Modern.az

“17 yaşında o cür oğul itirdim və çərləyib ölmədim” - şair Zakir Fəxri ilə irfani SÖHBƏT

“17 yaşında o cür oğul itirdim və çərləyib ölmədim” - şair Zakir Fəxri ilə irfani SÖHBƏT

Müsahibə

12 Dekabr 2012, 10:36

“Elə başa düşürəm ki, mən bütün insanlığın şeirini yaza bildim”

Bu dəfə müsahibimiz sufi görkəmli, sufi düşüncəli, öz fərqli dəsti-xətti ilə modern poeziyamızda yeni üfüqlər açmış şair Zakir Fəxridi. Onunla ünsiyyət bizə sözün məna karvanı ilə hikmətlər dünyasına səyahəti xatırlatdı. Orta əsr sufizmində hikmət həmişə gəzərgi dərvişlərlə bərabər el-el, oba-oba, çöl-çöl gəzib və özünü insanlarda ehtiva edib. Çağdaş dövrümüzün də öz “dərvişləri” var ki, söz onlardan keçməklə özünün hikmət məqamına çatır.

- Yaradıcılığınızda ədəbiyyatla sufizmin ortaq sintezini yarada bilmisizmi?

- Mən ədəbiyyatı həmişə İlahi bir qüvvəylə bağlayıram. Allahın verdiyi və elmin-düşüncənin inkişaf etdirdiyi İlahi qüvvə. Bütün ömrümü sufiliyi sevməklə keçirmişəm.Bu mənim kredomdu.

- Sufizm, poeziya və dünya üçlüyünün ortaq nöqtəsində dayanmaq çətin deyil ki?                 

- Həmişə fikirləşirəm,  axı niyə mən insanlar içində qəribəm? Dostlarımın da içində, ailəmin də içində qəribəm. Nəvələrimin də yanında qəribəm. Saçlarını bir az tumarlayıram. Lakin yenə də özümü qərib hiss edirəm. Belə fikirləşirəm ki, mən bu dünyaya azıb gəlmişəm.

Yolumu sarpdim deyəsən
Bu dünyaya azıb gəldim
Göy üzü dərddən çatladı
Qoşulub bir damla suya
Mən o çatdan sızıb gəldim

- Bir sufi kimi insan mənəviyyatı üçün arzuolunmaz hal sayılan, lakin çağdaş ədəbiyyatı bürüyən “mən”lərə  munasibətinizi öyrənmək istəyərdik...

- Ədəbiyyatda “mən” sözü çox ağır bir yükdü. Qurani Kərimdə “Şairlər” surəsində - “Səni ona görə cahanın əşrəfi yaratdım ki , ən böyük şeytandan “mənlərdən” azad olasan” deyə vurğulanır. Allah deyər, “Yer üzündə hər bir şöhrət qəbir evinə qədərdi. Mənim verdiyim şöhrət isə əbədidir”. Füzuli, Rumi, Nəsimi də  bax odur. Şekspir və Bayronda haqqın verdiyi şöhrətdi. Dünyada hər evdə Şekspir var. İngilis məhz, bununla qalib gəldi. Biz də Nizami, Füzuli, Rumiynən qalib gəldik.
Rumi heç vaxt yazdığını boynuna almayıb. Deyir, Şəms Təbrizi yazib onu. Yəni ki, “mən” deyə alovlanmayıb. Kimin kim olmasını zamandan zamana keçən aforizmlər göstərir. Zamandan zamana addamaq üçün bir misra da yetərlidi. Ədəbiyyat insana və   bəşəriyyətə bağlıdı.

- Dünyaya  mistik baxışınız var.  Həyatda mistik  hadisələrlə üzləşmisizmi?

- Çox təlatümlü həyatım olub. Mən bu dünyada hər şeyi görmüşəm. Həm dustaq həyatı, həm iki yaşımda hovuzda boğulmağım... Hərdən elə fikirləşirəm ki, bu dəqiqə gedib özüm-özümü sudan çıxardacam. Mən sudan çıxmışam. Anam söhbət edirdi ki, o suda çox qalmışam. Hovuzun içində gəzməyim yadımdadı, məni bir əl dartıb çıxartdı ordan. Amma o anam deyildi. Mən hovuzdan çıxdım və həyata ordan gəldim.

- Yaradıcılığınızda hansı forma və məzmun özəlliyi var?

