Modern.az

İlham Əliyev Şuşadan dünyaya səsləndi: Azərbaycan artıq orta gücdür

İlham Əliyev Şuşadan dünyaya səsləndi: Azərbaycan artıq orta gücdür

Analitika

Bu gün, 13:08

Şuşada keçirilən IV Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və informasiya gündəliyinə təsir göstərən ölkələrdən birinə çevrilib. Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı və media nümayəndələri ilə açıq dialoqu ölkənin xarici siyasət kursunun, geosiyasi baxışlarının və gələcək inkişaf prioritetlərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıdı.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin nəticələrinə diqqət çəkərək ölkənin coğrafi üstünlüklərinin düzgün qiymətləndirildiyini vurğuladı. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika qovşağına çevrilən Azərbaycan bu gün beynəlxalq daşımalarda mühüm rol oynayır. Reallaşdırılan enerji layihələri, yaradılan müasir infrastruktur və qonşu ölkələrlə formalaşdırılan əməkdaşlıq platformaları Azərbaycanın regional əhəmiyyətini daha da artırıb.

Çıxışın mühüm hissələrindən biri Azərbaycan-Türkiyə münasibətlərinə həsr olundu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada nadir rast gəlinən qardaşlıq və müttəfiqlik modelidir. Şuşa Bəyannaməsi ilə rəsmiləşən bu münasibətlər təkcə iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyi və inkişafı üçün mühüm amilə çevrilib.

Prezident İlham Əliyev Avropa təsisatları ilə münasibətlərə də geniş yer ayırdı. O qeyd etdi ki, Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Bununla yanaşı, bəzi Avropa strukturlarında formalaşmış anti-Azərbaycan dairələrinin fəaliyyəti ikitərəfli əlaqələrə ciddi zərbə vurur. Dövlət başçısı Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş qərəzli yanaşmaları qəbul etmədiyini və ölkənin öz suveren hüquqlarını qətiyyətlə müdafiə etdiyini vurğuladı.

ABŞ-la münasibətlərə toxunan Prezident İlham Əliyev son dövrdə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etdi. Xüsusilə ABŞ administrasiyası ilə qurulan əməkdaşlığın yeni mərhələyə keçdiyini bildirən dövlət başçısı vaxtilə Azərbaycana qarşı tətbiq olunan "907-ci düzəliş"in artıq tamamilə köhnəldiyini və ləğv edilməsinin zəruri olduğunu diqqətə çatdırdı. Prezident eyni zamanda Donald Trampın müxtəlif münaqişələrin həlli istiqamətində səylərini qeyd edərək sülhün regionlar üçün yeni imkanlar yaratdığını vurğuladı.

Forumda Azərbaycanın artıq regional liderlikdən "orta güc" statusuna yüksəldiyi də xüsusi olaraq qeyd edildi. Prezident İlham Əliyevin fikrincə, bu status yalnız iqtisadi potensialla deyil, ölkənin müstəqil siyasət yürütmək, milli maraqlarını müdafiə etmək, təhlükəsizliyini təmin etmək və regiondakı proseslərə təsir göstərmək qabiliyyəti ilə müəyyən olunur. Azərbaycanın beynəlxalq nüfuzu və etibarlı tərəfdaş imici bu mövqeni daha da möhkəmləndirir.

Çıxışda enerji təhlükəsizliyi məsələləri də mühüm yer tutdu. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarükünün coğrafi əhatəsinə görə dünyada ön sıralarda qərarlaşıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu durmadan artır və ölkə yeni bazarlara çıxış imkanlarını genişləndirməkdə davam edir.

Prezident İlham Əliyev Azərbaycanın qlobal gündəliyini də açıqlayaraq Qarabağın bərpasının başa çatdırılması, yeni nəqliyyat marşrutlarının yaradılması, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı, enerji təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas prioritetlər olduğunu bildirdi.

Dövlət başçısı insan hüquqları mövzusunun bəzi Qərb dairələri tərəfindən siyasi təzyiq alətinə çevrildiyini də qeyd etdi. O vurğuladı ki, Azərbaycana qarşı illərdir aparılan kampaniyalar ölkənin müstəqil siyasətindən imtina etməsinə nail ola bilməyib. Prezident xüsusilə Fransanın müstəmləkəçilik siyasətinə diqqət çəkərək Bakı Təşəbbüs Qrupunun qlobal ədalət və dekolonizasiya məsələlərinin beynəlxalq gündəliyə çıxarılmasında mühüm rol oynadığını bildirdi.

Azərbaycan-Çin münasibətlərinə toxunan Prezident İlham Əliyev hərtərəfli strateji tərəfdaşlığın yeni imkanlar açdığını qeyd etdi. Orta Dəhlizin əhəmiyyətinin artması, Çin investisiyalarının Azərbaycana yönəlməsi və yükdaşımaların həcminin yüksəlməsi ölkənin tranzit imkanlarını daha da genişləndirir.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Tarixi, mədəni və siyasi bağlar üzərində qurulan bu əməkdaşlıq nəqliyyat, logistika və iqtisadi layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradır və bütövlükdə Avrasiya məkanında inteqrasiyanı gücləndirir.

Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi ən vacib mesajlardan biri isə milli birliklə bağlı oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan yalnız öz gücünə arxalanmalı, milli həmrəylik və birlik daim qorunmalıdır. Onun sözlərinə görə, müasir dünyada artan təhdidlər və geosiyasi risklər fonunda milli kimliyin, dövlət müstəqilliyinin və milli maraqların qorunması hər bir vətəndaşın əsas vəzifəsidir.

Beləliklə, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq məkanın mühüm aktorlarından biridir. Şuşa isə artıq yalnız mədəniyyət paytaxtı deyil, qlobal informasiya, diplomatiya və siyasi dialoq platforması kimi yeni status qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Başqırdıstan da vuruldu - Ukraynadan Rusiyaya şok zərbələr