Modern.az

Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ

Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ

26 Yanvar 2021, 15:39

Azərbaycan Ordusunun Şuşa rayonunun Daşaltı kəndində keçirdiyi uğursuz əməliyyatdan 29 il ötür. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-dən başlayıb yanvarın 26-da uğursuzluqla başa çatıb. Əməliyyatda Azərbaycan Ordusunun könüllülərdən ibarət döyüşçü dəstələri iştirak edib.

Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır.

O hadisədən düz 28 il sonra - 2020-ci il noyabrın əvvəllərində Azərbaycan Ordusu Daşaltı kəndini, eləcə də Şuşanı azad edərək, şəhidlərimizin qisasını aldı...

Daşaltı əməliyyatının sağ qalmış iştirakçılarından biri - Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu yaxınlarda işğaldan azad olunmuş Şuşaya gedib.

O, 29 il öncə döyüşdüyü Daşaltı kəndinə də baş çəkib. Füzuli Rzaquliyev  təəssüratlarını Modern.az-la bölüşüb.

- İllər sonra yenidən Şuşaya getmək, Daşaltıya baş çəkmək sizdə hansı hisslər  doğurdu?

-
Bəlkə də hərbçi olduğuma görə həmin hissləri sözlə ifadə edə bilmirəm. 29 il həsrətini çəkdiyimiz arzu nəhayət gerçəkləşdi. Söhbət o yerlərdən gedir ki, orada  yaxın dostlarımızı, silahdaşlarımızı itirmişik. Gedib həmin döyüşdüyümüz ərazilərə baxdım. Gənc hərbçilərimizlə görüşdüb. Çox maraqlı və təzadlı bir hadisə oldu. Həmin an bilmirsən yerin altındasan, yoxsa üstündə. Hətta yuxu olub-olmadığını belə düşünürdüm.  Mənim üçün həm sevindirici, həm də kəndərləndirici bir hadisə idi. Orada yaşadığım hissləri tam izah edə bilmirəm.

- Vətən müharibəsinin gedişi zamanı Daşaltı kəndinin azad olunma xəbərini eşidəndə həmin an nə düşündünüz?

- Uğursuz Daşaltı əməliyyatı bir yara olaraq hər zaman bizimlə idi. Yaramız qaysaqlasa da, daim ağrı verirdi. Daşaltı əməliyyatında bizim ciddi itkilərimiz olub.

Nəhayət Daşaltı da, Şuşa da azad olundu. Bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, hərbçilərimizə minnətdaram. Onların hər birini Allah qorusun.  Şəhidlərimizin qisasını aldılar.

Biz illərdir Şəhidlər xiyabanına gedəndə xəcalət çəkir, utanırdıq.
Noyabrın 8-dən sonra artıq şəhidləri ziyarət etməyə ürəklə gedirik.

Qələbələrimiz davamlı və daimi olsun. Bayrağımız Xankəndidə də dalğalansın.

- 29 il əvvəl baş vermiş Daşaltı döyüşləri ilə bağlı nələri xatırlayırsınız?..

-
Daşaltı əməliyyatı uğursuz oldu. Lakin mən onu məğlubiyyət hesab etmirəm. O döyüşdə 72-yə yaxın ermənini məhv etdik. Düşmən orada məhv edilən 72 erməniyə abidə də qoymuşdu. Biz o abidəni budəfəki səfərimizdə tapa bilmədik.

O döyüşlərdə yaxşı təchizat və təminatı olmayan, təlim görməyən döyüşçülərin ruh yüksəkliyi qürurverici idi. Könüllü olaraq döyüşə getmək ayrı bir hiss idi. Hər şeyini atıb, vətəni, milləti fikirləşmək qəhrəmanlıqdır. Daşaltı döyüşçüləri əsir düşmədilər. Mən öz əsgərlərimi xatırlayıram. Onlardan biri Zaur Cəfərov idi. Axırıncı gülləsini özünə vurdu ki, əsir düşməsin. Rövşən Xəlilov F1 qumbarasını partladıb həm özünü, həm də onu əhatəyə alan erməniləri məhv etdi.
O döyüşdə yüksəkliyə hücum edib, Kəpəzin alt tərəfində 4 erməni postunu götürdük və 28 ermənini məhv etdik.

O vaxtla indiki vəziyyət arasında çox fərq var. O vaxtı biz  hücum etdik uğursuzluq oldu. Bu dəfə isə hücumu qələbə ilə başa vurduq. O vaxtkı  əsgərlərin döyüşkənliyi ruh yüksəkliyindən irəli gəlirdi. Təbii ki, o ruh indi də var. Belə olmasaydı, 28 ildən sonra Daşaltını, Şuşanı azad edə bilməzdik.

- Füzuli müəllim, o zamankı döyüşçülərdə olan ruh yüksəkliyini Vətən müharibəsi iştirakçılarında müşahidə edirdinizmi?

- Bəziləri elə bilirdi ki, Qarabağ həmişəlik əldən gedib. Daha insanlarda ruh yüksəkliyi olmayacaq. Lakin Vətən müharibəsi göstərdi ki, belə deyil. Biz bu 28 ildə dayanmadıq, müharibəyə hazırlaşdıq...

Vətən müharibəsində döyüşənlərin yarısı hərbçilərin, kemçiş döyüşçülərin övladları idi.

Mənim böyük oğlum da əvvəldən-axıra qədər döyüşlərdə iştirak etdi. Yaralansa belə, döyüş əməliyyatını yarımçıq qoyub qayıtmadı. Axıra kimi alnıaçıq, üzüağ davam etdi. Bunlar bizim çəkdiyimiz əziyyətlərin bəhrəsi idi.

Dediyim kimi, o vaxt tam başqa ab-hava idi. Heç bir rabitə əlaqəsi, təsisat yox idi. Amma döyüşmək üçün ruh yüksəkliyi vardı. Biz o ruhu yenə də gördük. Şükürlər olsun ki, biz döyüşkən millətik. İçimizdə olan satqınlara qarşıda amansız olmalıyıq. O vaxt çox şeyin qarşısını almaq olmurdu. İndi müasir silahlardan istifadə edilir. Şuşa döyüşü müasir hərb tarixinə düşdü.

- Dediniz ki, Şuşayə səfər etmisiniz. Hərbçilərlə görüşləriniz necə keçdi?

-
Çox yüksək səviyyədə, ruhlandırıcı görüşlərimiz oldu. Döyüş təcrübələrindən danışdıq. Biz 44 günlük müharibə zamanı da hər zaman əsgərlərin yanında olduq. Az da olsa onlara  dəstək verməyə çalışırdıq. Keçmiş döyüşçülərdən də Vətən müharibəsinə qatılanlar vardı.
Bir şeyi unutmayaq: nə qədər ki, Qafqazda erməni var, sakit dayanmamalıyıq!

- Sonda hərbçi dostlarınıza, döyüş yoldaşlarınıza nə demək istərdiniz?

-
Onlara ilk olaraq can sağlığı arzu edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralananlarımıza Allah şəfa versin. Hərbçilərimizə deyərdim ki, möhkəm olsunlar. Hələ görüləsi işlərimiz çoxdur. Tezliklə Xankəndidə də bir parad keçirəcəyik.


Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir