Modern.az

Rusiyanın Türk Şurasına üzv olmaqda məqsədi nədir? – MÖVQE

Rusiyanın Türk Şurasına üzv olmaqda məqsədi nədir? – MÖVQE

24 May 2021, 15:22

Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, Rusiya türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istəyir və Türk Şurasına qoşulmağa hazırdır.

 

“Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”-deyə Lavrov söyləyib.

Rusiyalı diplomatın siqnalı olduqca böyük səs-səda doğurub. Bəs Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Rusiyanı üzv qəbul etməyə hazırdırmı?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Elxan Şahinoğlu bildirib ki, son vaxtlar Türk dilli dövlətlərin inteqrasiyası sürətlənib. Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra Mərkəzi Asiya ölkələrinin türk inteqrasiyasına maraqları artıb:

“Rusiya da bu prosesləri çox diqqətlə izləyir. Keçmişdə Rusiya düşünürdü ki, bu proseslər ona qarşı yönəlib. Amma indi yaxşı anlayır ki, türkdilli ölkələrin şurası kiməsə qarşı yönəlməyib. Tam əksi olaraq, inteqrasiyanı, birliyi sürətləndirir və əməkdaşlıq zəmini hazırlamaq məqsədi daşıyır. Rusiyada bu prosesə qoşulmaq istəyir. Çünki Rusiyada türk dilli xalqlar çoxluq təşkil edir. Rusiyada yaşayan 20 milyon müsəlmanın təxminən 11 milyonu məhz türkdillilərdir. Bu hesabla Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Bu mənada Rusiya da özünü türk dünyasının kiçik də olsa, tərkib hissəsi kimi qələmə vermək istəyir. Ona görə də, bu məsələyə baxıla bilər. Əsas odur ki, Rusiya türk inteqrasiyasını özünə qarşı qrup kimi görməsin”.

 

Politoloq həmçinin qeyd edib ki, Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi və ya üzvlük statusunda qatılmasının əsas məqsədlərindən biri üzv dövlətləri özünə yaxın saxlamaqdır.

 

 Aysel Məhərrəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?