Modern.az

“Lütfi Zadə təqaüdü”nün ilk qalibi: “Ailəm bizi o qədər çətinliklər içərisində böyüdüb ki...” - MÜSAHİBƏ

“Lütfi Zadə təqaüdü”nün ilk qalibi: “Ailəm bizi o qədər çətinliklər içərisində böyüdüb ki...” - MÜSAHİBƏ

17 Fevral 2021, 11:12

“Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası” ilə “Azedu Academy” bacarıqlı gəncləri daha da həvəsləndirmək üçün ilk dəfə təqaüd təsis edib. Bu təqaüdü bakalavriatura səviyyəsində təhsili alan tələbələr qazana bilər.
Layihənin təşkilat komitəsi bu təqaüdün şanlı qələbəmiz münasibətilə Birinci və ya İkinci Qarabağ müharibəsində şəhid və qazi olan şəxslərin tələbə övladlarına verilməsini uyğun görüb.

Müsabiqənin şərtləri o idi ki, təqaüd valideyni Birinci və ya İkinci Qarabağ müharibəsində şəhid-qazi olan, həmçinin sosial təminatı aşağı, kompüter mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı ixtisaslarda oxuyan tələbələrə şamil edilsin.

“Lütfi Zadə təqaüdü” ilk olaraq Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Fidan Vəlizadəyə verilib. Qeyd edək ki, 100 manat məbləğində olan təqaüd qalibə 1 il ərzində veriləcək.

Modern.az saytının əməkdaşı Fidan Vəlizadə ilə həmsöhbət olub.

  • - Fidan özün haqqında qısa məlumat verməyini istərdik.

  • - MənVəlizadə Fidan Aqşin qızı, Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal iqtisadiyyat fakültəsinin(kompüter elmləri ixtisası üzrə) I kurs tələbəsiyəm. 2020-2021-ci il qəbul imtahanında 494.6 bal toplayaraq universitetə qəbul olundum. Dövlət sifarişi üzrə təhsil alıram. Bakı şəhərində yaşayıram.

  • - Lütfi Zadə təqaüdünü qazandığını biləndə, hansı hissləri keçirdin?

  • - Seçilməyim gözlənilməz oldu. Bir an şok yaşadım. Birdən zəng gəldi, mənə xəbər verdilər ki, bu təqaüdə layiq görülmüsən. Çox təəccübləndim. Belə bir şey gözləmirdim....

  • - Necə oldu səni seçdilər?

  • - Müsabiqə elan edilmişdi. İki şərt əsasında seçildim. Birincisi o idi ki, İKT sahəsi, kompüter mühəhdisliyi, dəqiq elmlər ilə bağlı bir fakültədə təhsil almağım, ikincisi isə tələbənin atası ya Birinci, ya da İkinci Qarabağ müharibəsi veteranı, qazi olmalıdır....

  • - Ailən qalib olmağını necə qarşıladı?

  • - Onlar buna çox sevindilər.Təhsil almağım və bu günlərə gəlməyim üçün valideynlərim çox əziyyət çəkiblər. Onların mənim üzərimdə əməyi çoxdur....

  • - Lütfi Zadə təqaüdünə layiq görülmüsən, planların nədir?

  • - Bizim evimiz yoxdur. İllərdir ki, kirayə qalırıq. Bu təqaüdün yarısını ailəmə, yarısını isə təhsilim üçün dəyərləndirməyi planlaşdırıram.
  • - Təhsilini hansı yöndə davam etdirmək istəyərsən?

  • - Bundan sonrakı məqsədim odur ki, dil biliklərimi artırıb, ixtisasım üzrə daha da inkişaf edim.
  • - Universitetdən də təqaüd alırsanmı?

  • - Bəli, adi təqaüd alıram.
  • - Aldığın təqaüdlər sənin təhsil xərclərini qarşılayırmı?

  • - Yetəri qədər qarşılayır... Bir il müddətinə qədər də Lütfi Zadə təqaüdü alacam.

  • - Gələcəkdə təhsilini xaricdə davam etdirmək istəyərsənmi?

  • - Qismət olarsa, magisturaturaya xaricdə davam etmək istəyərəm...

  • - Fidan, bu ixtisasda təhsil almaq öz istəyindi, yoxsa ailənin seçimi?

  • - Ailəm daha çox həkim olmağıma üstünlük verirdi. Lakin mən o yöndə deyildim... Öz istəyimlə qarşıma məqsəd qoyduğum ixtisası seçdim.

  • - Ən böyük arzusu nədir?

  • - Bilirsiniz, sözlərim bəlkə də kimlər üçünsə duyğusal ola bilər. Lakin tam səmimi qəlblə deyirəm ki, ailəm bizi o qədər çətinliklər içərisində böyüdüb ki, bu ankı hisslərimə dayanaraq demək istəyirəm, ən böyük arzum ailəmin sağlıqlı olmasıdı. Gələcəkdə də onlara layiqli övlad olmaq istəyirəm. Hazırda təhsilimi davam etdirmək, xarici dil imkanımı təkminləşdirmək, magistraturanı xarici ölkədə oxumaq istəyirəm.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?