Modern.az

Prezident təqaüdçüləri: “Qardaşım mənim nəticəmi keçəcəyinə söz verib” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Qardaşım mənim nəticəmi keçəcəyinə söz verib” - MÜSAHİBƏ

Müsahibə

14 Mart 2022, 11:56

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 250 manat Prezident təqaüdü alacaqlar.


Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.


Qənirə Qurbanlı Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbi bitirib. Qəbul imtahanaları zamanı 661.5 bal toplayıb. Hazırda ADA Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.


Qənirə təhsillə bağlı fikirlərini Modern.az-la bölüşüb:


- Qənirə, neçənci sinifdə qərar verdin ki, iqtisadçı olacaqsan? Arzun harada təhsil almaq idi?


- 8-ci sinifdən artıq öz qrupumu və ixtisasımı seçmişdim. Xəyalım ADA Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmaq idi və belə də oldu.
 

- Ali məktəbə necə hazırlaşırdın? Bəzən valideynlər övladlarının dərs oxumalarını tələb edirlər. Sənin də valideynlərin dərs çalışmağın üçün hər hansı bir tələb irəli sürürdülər?
 

- Ali məktəbə hazırlaşmaq üçün 2 il hazırlığa getmişəm, amma 1-ci sinifdən dərslərimi yaxşı oxumuşam. 9-cu və 11-ci sinfi fərqlənmə attestatı ilə bitirmişəm. Valideynlərim heç vaxt dərs oxumağımı tələb etməyib, çünki həmişə həvəslə yüksək nəticə qazanmaq üçün çalışmışam.
 

- Asudə vaxtların olurdumu? Olurdusa, onu necə dəyərləndirirdin?
 

- Asudə vaxtmlarımın çox olduğunu deyə bilmərəm, amma bacardığım qədər özümə vaxt ayırmağa, dostlarımla vaxt keçirməyə çalışırdım. Bir çox abituriyentlərdən fərqli olaraq, sosial şəbəkələrdən də istifadə edirdim. Bəzən əyləncə üçün, bəzən isə imtahan haqqında faydalı məlumatlar öyrənmək üçün.
 

- İqtisadçı olmaq arzun idisə, o zaman gələcəkdə mütləq bu sahə üzrə çalışacaqsan?
 

- Öz sahəm üzrə gələcəkdə peşəkar bir iqtisadçı olacağıma əminəm və Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün əlimdən gələni edəcəyəm.
 

- Qənirə, xəyalların gərçək olması necə bir hissdir?
 

- Xəyalımın gerçək olması sözlərlə ifadə edə bilməyəcəyim qədər möhtəşəm bir hissdir. Hər gün ADA tələbəsi olduğum üçün fəxr edirəm.
 

- Ailənizdə səndən başqa ali təhsil alan bacı-qardaşın var?
 

- Valideynlərimin ali təhsilli olması ailəmizdə təhsilə olan marağı həmişə artırıb. Hazırda isə bacım magistr təhsili alır, 6-cı sinifdə oxuyan kiçik qardaşım isə mənim nəticəmi keçəcəyinə söz verib.
 

- İndi gənclər təhsillərini xaricdə davam etdirmək istəyirlər. Sənin də belə bir arzun var?


- Təhsilimi xaricdə davam etdirmək həyatımdakı ən böyük arzumdur. Gələcək təhsilimi xaricdə davam etdirəcəyimə inanıram və bunun üçün çalışıram.
 

- Prezident təqüdçüsü olacağını düşünmüşdün?


- Yüksək bal toplayacağıma inanırdım, amma prezident təqaüdçüsü olacağım ağlımıza belə gəlməmişdi.
 

- Artıq builki məzunlar üçün buraxılış imtahanları başlayıb. İmtahan verən şagirdlərə nə demək istəyərsən?
 

- İmtahana hazırlaşan şagirdlərə demək istərdim ki, sadəcə səbirli və inamlı olsunlar, nə olursa olsun, ruhdan düşməməyə çalışsınlar. Hər bir uğur əzmkarlıqdan başlayır və çalışqan abituriyentlərin əziyyəti yüksək nəticələrlə qiymətləndirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?