Modern.az

“İsa Qəmbər Əli Kərimli birliyi sona çatdı” - MÜSAHİBƏ

“İsa Qəmbər Əli Kərimli birliyi sona çatdı” - MÜSAHİBƏ

Müsahibə

29 Avqust 2012, 14:12

“İsa Qəmbər bundan sonra Əli Kərimlini heç vaxt müdafiə etməyəcək”

Modern.az Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.

- Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizəd olacağı haqda açıqlaması siyasi müstəvidə birmənalı qarşılanmadı. İsa bəyin bu qərarına sizin münasibətiniz necədir?

- İsa Qəmbərin prezident seçkilərinə qatılması o deməkdir ki, Müsavat Partiyası növbəti seçkilərdə iştirak edəcək. Amma bundan dərhal nəticə çıxarmaq lazım deyil ki, İsa Qəmbər mütləq namizəd olacaq. Bu təbii ki, normal haldır. İsa Qəmbər həm bir fərd kimi, həm də siyasi partiya kimi prezident seçkilərinə qatılmaq niyyətindədir. İsa Qəmbərin bu çıxışını qeyri-adi hal kimi qarşılamaq doğru deyil. Tarixdə dəfələrlə olub ki, seçkilərə qatılsaq da, daha sonra seçkiləri boykot etmişik. Müsavat başqanı yəqin hesab edir ki, indiki halda seçkilərdə iştirak etməklə daha çox divident əldə etmək olar. İndiki reallıqda isə bu mümkün deyil.

- Sərdar bəy, siz necə düşünürsünüz, İsa Qəmbərin bu çıxışı  İctimai Palatanın, xüsusəndə AXCP və Müsavatın seçkilərdə ayrı-ayrılıqda iştirak edəcəyinə bir işarədir?

- Hər bir siyasi partiya seçkilərdə iştirakı ilə bağlı öz mövqeyini ortaya qoymalıdır ki, sonra digər partiyalarla seçkilərdə iştirak məsələsini müzakirə etsin. Tutaq ki, biz seçkilərdə iştirak etməyəcəyiksə, necə ola bilər ki,vahid namizədlikdən danışaq. İndiki durumda İsa Qəmbər bu çıxışı ilə Müsavat Partiyasının seçkilərlə bağlı məsələlərdə iştiraka açıq olduğu göstərir. Yəqin ki, AXCP tərəfindən də İsa Qəmbərin bu addımına adektav addım atılacaq.

- Siz dəfələrlə mətbuata açıqlamanızda  İctimai Palatanın seçkiöncəsi dağılacağını bildirmisiniz. İctimai Palatanın bundan sonrakı perspektivlərini necə qiymətləndirirsiniz? Sizcə, İsa Qəmbərin çıxışı İctimai Palatada nəyi dəyişəcək?

- Mən dəfələrlə demişəm ki, İctimai Palata vahid namizəd məsələsində ortaq mövqeyə gələ bilməyəcək. Bu da təbii ki, İctimai Palatanın seçkilər ərəfəsində fəaliyyətini mənasız edəcək. İdiki halda bunlardan bir çıxış yolu var ki, İctimai Palatanı saxlasınlar və AXCP də, Müsavat da seçkiyə ayrıca getsin. Hesab edirəm ki, müxalifətin ayrı-ayrılıqda seçkiyə getməsi indidən Azərbaycanın demokratik müxalifətinin iflası deməkdir. Bunun da məsuliyyətini seçkidə qatılan qüvvələr ödəyəcək. İctimai Palatanın bundan öncə də böyük bir perspektivi yox idi. Bu təşkilat əvvəlcə düzgün ideya üzərində qurulsa da, sonradan transformasiya olundu. İctimai Palatanın apardığı mübarizənin effekti ilə hər hansı kiçik partiyanın gördüyü iş arasında ciddi fərq yoxdur. Siyasi həyatda hər hansı fərqli imkanlarına görə İctimai Palata ilə Əhməd Orucun partiyasının elə bir əhəmiyyətli fərqi yoxdur.

- İsa Qəmbərin dünənki çıxışı ətrafında müxtəlif fikirlər səslənməkdədir. Bir çoxları AXCP-Müsavat dostluğunun pozulacağını bildirir. Sizcə, İsa Qəmbərin səsləndirdiyi fikirlər onun Əli Kərimli ilə münasibətlərinə mənfi təsir göstərəcəkmi?

- İsa Qəmbər görür ki, bir həftə bundan qabaq Əli Kərimli qəzetdə yazır ki, mənim namizədliyim məsələsində müxalifət ortaq fikirə gəlir. İsa Qəmbər demək istəyir ki, mən Əli Kərimlini müdafiə eləmirəm. İctimai Palatadakı qüvvələr bu məsələdə bir-birlərinə güzəştə getməyəcəklər. Azərbaycanda da bu iki şəxsi tanıyan bütün insanlar bilir ki, İsa Qəmbərlə Əli Kərimlinin birliyi göründüyü kimi səmimi deyil. Düşünürəm ki, AXCP bundan sonrakı proseslərdə Müsavatdan uzaqlaşaraq, özünə kənarda güc mərkəzi tapmağa çalışacaq. Ola bilsin ki, onlar öz aralarında belə razılığa gəlsinlər ki, İctimai Palatadan İsa Qəmbər istifadə etsin, Əli Kərimli də kənarda İctimai Palataya oxşar bir birlik yaratsın. Bunların heç biri Azərbaycan xalqının maraqlarına xidmət eləmir. Çox mənasız hərəkətlərdir.

-ADP-nin prezident seçkiləri ilə bağlı hansı planları var? Prezident seçkilərinə “Qarabağ” bloku çərçivəsində qatılmağı düşünürsünüz?

- Biz də öz növbəmizdə prezident seçkilərində iştirak edəcəyik. İlk növbədə biz müxalifətin vahid namizəd məsələsini aktual məsələ kimi görürük və dəstəkləyirik. Əgər qeyd etdiyim vahid namizəd məsələsi həll olunmasa, mövcud duruma əsasən biz də öz qərarımızı verəcəyik. Biz çalışacağıq düzgün qərar qəbul edək. Ən azı ADP olaraq seçkinin verdiyi imkanlardan istifadə edəcəyik. İndidən hansısa qərar vermək düzgün deyil. Ola bilsin ki, “Qarabağ” bloku çərçivəsində iştirak etdik. Amma başqa blok şəklində də prezident seçkilərinə qatıla bilərik. Biz situasiyaya baxacağıq. Əgər müxalifətin vahid namizəd məsələsi əldən çıxacaqsa yerdə qalan variantlardan istifadə edəcəyik.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!