Modern.az

Müəllimlərin imtahan həyəcanı: Sualları görənə qədər... - REPORTAJ

Müəllimlərin imtahan həyəcanı: Sualları görənə qədər... - REPORTAJ

Reportaj

20 İyun 2023, 14:08

Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib. Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunub. Məlumata görə, bu gün 2059 nəfər ibtidai sinif müəllimi test imtahanı mərhələsinə cəlb edilib. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.

 

Bəs müəllimlər bugünkü imtahanları necə qiymətləndirir? Onlar nəticələrdən razıdır, yoxsa narazı? 

 

Modern.az-ın əməkdaşı suallara cavab tapmaq üçün paytaxtın 161 saylı orta məktəbində imtahan verən müəllimlərin təəssüratlarını öyrənib.  

 

 

Bu gün keçirilən imtahandan ilk çıxan Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 208 nömrəli tam orta məktəbin müəllimi Şəmsiyə İsmayılova olub.

 

O, imtahanın çətin keçmədiyini deyir: "İmtahan çətin deyildi. İxtisasımıza uyğun suallar düşmüşdü. Ümumiyyətlə, sertifikasiya imtahanlarının keçirilməsini yüksək qiymətləndirirəm. Düşünürəm ki, hər bir müəllim öz üzərində işləməlidir. İmtahan olduqca şəffaf keçdi".

 

Qeyd edək ki, Şəmsiyə İsmayılova imtahanı 35 dəqiqəyə bitirib və maksimum 60 baldan 54-nü toplayıb.

 

 

39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Hüseynova da sualların asan olduğunu bildirib:

 

"İmtahanda 56 bal topladım. Suallar rahat idi. Heç bir çətinlik yaşamadım. Dörd sualda səhvə yol verdim. Sözün açığı çox həyəcanlı idim. Ola bilsin ki, həyacanlanmağım 60 bal toplamağıma mane oldu. Digər həmkarlarıma uğurlar arzu edirəm".

 

 

110 nömrəli məktəbin ibtidai sinif müəllimi Aysel Zamanova: "55 bal topladım. Suallar rahat idi. 5 bal əskik yığmağıma səbəb həyacanlamağım oldu. Çox həyacanlı idim. Hər kəsə uğurlar arzu edirəm. İnşallah, hamı differensial maaş alar".

 

 

Maksimum 60 baldan 57-ni toplayan digər ibtidai sinif müəllimi Bənövşə Qasımova sevincinin hədsiz-hüdudsuz olduğunu söyləyib:

 

"İmtahandan əvvəl həyacanlı idim. Lakin sualları görəndə rahat oldum. Rahatlıqla sualları cavablandırdım. 57 bal topladım. Hədsiz dərəcədə sevincliyəm".

 

Şəki rayon Kiş kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Aygün Bəkirova: “59 bal topladım. 1 səhvim olmaya bilərdi. Ancaq yenə də yaxşı nəticədir. Digər həmkarlarıma da uğurlar arzu edirəm”.

 

Qeyd edək ki, iyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!