Modern.az

Cəbhə gündəliyi: 7 noyabrda nələr oldu...

Cəbhə gündəliyi: 7 noyabrda nələr oldu...

8 Noyabr 2020, 00:43

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 42-ci günü başa çatdı. Noyabrın 7-də də cəbhədə şiddətli döyüşlər davam etdi. Azərbaycan Ordusu Qarabağın dərinliklərinə doğru irəliləməkdədir.

Modern.az
 saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 7-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Noyabrın 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

- Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

- Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılıb.

- Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayın 1-ci taboru bölmələrinin şəxsi heyət arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.


- Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.

- Döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qalıb.

- Daxil olan məlumata görə, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirib.


- Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Ordumuz tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülüb.


- Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil. Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb.



- Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulub. Ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

- Prezident yeni tvit yazıb: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

- Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutub. Ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülüb.


- Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır.

Əksinə Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub.

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur.


- Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.

- Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini atəşə tutub. Nəticədə bir nəfər kənd sakini həlak olub.

- Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

- Bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

- 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.


- Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

- Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi