Modern.az

Paşinyan Karapetyanı niyə göndərdi və nələr ola bilər? 

Paşinyan Karapetyanı niyə göndərdi və nələr ola bilər? 

15 Noyabr 2021, 15:32

Ermənistan müdafiə naziri Arşak Karapetyan işdən çıxdı: baş nazirin müavini Suren Papikyan yeni nazir təyin olundu; Paşinyan Təhlükəsizlik Şurasının iclasında etiraf edib ki, Azərbaycan Ordusu bir neçə istiqamətdə irəliləyib və hadisələrin analizindən sonra Karapetyanın vəzifəsindən azad edilməsi qərarı qəbul olunub.


Paşinyan Karapetyanı “günah keçisi” etdi:


Birincisi, sərhəddə üzləşdikləri biabırçı vəziyyətin məsuliyyətindən yayınır: Karapetyanın Qarabağa səfəri, 60 erməni hərbçinin sərhəddə irəliləmək cəhdi təkbaşına verdiyi qərar deyildi. Moskvanın istədiyi üçtərəfli görüşdən yayınan Paşinyan vaxt qazanmaq və görüşə qədər sərhəddə üstünlük qazanmaqla masaya əyləşmək istəyirdi. Cəhdlər nəticə vermədi:


- 60 erməni hərbçini ordumuz mühasirəyə aldı və geri qaytardı;


- Azərbaycan bir neçə kilometr məsafə irəlilədi;


- Erməni hərbçilərin Azərbaycan Ordusu qarşısında düşdükləri vəziyyətin görüntüləri Ermənistan ictimaiyyətində hakimiyyətə qarşı ciddi etiraz yaratdı.


Paşinyan çıxış yolunu baş verənlərin məsuliyyətini müdafiə nazirinin üzərinə qoymaqda gördü.


İkincisi, Karapetyanı qovan Paşinyan bununla Moskvanın qurmaq istədiyi masanı dağıtmaq istəyən tərəfin özü olmadığının mesajını verir: Karapetyan Rusiyaya yaxınlığı ilə tanınan hərbçi idi, onun nazir kimi əsas səfər ünvanlarının Moskva olduğu da bunu deməyə əsas verir; Nikol son hadisələrdə Moskvaya yaxın nazirin günahkar olduğu mesajını verməklə həm də “Rusiya barmağına” işarə edir;


Baş verənlər Paşinyana hərbi rəhbərlikdə kadr istəyini reallaşdırmaq şansı verdi: Karapetyanla yanaşı, baş qərargah rəisi Artak Davtyan da (Karapetyanın gedişindən sonra silah alışına görə Davtyana qarşı ittiham irəli sürüldüyünə dair məlumatlar diqqət çəkir) Moskvaya yaxın şəxsdir; Nikolun “sağ qolu” olaraq tanınan Papikyanın müdafiə naziri olması ən azı orduda balans yaratmağa imkan verə bilər;


Ermənistan müdafiə nazirinin dəyişdirilməsi hadisələrin mümkün inkişafına dair gözləntilər də yaradır:


- Günahı hərbçilərin üzərinə yıxan Paşinyan Moskvanın quracağı masaya gələ bilər: baş verənlər üçtərəfli masada razılaşmaq üçün Nikola imkan verir ki, erməni cəmiyyətinə “maraqlarımızı qorumaq üçün əlimizdən gələni etdik, razılaşmasaq daha çətin ola bilər” deyə bilsin; Azərbaycanın Gorus-Qafan yolundan sonra Qafan-Çakaten yolunda da gömrük məntəqəsi qurması da Paşinyanın ictimai rəydə haqq qazanmaq imkanlarını genişləndirir;


- Mülki şəxsin – Papikyanın nazir olması erməni ordusu daxilində köhnə zabitlərlə yeni rəhbərlik arasında narazılığın yaranması ilə nəticələnə bilər: bu məsələdə Davtyanın taleyi xüsusi rol oynayacaq.



Asif Nərimanlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?