Modern.az

Erməni baş prokurorun Xankəndiyə müəmmalı GƏLİŞİ...

Erməni baş prokurorun Xankəndiyə müəmmalı GƏLİŞİ...

Analitika

9 Fevral 2021, 20:24

Ermənistanın baş prokuroru Artur Davtyanın Xankəndiyə qanunsuz səfəri, baş separatçı Araik Arutyunyanla görüşü narahatlıq və haqlı cavab tələbi yaradır: rəsmi Bakının etirazlarına rəğmən İrəvandan Qarabağa səfərlər davam edir; sülhməramlılar Laçın dəhlizindən Bakının icazəsi olmadan istədiklərini buraxırlar...

Bu məsələyə yenidən aydınlıq gətirilməsi vacibdir, hərçənd, Davtyanın Xankəndiyə gəlişi və Araiklə görüşündə diqqət çəkən bir detal var: fotonun yoxluğu.

Erməni KİV-lər bu səfərlə bağlı xəbərləri iki görüntü ilə yayır: Davtyanın tək fotosu və müharibədən öncəyə aid olan görüş fotosu.

Və bu, bəzi şübhəli məqamları önə çıxarır:

- Davtyanın Xankəndiyə səfəri erməni ictimai rəyi üçün təbliğat xarakteri daşıyır: separatçı rejim mövcuddur. O zaman, niyə görüşdən heç bir foto yoxdur?

- Davtyan Xankəndidə Araiklə görüşürsə, mütləq bunu fotokameralarla “əbədiləşdirərdilər”: görüş olmayıbmı, erməni baş prokuror Xankəndidə olubmu, foto niyə çəkilməyib?

- Bu gün Araik İrəvanda Nikol Paşinyanın qəbulunda olub və infrastruktur məsələlərini müzakirə edib: bəs, Davtyanla Xankəndində nə vaxt görüşüb?

Bu suallar fonunda iki ehtimal önə çıxır:

  1. Davtyanın Xankəndiyə gəlişinə şərait yaradan ruslar rəsmi Bakının etirazına zəmin yaratmamaq üçün fotofaktın olmamasını istəyiblər: cavab tələb olunduqda, belə bir görüşün erməni təbliğatı olduğunu deyə bilərlər;

  2. Erməni baş prokurorun Xankəndiyə səfərinə icazə verilməyib, “görüş” telefon vasitəsilə keçirilib və görüşün olduğu haqda informasiya istehsal edilib: Bakının Ermənistandakı daxili siyasi mübarizə fonunda Paşinyan hakimiyyətinin belə təbliğatına səssiz qalmasının perspektivə hesablanmış səbəbləri var...

İki məqam ikinci ehtimalı gücləndirir: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması; ardınca fransalı jurnalsitlərin Bakının icazəsi olmadan bölgəyə buraxılmaması;

Görüşlə bağlı fotonun olmaması kiçik, amma vacib detaldır.

Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır