Modern.az

Ermənistanda hərbi çevrilişə cəhd - Azərbaycanlı politoloq: “Vaxt itirmədən Laçın dəhlizini nəzarətə götürməliyik”

Ermənistanda hərbi çevrilişə cəhd - Azərbaycanlı politoloq: “Vaxt itirmədən Laçın dəhlizini nəzarətə götürməliyik”

25 Fevral 2021, 13:10

“Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq, bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”. Paşinyanın sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Ermənistanda hökm sürən hazırkı vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib.


O deyib ki, Nikol Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin acısını soyutsun.

“Əksinə, Paşinyanın yeni açıqlamasını da belə oxumaq mümkündür: “Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı. Sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”. Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Moskvanın Ermənistana hansı növ silah satacağı və peşkəş edəcəyi maraq doğurur”.


E.Şahinoğlu deyir ki, müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi. Çünki, Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir. Digər tərəfdən Moskva görür ki, hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur.

“Ancaq Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml sahibi bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq. Gələn son xəbərlərə görə, Ermənistan ordusu içərisində Nikol Paşinyanı devirmək istəyən qrup formalaşıb”,-politoloq deyib.

Onun fikrincə, Azərbaycan Ermənistandakı son hadisələri diqqətlə izləyib Dağlıq Qarabağda yarımçıq qalmış işləri tamamlaya bilər:  “Vaxt itirmədən Laçın dəhlizi və bu dəhliz üzərindən sərhəddi nəzarətə götürməliyik”.

Siyasi şərhçi Şahin Cəfərli də hazırda Ermənistanda yaranmış vəziyyəti – ordunun Baş Qərargahının Nikol Paşinyandan istefa tələb etməsini hərbi çevriliş cəhdi kimi qiymətləndirib:

“Baş Qərargahın baş naziri istefaya çağırmasından sonra Paşinyan da xalqı meydana səslədi. Belə görünür ki, Paşinyanın "İsgəndər" raket kompleksini aşağılayan sözləri Rusiyanın səbr kasasını dolduran son damla olub.
Bəri başdan qeyd edək ki, çevrilişin baş tutması və Moskvaya bağlı radikal millətçi, faşist qüvvələrin hakimiyyətə qayıtması bizim maraqlarımıza tamamilə ziddir”.

Siyasi icmalçı Asif Nərimanlı deyib ki, Paşinyanın öz tərəfdarlarını “Azadlıq” meydanına çağırması onun istefa vermək niyyətində olmadığını, İrəvanda qarşıdurmanın küçə toqquşmasına qədər gedə biləcəyini göstərir.


“Rusiya (xüsusilə Ermənistan ordusunun Baş Qərargahında güclü təsirə malik olan hərbi sənaye-kompleksi) Paşinyanın “İsgəndər” açıqlamasını bağışlamayacaqdı, bağışlamadı da. Burada iki versiya önə çıxır:

- Ya Putin Rusiyası Nikolla müəyyən dövr üçün işləmək planından vaz keçir və məsələni kökündən həll etmək istəyir;

- Ya da Rusiya hərbi-sənaye kompleksi Ermənistan ordusundakı qrupları hərəkətə keçirir (Rusiya daxilində müharibədən sonra yaranmış reallığı qəbul etməyənlərin olduğu məlumdur)”.

A.Nərimanlının sözlərinə görə, Ermənistanda çevriliş regiondakı proseslərin axarına da bu və ya digər formada təsir edəcək: “İndi hər şey Nikol Paşinyanın “Azadlıq” meydanında nə qədər adam çıxara biləcəyi və Qərbin nə edəcəyindən asılıdır”.

 

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı və onun müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib. 

Baş Qərargahda bütün idarə rəisləri, ordu birləşmələrinin komandirləri Paşinyanın istefasını tələb edirlər.

Paşinyan bu tələbi dövlət çevrilişinə cəhd kimi dəyərləndirib. O, xalqı meydana çıxmağa səsləyib.


“Bütün tərəfdarlarımı meydanlara toplaşmağa çağırıram. Yaxın zamanda mən canlı yayımda xalqa müraciət edəcəm”- deyə Paşinyan bildirib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu