Modern.az

Hadı Rəcəbli: “Düşmən dosta çevrilir” - MÜSAHİBƏ

Hadı Rəcəbli: “Düşmən dosta çevrilir” - MÜSAHİBƏ

Müsahibə

30 İyul 2014, 16:12

30 iyul tarixi dünyada Beynəlxalq Dostluq günü kimi qeyd olunur. Ünsiyyət quran insanların bir-birinə dost münasibətdə olması əsas şərtlərdən biridir. Müşahidələr göstərir ki, son illər texniki tərəqqi dövrünü yaşadan sosial şəbəkələrdə vaxt keçirən insanlar dostluq məfhumunun mahiyyətini unutmağa doğru gedirlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Beynəlxalq Dostluq günü ilə əlaqədar Modern.az saytına maraqlı müsahibə verib. Müsahibəni sizə təqdim edirik.  

- Bu gün Beynəlxalq Dostluq günüdür.  Cəmiyyətdə sədaqətli, əsl dost kimi tanınan Hadı müəllim, dostluq məfhumunu necə dəyərləndirir?

- Əvvəla, dostluq məfhumu geniş,  fəlsəfi və mənəvi məna ifadə edir. Həmçinin, dostluq məfhumu bütün insani keyfiyyətlərdən ən yüksəkdə dayanır, bir sıra dəyərləri ilə öndə qərar tutur. İnsan iki hissə məhkumdur. Birincisi məhəbbət, ikincisi isə dostluq. Məhəbbət o deməkdir ki, həyatı, insanları, gözəlliyi və xanımını sevirsən. Həyat yoldaşı ilə məhəbbətin sonrakı mərhələdə dostluğa çevrilməsi ünsiyyətin kulminasiyasıdır. Zənnimcə bu, ən ideal dostluqdur. Atalarda belə bir məsəl var: deyir “filankəs necə adamdır?”, cavab verir ki, “onunla yol yoldaşı olmamışam”. Ona görə də yoldaşlıq düşünürəm ki, dostluğun təməlidir.

- Hadı müəllim, dostluq məfhumunu hər kəsin anlayacağı dildə şərh etdiniz. Maraqlıdır, BMT nə üçün məhz bu tarixi dünyada Beynəlxalq Dostluq günü elan edib? 

- Çox maraqlı sualdır. Zaman-zaman BMT təqvimdə  bir sıra günləri tarixə salır, bu və ya digər sosial problemlərlə adlandırır. Beləliklə, dünya ictimaiyyətinin diqqətini bu və ya digər xalqları, dövlətləri  düşündürən ciddi problemlərə yönəltməklə sanki bir mesaj göndərir. Məsələn,  Beynəlxalq Ailə günü, Beynəlxalq Uşaqlar günü və sairə.  Bunlar cəmiyyətin reallıqlarıdır,  çətinlikləridir, gedən narahat  proseslərdir.
Son illər müşahidə edirsən ki, insanlar  internetdə, Facebook-da, digər social şəbəkələrdə yazışa-yazışa fərdi münasibətləri virtual münasibətlərə keçirir. Beləliklə, dostluqda olan  ən gözəl keyfiyyətlər itir. BMT  məhz buna görə insani keyfiyyətlərin itməməsi üçün Beynəlxalq Dostluq gününü yaratdı və bu mövzunu  gündəmə gətirdi.

- Sizcə, indi beynəlxalq və insani münasibətlərdə yaranan qarşıdurmaların, gərginliklərin yaranmasının  səbəbi  məhz elə bu cür virtual münasibətlər deyilmi?

-
Keçmiş SSRİ dövründə sülh və dostluq terminləri həyatın bütün proseslərində  önə çəkilirdi.  Lakin zaman keçdikcə, bu hisslər korlaşmağa doğru getdi, ünsiyyət də  öldü. Belə  bir atalar sözü var. “Gərək dostu, çörək dostu”. Yəni insanlar bir süfrədə yedikləri duz-çörəyə hörmət edir, onu uca tutur, məqsədsiz ehtiyacsız dost olurdu. Çünki çörək dostu məqsədsiz olur. Hətta, ən qatı cinayəti belə, dosta bağışlayıblar. Bu gün Ukrayna və Rusiya bir-birini qırır. Suriyada, İraqda  təriqətlərarası qardaş qırğını gedir. Bax bu o, müqəddəs hisslərin ölməsinin nəticəsidir.

- Dövlətlərin bir-birinə dost olması üçün şəxsi münasibətlər önəm kəsb edirmi?

-
Əlbəttə. Tarixə nəzər salsaq, görərik ki, xanların dostluğu dövlətlərin dostluğuna gətirib çıxarıb.  Qız verib- qız alanda da belə münasibətlər qurulardı. Təbii ki, fərdi münasibətlərdən  çox şey asılıdır. Dövlət başçılarının şəxsi münasibətləri dövlətlərin dost münasibətdə olmalarına gətirib çıxarır. 

- Bir millət vəkili kimi beynəlxalq münasibətlərdə görkəmli dövlət xadimi Heydər Əliyevin dostluq, dostluğa hörmət keyfiyyətlərini  necə şərh edə bilərsiniz?

-
Heydər Əliyev böyük siyasətçi idi. Onun şəxsi münasibətlər qurmağı, ölkə başçıları ilə dostluq etməyi dövlətlərimiz arasında da yaxşı əməkdaşlığa gətirib çıxarırdı. Özbəkistanın prezidenti İslam Kərimovla, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə, Belarus prezidenti Aleksandr Lukaşenko ilə çox yaxın dost olub. Onlarla çox yaxşı münasibət saxlayıb. Hətta ata Corc Buşla da, Bill Klintonla da görüşüb. Boris Yeltsin isə Heydər Əliyev şəxsiyyətinə həmişə hörmət edib. Heydər Əliyev dostluğa sadiq insan olub. Hətta, Gürcüstanın ən çətin vaxtlarında o dövlətə yanacaq verib. Uşaqlıqdan dost olduğu insanlarla, axıra qədər dostluq edib.

- Azərbaycanın müasir dövlət quruculuğunda dostluq münasibətlərini  necə qiymətləndirirsiniz?

-
İlham Əliyev beynəlxalq və şəxsi münasibətlərdə  dostluq etalonudur. Təbii ki,  İlham Əliyevin  dost kimi, insan kimi, lider kimi formalaşan xarizması artıq öz sözünü deyir.  Fikir verin, seçkiöncəsi Rusiyanın prezidenti Vladimir Putin cənab İlham Əliyevin evində qonaq oldu. Bu, şəxsi münasibətlərin yüksək olmasından irəli gəlir. Jirinovski kimi Azərbaycana düşmən kəsilən bir siyasətçi İlham Əliyev haqqında ən gözəl epitetlərlə fikir səsləndirir. Düşmən dosta çevrilir. Sevindirici hal odur ki, Mehriban Əliyeva dünyada geniş miqyaslı dostluq münasibətləri qurur. Heydər Əliyevin dostluğa olan münasibəti və  Mircəlal Paşayevin dostluğa dəyər verməsi  Mehriban xanıma da öz təsirini  göstərib. Çünki bu cür münasibətlər ailələrin kökündə var. Bu gün Mehriban xanım YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri kimi fəaliyyət göstərir. Xoşməramlı səfir özü də insanlara dost olmaq,  xoş  münasibət bildirmək deməkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənc olmasına baxmayaraq,  Azərbaycana çoxlu dostlar qazandırır. 

- Hadı müəllim, dostluq əlaqələrinin qurulmasında konkret  yaş həddi varmı?

-
Hər yaşda dost qazanmaq olar. Dostluğun yaşı olmur. Gənclər və İdman Nazirliyi hər il  “Azərbaycan, ölkəm mənim” adlı genişmiqyaslı tədbirlər  keçirir. Yay düşərgələri kiçik yaşlı uşaqlardan və yeniyetmələrdən ibarət olur. Tədbirin mahiyyəti ölkənin müxtəlif regionlarında yaşayan uşaqları bir yerə yığmaqdır, onlara dostluq öyrətməkdir, onları dost etməkdir. Maraqlısı odur ki, uşaqlar Gəncədən Qubaya, Xaçmazdan Lənkərana  gedirlər. Beləliklə, regionlarda yaşayan uşaqlar bir-biri ilə dost olurlar. Bununla da, məntiqi bir nəticəyə gəlmək olar ki, hər yaşda dost qazanmaq mümkündür. 

