Modern.az

Rəsmi Bakının Brüsseldən üç GÖZLƏNTİSİ

Rəsmi Bakının Brüsseldən üç GÖZLƏNTİSİ

7 Oktyabr 2021, 11:41

Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul etdi. Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu deyən Petr Mixalko Brüsselin Bakı ilə iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazır olduğunu dedi.

Modern.az-ın məlumatına görə, bu görüşü şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Brüsselin Bakıdan daha bir gözləntisi var:

“Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması Brüsselin əsas prioritetidir. Bunu İlham Əliyevlə görüşdə Petr Mixalko da vurğuladı. Avropa İttifaqının nümayəndəsi bildirdi ki, yeni saziş ikitərəfli əməkdaşlığın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.

Sazişin imzalanması xeyli uzanıb. Azərbaycandan başqa tərəfdaş ölkələr Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar. Sazişin imzalanmasının uzanması Azərbaycanın maraqlarına cavab vermir, danışıqları intensivləşdirməyə ehtiyac var”.

Ekspertin sözlərinə görə, İlham Əliyev Petr Mixalko ilə görüşdə Avropa İttifaqı ilə əməkdaşlığı səmərəli və uğurlu adlandırdı. Azərbaycan prezidentinin sözlərindən aydın oldu ki, rəsmi Bakının Brüsseldən üç gözləntisi var.

“Birincisi, Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz nəqlini artırmaq istəyir. Bu Avropanın da maraqlarına uyğundur. Hazırda Avropa ölkələrinin bir çoxunda qazın qiyməti dəfələrlə artıb. Avropanın qaza tələbatı artıb. Brüsselin Avropanın əsas qaz təhçizatçısı Rusiya ilə münasibətlərində problemləri var. Odur ki, bu şəraitdə Azərbaycanın Avropaya Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlini artırması hər iki tərəf üçün faydalıdır.

İkincisi, rəsmi Bakı Avropa İttifaqının yük daşımalarında Azərbaycanın dəniz və quru yollarından istifadə etməsini istəyir. Avropa İttifaqının prezidenti Şarl Mişel Bakıya son səfəri zamanı nəqliyyat dəhlizləriylə tanış olmuşdu. Azərbaycan nəqliyyat infrastrukturu şəbəkəsinin bütün vacib elementlərini tamamlayıb.

Üçüncüsü¸ rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının danışıqlarda fəal iştirakını arzulayır. “Əgər Avropa İttifaqı danışıqlarda fəal iştirak etsə bu, bir çox sahələrdə bizə kömək edə bilər” - deyən İlham Əliyev faktiki Brüsseli bölgədə sülh quruculuğunda iştirakına yaşıl işıq yandırıb.

Beləliklə, rəsmi Bakı Avropa İttifaqı ilə əlaqələri inkişaf etdirməyə hazırdır. Bu Azərbaycanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Rəsmi İrəvan da Ermənistana böyük maliyyə ayıran Brüsselin fəallığına etiraz etməz”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi