Modern.az

İranda prezidentliyə şanslı namizəd - Ərdəbilli qadının Məşhəddə doğulan oğlu

İranda prezidentliyə şanslı namizəd - Ərdəbilli qadının Məşhəddə doğulan oğlu

Reportaj

10 İyun 2024, 14:28

İranın Konstitusiyanın Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib. Bunlardan biri Səid Cəlilidir.

Modern.az-ın məlumatına görə, indiyə kimi İranda bir sıra mühüm vəzifələr tutmuş Səid Cəlili prezident seçkilərində ən şanslı namizədlərdən biri hesab olunur.

Əvvəllər İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi və nüvə danışıqları üzrə qrupun rəhbəri olmuş Səid Cəlili İranın ali rəhbəri Seyid Əli Xamneiyə yaxın şəxs sayılır.

Səid Cəlili mayın 30-da prezidentliyə namizədliyi irəli sürülənlər arasında qeydiyyatdan keçən ilk şəxslərdən olub.

O, yarışa girdikdən sonra mediaya ölkənin gözardı edilməməsi lazım olan tarixi fürsətlə üzləşdiyini söyləyərək, növbəti prezidentin ölkənin zəngin kapitalını anlamalı olduğunu vurğulayıb.
 

Usta bir siyasətçi və idarəçi hesab olunan Cəlili ictimai həyatı boyunca bir çox mühüm vəzifələrdə çalışıb.


Səid Cəlili 1965-ci ildə İranın şimal-şərqindəki Məşhəd şəhərində fransız dili müəllimi və məktəb direktoru olan Məhəmməd Həsən Cəlilinin oğlu olaraq dünyaya gəlib. Anası İranın şimalında yerləşən Ərdəbil şəhərindəndir.

Səid Cəlili milliyətcə farsdır.

O, ibtidai və orta təhsilini doğulduğu Məşhəddə başa vurub.

Tehranın İmam Sadiq Universitetində ali təhsil alıb. Burada sonralar “İslam Peyğəmbərinin xarici siyasəti” kitabı adını alan “Qurani-Kərimdə İslam siyasi düşüncəsinin paradiqması” adlı doktorluq dissertasiyası müdafiə edib.

O, 1980-ci illərdə Qərbin dəstəklədiyi İraqın İrana qarşı müharibəsi zamanı döyüş meydanlarında xidmət edib və 1986-cı ildə sağ ayağının bir hissəsini itirərək ağır yaralanıb.

S.Cəlili rəsmi olaraq diplomatik və siyasi fəaliyyətinə 1989-cu ildə Xarici İşlər Nazirliyində  başlayıb.

1991-1996-cı illərdə nazirliyin Təftiş İdarəsinə rəhbərlik edib və 1998-ci ildə Şimali və Mərkəzi Amerika Departamentinin direktor müavini vəzifəsinə təyin edilib.

2001-ci ildə o, İslam İnqilabı Rəhbərliyi İdarəsinin siyasət planlaşdırılması üzrə direktor vəzifəsinə təyin edilib.

Cəlili bir neçə il İmam Sadiq Universitetində siyasi elmlərdən dərs də deyib.

O, 1992-ci ildə Fatimə Səccadi ilə ailə qurub və bu evlilikdən Səccad adlı oğlu doğulub.

Cəlili 2007-2013-cü illərdə ölkənin ali təhlükəsizlik orqanının katibi vəzifəsində çalışıb və eyni zamanda İranın nüvə proqramı ilə bağlı Qərb dövlətləri ilə danışıqlar aparan qrupunun rəhbəri oilub.

O, barışmaz, qətiyyətli və vasvası danışıqlar aparan şəxs kimi yadda qalıb.

Cəlili 2015-ci ildə dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişini sərt şəkildə tənqid edib. O, hesab edir ki, İran güzəştə getməməlidir və iqtisadi inkişaf xarici iradədən asılı olmamalıdır.

O, 2013-cü ildə vəzifəsini tərk etdikdən sonra İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei tərəfindən Məsləhət Şurasına təyin edilib.

O, 2013-cü il prezident seçkilərində “Ərdəmli bir həyat” şüarı ilə yarışıb və 4 milyondan çox səs toplayaraq üçüncü olub.

S.Cəlili 2021-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürüb, lakin son anda seçkidə qalib gələn İbrahim Rəisinin lehinə geri çəkilib.

Cəlili bu il mayın 30-da prezidentliyə namizədliyini təqdim etdikdən sonra mərhum İbrahim  Rəisini tərifləyib və onun siyasi baxışlarını təqdir edib.

S.Cəlili hazırkı seçkinin əhəmiyyətinin dərk edilməsinin və ölkənin potensialının yüksək qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Cəlili ABŞ rəsmilərinin Vaşinqtonun “maksimum təzyiq” siyasətinin uğursuzluğa düçar olduğunu qəbul etdiyini bildirib və İranın tarixi bir fürsət qarşısında olduğunu söyləyib.

Cəlili hər bir iranlının ölkənin tərəqqisində iştirak hüququnu təmin etmək üçün prioritetlərə və ədalətə əsaslanan “möhkəm qərarların” zəruriliyini vurğulayıb.

S.Cəlili böyümə və müvəffəqiyyət əldə etmək üçün maksimum ictimai iştirakın vacibliyini önə çəkib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!