Modern.az

Putin haradadır? - İddialar, replikalar... - Kremlin cavabı

Putin haradadır? - İddialar, replikalar... - Kremlin cavabı

11 Dekabr 2020, 12:47

Dünyanın bəzi KİV-lərində Rusiya prezidenti Vladmir Putinin bir neçə aydır ölkəni paytaxt Moskvadan deyil, Qara dəniz sahilindəki Soçi şəhərindən idarə etdiyi haqda iddialar yer alıb.

Rusiya prezidentinin əsas iki iqamətgahı var: biri Moskva ətrafında, paytaxtın 10 kilometrliyində yerləşən Novo-Oqarevo iqamətgahı, digəri Qara dəniz sahilində, Soçi kurort şəhərinin mərkəzində yerləşən Boçarov Ruçey iqamətgahı.

Novator.az Putinin harada olmasına dair xarici KİV-lərin araşdırmasını dərc edib.

Dekabrın 8-də Rusiyanın müstəqil araşdırıcı jurnalistlərinin və reportyorlarının layihəsi olan “Proyekt” (Proekt.media) platformasında “Kreml Putinin yerini gizlədir, bundan ötrü Soçidə ona Moskva ətrafındakı kabinetinin oxşarını düzəldiblər” başlıqlı yazı dərc olunub.

Yazıda iddia olunur ki, Vladimir Putin neçə aydır ölkəni Novo-Oqarevodakı iqamətgahından deyil, Boçarov Ruçey iqamətgahından idarə edir.

İddiaya görə, Putinin paytaxtdan uzaqda mənzilləndiyini gizlətmək üçün Boçarov Ruçey iqamətgahında prezidentin Novo-Oqarevodakı kabinetinə bənzər bir kabinet düzəldiblər. Kabinetin quruluşu, içəridəki masa, kreslo üzlüyü, döşəmə, lampa, qələmqabı, telefonlar – hamısı eynilə Novo-Oqarevoda olduğu kimidir. Məqsəd odur ki, adamlar pandemiya dövründə televiziyada dövlət başçısının çıxışlarını, görüşlərini, video müzakirələrini izləyəndə onun Soçidə oturduğunu duymasınlar.

“Proyekt”in iddiasına görə, Putin Qara dəniz sahilində yayın sonlarından məskunlaşıb.

Nəşr iddia edir ki, Kremldə adının çəkilməsini istəməyən mənbə prezidentin paytaxtda olmadığını təsdiqləyib. Mənbə bildirib ki, Putin yayın sonlarında, hamının koronavirus infeksiyasının ikinci dalğasını gözlədiyi vaxtda Soçiyə köçüb. İndiyədək Rusiya ictimaiyyətinə bu haqda rəsmi məlumat verilməməsini mənbə belə izah edib: “Kreml hesab edir ki, xalq belə anlarda prezidentin paytaxtda olduğunu düşünməlidir”.

“Proyekt”in iddiası elə həmin gün Almaniyanın məşhur “Der Spiegel” jurnalının internet səhifəsində də işıqlandırılıb.

“Der Spiegel”də “Putinin ev ofisi hiyləsi” başlıqlı məqalə dərc edilib.

Məqalənin müəllifi Kristian Eş yazıb ki, Kreml Putinin olduğu yeri gizlətmək üçün dəridən-qabıqdan çıxır: “Qara dəniz sahilindəki iqamətgahında onun Moskva kabinetinin surəti yaradılıb”.

Müəllif yazır: “Pandemiyanın gözəlliyi ondadır ki, nəhayət, həmkarlarının evini, hansı şəraitdə yaşadığını və ya Şimali Avropadakı qaranlıq evində deyil, dəniz sahilində palma ağacının altında dincəldiyini görə bilirsən. Necə deyərlər, ev əvəzinə ofis məzuniyyəti. Amma pəncərədən həmin yerin görüntüsü olmasa, bunu müəyyən etmək çətindir”.

Kristian Eş Rusiya prezidentinin məhz bu qeyri-müəyyənlikdən yararladığını iddia edir. Müəllif “Proyekt”in yazdığına istinadla vurğulayır: “Putin Qara dəniz sahilində kurortda dincəldiyi vaxt Kreml rusiyalıları prezidentin Moskvada olduğuna inandırmaq üçün böyük səylər göstərir”.

Məqalədə deyilir ki, Putinin harada olduğu haqda rəsmi məlumatlar həqiqəti əks etdirməyə bilər, amma “Proyekt”in araşdırmasında prezident təyyarəsinin yerdəyişməsinə dair məqamlar bu məsələyə aydınlıq gətirib.

Eyni zamanda Kristian Eş yazır: “Kremlin akkreditasiyadan keçirdiyi jurnalistlər hazırda Putini müşayiət edə bilmədikləri üçün onun yerini gizli saxlamaq asandır”.

“Proyekt”in iddiası İngiltərənin “Daily Mail” qəzetinin saytında da yer alıb.

Rusiyanın “İntefaks” agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Vladimir Putinin uzun müddətdir paytaxtda olmaması iddialarına cavab verib. O, bu iddiaları boş yalan, növbəti informasiya hücumu adlandırıb.

Peskov prezidentin Moskvadakı iş yerində olduğunu bildirib və qeyd edib ki, dövlət başçısının Novo-Oqarevodakı kabinetinin oxşarı yoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?