- Məlumdur ki, dünya dövlətləri arasında bizi istəyənlərlə yanaşı, istəməyənlər də çoxdur. Bu barədə nə deyə bilərsiniz?

-
Bu gün Azərbaycan dövlətinin dostları çoxdur.  Xüsusilə, beynəlxalq əhəmiyyəli tədbirlərin Azərbaycanda keçirilməsi buna əyani sübutdur. Azərbaycan artıq beynəlxalq arenada özünə çoxlu dost qazanıb. Parlamentlərarası görüşlər, bu yaxınlarda ATƏT PA-nın Bakıda  növbəti iclasının keçirilməsi Azərbaycana yeni-yeni dostlar qazandırır. “Evrovizion” musiqi yarışmasının Bakıda keçirilməsi dünya musiqisevərlərinin diqqətini Bakıya yönəltdi.
 2015-ci ildə Azərbaycan birinci Avropa oyunlarına ev sahibliyi edəcək. Bu o deməkdir ki, Azərbaycanın dostlarının sayı ildən-ilə artır. Bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanda  sabitliyə  gətirib çıxarır. Bu gün həmçinin Azərbaycanda dini tolerantlıq var. Hər kəsin dini seçiminə normal münasibət sərgilənir. Hər il  600 tələbə xarici ölkələrə təhsil almağa gedir. İldə 5 min tələbə isə xaricə müxtəlif kurslara yiyələnmək üçün üz tutur. Beləliklə,  Azərbaycanın  dost çevrəsi genişlənir.

Müsahibənin sonunda Hadı müəllim  mövzu ilə bağlı maraqlı bir rəvayət də danışdı.

- Qədim əsatirlərin birində qoca  bir kişi varmış. Bu kişinin 7 oğlu, bir qızı olub. Ailənin ən kiçiyi 15 yaşlı qızı imiş. Qarlı səhərlərin birində bu kişi yuxudan oyanıb görür ki, həyətdə gecədən qalan 3  insan ləpiri görünür. Bu ləpir izi evin ağsaqqalını xeyli düşündürür. Yeniyetmə qız olan evə gecə üç nəfərin xəbərsiz gəlməsi ağsaqqalı hətta təhqir olunmuş kimi əndazədən  çıxarır. Dərhal oğlanlarını bacardığı kimi silahlandırır, Kimə yaba, kimə balta, kimə bel verərək ailəliklə, ləpirlərin arxasınca  gedirlər. Birinci ləpir onları  sonda dağın başında oturmuş bir qoca kişinin yanına gətirir. Kişiyə yaxınlaşıb soruşurlar ki “kimsən, niyə bizim həyətə gəlmişdin?”
Kişi də deyir ki, “mən var-dövlətəm, gəlmişdim sizinlə olam”. Qardaşlar dərhal deyirlər ki,  “bizə elə bu lazımdır. Heç nəyimiz yoxdur”. Ataları isə deyir ki, “gəlin gedək, bu bizə lazım deyil”.
İkinci ləpirin izinə düşürlər və görürlər ki, yenə dağın başında bir kişi oturub. Ondan da soruşurlar ki, “sən kimsən, niyə bizə gəlmişdin?”. O da cavab verir ki, “mən güc-qüvvətəm, gəlmişdim sizinlə birgə olam”. Qardaşlar bunu aparmaq istəyəndə yenə ataları qoymur.
Nəhayət üçüncü ləpirin izi ilə gedirlər. Dağın başında bir qoca kişinin oturduğunu görürlər. Ondan da məsələni soruşanda nurani adam deyir: “Mən dostluğam, evinizə səmimiyyət, dostluq gətirmişdim, istədim sizinlə dost olum”. Ata deyir ki, “baxın, bizə elə bu lazımdır”. Qardaşlar bunu aparmaq istəməyəndə ataları  qocanın əlindən tutub həyətinə gətirir. Qapıdan girən “dostluğun” ardınca həyətə var-dövlət, güc də daxil olur.
Çünki dostluq olan yerdə var-dövlət də olur, güc  də.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!