gəldi. Çünki onun cəmi 19 yaşı var və Qarabağ torpağını heç zaman görməmişdi. Bu Vətən müharibəsi onu müqəddəs Qarabağ torpağımıza o qədər yaxınlaşdırdı ki, qısa müddətdə döyüşdüyü o torpaqlarımızdan ayrılmaq istəmir. Dedim ki, Kərim, öncə sağalmalısan, çünki  cəbhədə sağlam əsgərə ehtiyac var. Sağal və sonra döyüşlərə qatılarsan. Cavabı isə belə oldu ki, döyüşlərdə ondan da ağır yaralanmış oğullarımız var və o, mütləq cəbhədəki yoldaşlarının yanına qayıtmalıdır.


- Sonda döyüşən əsgərlərimizə  “Əsgər salamınızı” necə ifadə edərdiniz?


- Rütbəsindən və hərbi vəzifəsindən asılı olmayaraq, bu gün Vətən müharibəsində olan və bu şərəfli tarixi bizə yaşadan əsgərlərimizə minnətdarlığımı bildirirəm. Məhz bizim əsgərin qəhrəmanlığı bu gün hamımızı heç zaman qopmayacaq bağlarla birləşdirdi. 30 il il ürəyimizdə saxladığımız həsrət dolu Qələbə sevincini bizə yaşadan igidlər, Tanrı sizi, Ali Baş Komandanımızı və bir daha heç zaman bölünməz olan Azərbaycanımızı qorusun! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi