Modern.az

“İnsanların “El” hərəkatına olan marağı özümüzü də heyrətləndirir” - MÜSAHİBƏ

“İnsanların “El” hərəkatına olan marağı özümüzü də heyrətləndirir” - MÜSAHİBƏ

28 Mart 2013, 13:17

Eldəniz Quliyev: “Gözümüzü yumub barmağımızı xəritənin hansı nöqtəsinə qoysaq, orda artıq bizi dəstəkləyənlər var”

Modern.az saytı “El” hərəkatının təşəbbüs qrupunun üzvü Eldəniz Quliyevlə müsahibəni təqdim edir.

- Eldəniz bəy, “El” hərəkatı olaraq bayram günlərində bölgələrə səfərləriniz oldu. İlk öncə səfərlərinizlə bağlı təəssüratlarını öyrənək. Bölgələrdə sizi necə qarşıladılar?

- Bölgələrə Eldar Namazov, Zəfər Quliyev və Köçəri Nağıbəyli səfərə getmişdi. Bayram ərəfəsində mən də Bakı kəndlərində işləyirdim. Bizim səfərləri sözlə ifadə eləmək olsaydı, bu heyrət idi. Biz özümüz heyrətə gəldik ki, nə qədər çox insan bu hərəkatın fəaliyyəti ilə maraqlanır. Burada həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri var idi. Bizi çox hörmətlə qarşıladılar. Səfərlərimiz, bölgələrdə insanlara görüşlərimiz gözlədiyimizdən də effektli alındı. İnsanlarla görüşüb onların problemlərini dinlədik, səmimi söhbətlərimiz oldu.

- Daha çox hansı rayonlar sizi dəstəkləyirlər?

- Bir çox rayonların adlarını çəkmək olar. O cümlədən, İsmayıllıda, Qazaxda, Ağstafada, Göyçayda, Şamaxıda, Qobustanda həmçinin, Abşeronun kəndlərində Maştağa, Nardaran və digər yerlərdə “El” hərəkatının kifayət qədər eloktoratı var. Gözümüzü yumub xəritənin hansı nöqtəsinə qoysaq, orda artıq bizi dəstəkləyənlər var.

- Bölgələrdən söhbət düşmüşkən, “El” hərəkatı təqdim olunanda bildirmişdiniz ki, 35 rayon və şəhərdə təşəbbüs qrupunuz var. Hərəkata yeni qoşulan bölgələr varmı?

- Biz mətbuatda qeyd eləmişdik ki, “El” hərəkatına 35-36 rayon və şəhər qoşulub. Bu rayon və şəhərlərdə bizim təşəbbüs qruplarımız var. Bu rəqəmlər artan silsilə ilə çoxalır. Hesab edirəm ki, 5, 10 gündən sonra yəqin ki “El” hərəkatı 60, 70 rayon və şəhəi əhatə edəcək. Bu istiqamətdə işlərimiz davam edir.

- “El” hərəkatı olaraq yenidən bölgələrə səfərləriniz olacaqmı?

- Bölgələrə səfərlər ənənəvi olacaq. Yenidən bölgələrə getməyi düşünürük. Ofisdə oturub müəyyən tədbirlərlə yanaşı, bölgələrdə də görüşlərimiz, tədbirlərimiz davam edəcək.

Qeyd edim ki, səfərlərimiz çoxdur. Bir-iki saatdan sonra Eldar Namazovla mənim bir səfərimiz var. Bəzi maneələr ola bilər, buna görə açıqlama vermək istəməzdim.

- “El” hərəkatının təşəbbüs qrupuna yeni qoşulanlar varmı?

- Təbii ki, hərəkata yeni qoşulanlar var. Həm fərd olaraq, həm ictimai təşkilatlar, o cümlədən siyasi partiyalar var ki, “El” hərəkatına qoşulmaq təşəbbüsündə bulunublar. Yəqin bu yaxınlarda şahidi olacaqsınız ki, kimlər bizə qoşulublar. “El” hərəkatına Azərbaycanda ictimai-siyasi müstəvidə çox tanınan insanlar qoşulublar.

- Qeyd etdiniz ki, “El” hərəkatına xeyli sayda tanınmış insanlar qoşulublar. Konkret olaraq bir neçəsiniz adını çəkə bilərsinizmi?

- Vallah onların sayı o qədərdir ki, birinin adını çəkib digərini unutsam, düzgün olmaz. Yüzlərlə ad çəkmək olar. Amma, yaxın zamanlar hər biriniz onların kimliyini biləcəksiniz.

- Eldəniz bəy, xaricdə necə, sizi dəstəkləyən insanlar varmı? “El” hərəkatı olaraq ölkə hüdudlarında kənarda da təmsil olunacaqsınızmı?

- Mənim səmimiyyətimə inanın ki, xaricdən də xeyli sayda bizə dəstək verən insanlar var. Ölkə xaricindən “El” hərəkatını təmsil eləmək üçün bizdə xahişlə müraciətlər edirlər. Bu məsələyə də baxacağıq bu günlərdə. “El” hərəkatı təkcə, ölkə daxilində deyil, ölkənin hüdudlarından kənarda da təmsil olnacaq.

- Hərəkatınızın yeni planları nədən ibarətdir? Biz az da bu haqda danışaq...

- İnşallah yeni planlarımız çoxdur. Bu yaxınlarda “El” hərəkatının Ağsaqqallar Şurası yaradılacaq, Məclisimiz formalaşacaq. O zaman şahidi olacaqsınız ki, nə qədər nüfuzlu və mütərəqqi fikirli insalar “El”də təmsil olunurlar. İşlərimizlə mətbuata mütəmadi olaraq açıqlamalar veriləcək.

- Eldəniz bəy, sonda Ziyalılar Forumunun fəaliyyətinə toxunmaq istərdik. Nədənsə “El”i təqdim etdikdən sonra ziyalıların fəaliyyəti hiss olunmur. Hətta mətbuatda da ara-sıra Ziyalılar Forumunun fəaliyyətinin dayanması haqda söz-söhbətlər dolaşır.

- Rafiq müəllimlə dünən danışmışam, o, hazırda xaricdədir. O, xaricdən gələn kimi Ziyalılar Forumunun növbəti toplantısını keçirəcəyik. Ziyalılar Forumu Azərbaycanda baş verən sosial, ictimai-siyasi hadisələrin fövqündə duran və hər bir taleyüklü məsələyə öz münasibətini bildirən və Azərbaycanı doğurdan da ədalətli ölkə görmək üçün əlindən gələni edəcək. Bundan sonra da Ziyalılar Forumu işinə davam edəcək. Yəni, Ziyalılar Forumunu bundan sonra da öz fəaliyyətini aktiv şəkildə davam etdirəcək.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?