- 18-19  yaşımda da sevgidən yazmamışam. Yaqub Məmmədov Füzilidən oxuyurdu, dedim mənim bundan nəyim əskikdi. Mən də yazacam. Ədəbiyyata məhz, bu cür qısqanclıqdan gəldim. O vaxt yazdıqlarıma baxıram və görürəm ki onlarda maddilik yoxdu, üsyan var. Elə başa düşürəm ki, yaradıcılığımda mən bütün insanlığın şeirin yaza bildim. Əruzu bilməyə bilməyə əruzu yazmışam. İçim muğamla dolu olub. Yazdığım əruzun səviyyəsi heç də başqa əruzlardan aşağı olmurdu.

- Təsavvüfün başdan –başa kodlarla əhatələndiyini bilirik. Bəs Zakir Fəxri poeziyasında hansı müəmmalı şifrələr var?

- Sufizm özü  4 mərhələdən keçir və sonda həqiqət məqamına çatır. Mən dünyanı gördüyüm qədər görürəm. Sadəcə mən dünyanı poetik kodlarla görürəm. Məsələn, anam sağ olanda onun ölümünə şeir yazmışam və inanıram ki, o misra min il qalacaq . Demişəm- “Qara torpaq muğayat ol anamdan!” “Bir az da gəldim yaxına” adli şeirim var. Burada bütün heyatın fəlsəfəsi var.

Qopdum odumdan közümdən
Əllərim qopdu dizimdən.
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına.

Allahi Söz, Sözü Allah yaratdi. Bütün dünyanın fəlsəfəsi bax bundadi. İnsanın gözləri, barmaqlari onun üçün bir koddu. O bundan heç hara qaça bilməz. Mən başqa şeyi yazmaq istəyirəm amma tam başqa nəsə alınır.

- Sufizmin əsas kimyası olan “dərd” haqqında nə deyə bilərsiz. Dərd sizin üçün nədir? Bəlkə o da bir xüsusi koddur?

- Muğamı beş barmağım kimi bilirəm. Amma azan  mənim üçün ən mənalı sədadı. Məni həyata bağlayan məhz budur. Bu dərddi. Həyat budur. O səsdə Allahın İlahi gücü var. Bir gün Həsən Bəsri oturub dünyadan danışırmış. Bu zaman dəvə karvanından biri gəlir amma söhbətə qoşulmur. Deyir ki, siz dünyadan danışırsız mən isə şərabdan  gəlmişəm. Məni şəraba səsləyirlər. Bunu deyir və çıxıb gedir.
Dərd özü anlamaqadır və Allaha doğru addımlamaqdı. Dərd Müqəddəs ruhun məskənidi. Məsihada da var. Deyir – gördüm Yer yoxa çıxdı. Baxdım ki, bir qarı qəfildən dönüb gözəl bir qız oldu. Yaxınlaşanda soruşdum -“ərin hanı?”. Dedi, “mənim çox ərim olub. Hamısını yemişəm”. Birdən dönüb bu dünya oldu. Ayağımın altındakı Yer oldu. Hamını yeyən bu dünyadan qaçmağın əsas şərti dərddir

- Deməli Zakir Fəxri üçün dərd və sufizm elə  həyatın özü deməkdir...

- Bu dünya mənimçün son deyil. İkiəlli yapışmamışam. Məni də bu dərdə aşina edən onu saxlayan Allah özüdür. Mən 17 yaşında o cür oğul itridim və çərləyib ölmədim. O qədər ölən, beli sınan ata-analar gördüm ki!
Bəşəriyyətin xilasi sufilikdir. Dünyanı dərd xilas edəcək,  başqa heç nə yox!. Dərd olmayan yerdə sevgi ola bilməz. Çünki dərd anlamaqdır. Sən onun ağrısını özündən keçirib dərk etməlisən. Bax onda insan olursan. Sən onun sevgisini anlayırsan, bax , onda insan olursan.

- “Vəhdəti –vücudun əsas düsturu olan “hər şey Yaradana qayıdacaq” fikrini poeziyanızda göstərə bilmisizmi?

- Qəzalinin çox məşhur bir deyimi var. O, tamahdan keçib təmizlənməyi üstün tuturdu. Ona görə tərki- dünya deyildi. İnsan burda təmizlənib Allaha doğru getməlidi. “Sənin olan yalnız gəmi qəzaya uğrayacağı vaxt itirə bilməyəcəklərindi. İnsan təmizlənə-təmizlənə Yaradana doğru ucalır.

- Gənclərə kimləri oxumağı məsləhət görürsüz?

- Həsən Bəsrini oxusunlar. Çünki kök, mənbə , zühur odur. Böyük müəllim sayılan Qəzalini , sonra Nəsəfi, Yunus Əmrə və Rumini oxusunlar.

- Onlar haqqında nəsə elmi araşdırmalar aparırsız?

Xeyr, mən özüm də onları hələ ki oxuyuram...

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır