Modern.az

Ayaz Mütəllibov: “Siyasi fəaliyyətin üstündən hələ xətt çəkməmişəm” - MÜSAHİBƏ

Ayaz Mütəllibov: “Siyasi fəaliyyətin üstündən hələ xətt çəkməmişəm” - MÜSAHİBƏ

26 Sentyabr 2012, 18:48

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov özü barədə, eləcə də ölkədəki vəziyyətə dair “Azadlıq” radiosunun suallarını cavablandırıb. Modern.az həmin müsahibəni təqdim edir.

– Ayaz müəllim, nə ilə məşğulsunuz, evdə olursunuz bütün günü? 

- Bəli, evdə oluram. Daha dəqiq desək, bağda qalıram. Sadəcə dincəlirəm. Bağ işlərinə baxıram. Ailəmin problemləri ilə məşğulam, belə də…    

– Elə, beləcə oturacaqsınızmı ya hansısa bir işlə məşğul olacaqsınız? 

- Yox, hələ ki, iş yoxdur.

– Olması ehtimalı var? 

– Onu deyə bilmərəm. O məndən asılı deyil (Gülür).

– Hər halda istəyərdinizmi olsun? 

- Yəqin ki, istəyərdim. Çünki, istənilən qədər təcrübəm var. Çünki vətənə xeyir vermək hamının müqəddəs borcudur. Mən də hələ o vəziyyətdə deyiləm ki, işləyə bilməyəm…

– Hansı sahədə çalışmaq istərdiniz? 

- Müxtəlif sahələrdə təcrübəm var. Bir çox sahələri öz biliyimlə təmin edərəm.

– Dövlət işində, yüksək məsuliyyətli vəzifələrdə işləyə, kömək edə bilərsinizmi? 

- Mənim o işlərə getmək imkanım yoxdur. Çünki bu, məndən asılı deyil. Lazım olsam, əlbəttə bacararam. Niyə də bacarmayım. Mənim tərcümeyi-halıma baxsanız, fəhləlikdən ölkənin ilk prezidentinə qədər yol keçmişəm.

– Eks-prezidentlərə aid qanunun imkanlarından yararlana bilirsinizmi? Dolanışıq necədir, qane edirmi? 

- Bəli yararlanıram. Təqaüddəyəm də. Hələ ki, belədir.  

– Bu yaxınlarda «İnterfaks»a müsahibənizdə mərhum prezident Heydər Əliyev və indiki dövlət başçısı İlham Əliyev haqqında xoş sözlər demişdiniz. Fikirləriniz cəmiyyətdə birmənalı qarşılanmayıb. Sizin həmin fikirlərlə özünüzü qoruduğunuzu deyənlər də var, bununla kimlərinsə xoşuna gəlmək istədiyinizi bildirənlər də. 

- Xeyr. Bunlar mənim səmimi sözlərimdir. Heydər Əliyev, eləcə də İlham Əliyev haqqında dediklərimin arxasında heç nə dayanmır. Onlar barədə öz fikrimi necə var, elə də ifadə etmişəm.

– Yenidən siyasətə qayıtmaq ehtimalınız varmı, ola bilərmi belə bir şey? 

- Hər şey ola bilər bu dünyada. İstənilən vətəndaş siyasətlə məşğul ola bilər. O cümlədən də mən. Ancaq mənim hələ ki, belə bir planım yoxdur.

– Hər halda siyasi fəaliyyətin üstündən tamamilə xətt çəkməmisiniz. 

- Yox. Niyə də xətt çəkim ki? Həyatdır, hər şey ola bilər. Ölkəyə lazım olsa, nə olar, ölkənin, xalqın xeyrinə biz də məşğul olarıq.

– 2013-cü ildə prezident seçkiləri olacaq. Bu seçkilərdə kimisə dəstəkləmək ehtimalınız var? 

- Mən ömür boyu dövlətə xidmət edən adam olmuşam. Həmişə dövlətçiliyə xidmət edən addımlar atmışam. Bu baxımdan hesab edirəm ki, dövlətdə müəyyən islahatlar aparan möhkəm adamlar təmsil olunmalıdır. Məsələn, mən 20 il Azərbaycanda olmamışam. Baxıram nəinki Bakı, rayonlar, rayon mərkəzləri, başqa şəhərlər elə bir inkişaf tapıblar ki, buna başqa ad vermək mümkün deyil. Ancaq bizim demokratik təcrübəmiz, demokratik mühitdə davranmaq, yaşamaq təcrübəmiz hələ ki, məhduddur. Çünki 90-cı illərdən əvvəl bizim demokratiyaya böyük bir zərbə vuruldu. Ona görə də, bu illər ərzində bu vaxtadək demokratik qüvvələri təmsil edən siyasi qurumlar sırf radikallığı özlərinə borc görürlər. Mən isə həmişə radikallıqdan kənar adam olmuşam. İndi də elə bu mövqedə qalıram.

– Sizcə, əslində necə olmalıdır? 

- Baxıram qəzetlərə, istənilən qədər tənqidi materiallar var. Müxalifətin öz sözünü cəmiyyətə çatdırmaq imkanı var. Bu da elə demokratiyanın bir növ təzahürüdür.

– Bəs «radikal» deyəndə, nəyi nəzərdə tutursunuz? 

– Yəni ayağını yerə dayayıb deyirlər ki, başqa cür yox, hökmən onlar dediyi kimi olmalıdır. Amma biz hələ ki, keçid dövrünü başa vurmamışıq. Heç bir qüvvə tapılmaz deyə bilsin ki, iqtidara gəlsə, tezliklə bütün məsələləri həll edəcək. Belə vədləri biz dəfələrlə eşitmişik.

– Azərbaycanı necə görmək istəyərdiniz?  

- Azərbaycanı Avropa standartlarına uyğun vətəndaş cəmiyyəti olan demokratik dövlət kimi görmək istərdim.

– Azərbaycanın demokratiya məsələsində Rusiyadan götürəcəyi nəsə varmı? 

- Rusiyada demokratik islahatlar mən təsəvvür edən sürətlə getmir.

– Azərbaycanda bir tərəfdən korrupsiya ilə mübarizə aparıldığı bildirilir, digər tərəfdən bəzi deputatların adı korrupsiyada hallanır, bu barədə videomateriallar yayılır. Bu cür halları necə dəyərləndirirsiniz? 

- Bu, acınacaqlı haldır. Bunlar heç kimə şərəf gətirmir. Ona görə də, korrupsiya ilə mübarizə daha ciddi davam etdirilməlidir. Belə hallar araşdırılmalı, müzakirə olunmalı və tədbirlər görülməlidir. 

– Azərbaycanın indiki vəziyyətində, Sizcə, hansı islahatları aparmaq və ya sürətləndirmək daha zəruridir? 

- Mən ilk növbədə iqtisadi islahatlardan danışardım. Yəni, Azərbaycanda monopoliya təcrübəsinə son qoymaq lazımdır. Azad sahibkarlığa gəldikdə isə, məncə, orta, kiçik sahibkarlıqla məşğul olmağa hamının ixtiyarı çatmalıdır. İnzibati orqanlar bu cür müəssisələrə, sahibkarlara tam şəffaf münasibət bəsləməlidirlər ki, onlar həm özləri, həm xəzinə üçün əllərindən gələni etsinlər. Hökumət buna yalnız və yalnız təkan verməlidir. Bu cür islahatlar olmayanda, dövlət zəifləyir və müəyyən narazılıqlar yaranır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir