Modern.az

Səttar Möhbalıyev Həmkarlar Konfederasiyasından gedir, AHİK-ə yeni simalar GƏLİR

Səttar Möhbalıyev Həmkarlar Konfederasiyasından gedir, AHİK-ə yeni simalar GƏLİR

Reportaj

30 İyul 2024, 17:00

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 26 iyul tarixli iclasında qurumun növbədənkənar qurultayının çağırılması müzakirə edilib. Müzakirələrdən sonra AHİK-in növbədənkənar qurultayının bu il avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub.

Maraqlıdır ki, AHİK-in sonuncu qurultayı 2023-cü ilin 20 dekabrında növbədənkənar qaydada keçirilmişdi. Həmin qurultayda 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev yenidən AHİK-ə sədr seçilmişdi.

Bəs 1 il tamam olmamış AHİK niyə yenidən növbədənkənar qurultay çağırır?

Həmkarlar İttifaqları Konfederasiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, uzun illərdir AHİK sədri vəzifəsini tutan 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda istefa verəcək. Onun yenidən AHİK sədrliyinə namzidəliyi irəli sürülməyəcək. Elə növbədənkənar VII qurultayın çağırılmasında əsas məqsəd də budur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yeni simaların gələcəyi bildirilir. Hər halda, avqustun 26-da keçiriləcək növbədənkənar VII qurultayı gözləyək...

AHİK-dən istefa verəcəyi gözlənilən cənab Möhbalıyev isə 1 sentyabrda keçiriləcək 7-ci çağırış Milli Məclisə seçkilərdə yenidən deputat mandatı qazanmaq üçün mübarizə aparacaq.

Belə ki, o, 1 sentyabr tarixli parlament seçkilərində iştirak etmək üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Məlumatlara görə, Səttar Möhbalıyev AHİK sədri postundan könüllü olaraq istefa verməyə, yola parlament seçkilərində iştiraka davam etməyə qərar verib.

Bitərəf Səttar Möhbalıyev 2000-ci ildən indiyə kimi deputat mandatı daşıyır. O, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış Milli Məclisinin üzvü olub.

İqtisad elmləri doktoru, professordur. “Şöhrət” ordeni və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Milli Məclisin fəxri medalına və “Parlament” medalına layiq görülüb. 

Bu ilin oktyabrında 69 yaşını tamamlayacaq Səttar müəllimlə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsində mübüraizə aparacaq ciddi rəqib də yoxdur.

Səttar Möhbalıyevin ilk dəfə 1993-cü ilin 6 fevral tarixində AHİK-in sədri seçilib və artıq 31 ildir eyni vəzifədə çalışır.

S.Möhbalıyevin həmkarlar təşkilatlarındakı yolu 1980-ci illərdən başlayır. Belə ki, 1980–1991-ci illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş-təlimatçısı, şöbə müdiri işləyib. Ardınca, 1993-cü ildə AHİK-in sədri seçilib.

Səttar Möhbalıyev 2010-cu ildən həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda ən böyük təşkilatlardan biridir.
Konfederasiya Naxçıvan Muxtar Respublikasının və 27 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir.
AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) üzvüdür. AHİK sədri Səttar Möhbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökümət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 

AHİK-in 1998-ci ildə I qurultayı, 2003-cü ildə II qurultayı, 2008-ci ildə III qurultayı, 2013-cü ildə IV qurultayı, 2018-ci ildə V qurultayı keçirilib. 20 dekabr 2023-cü il tarixdə növbədənkənar VI qurultayı keçirilib.

Bu gün AHİK-in tabeliyində olan bir sıra iri təşkilatlar fəaliyyət göstərir:

Bura “Kurort” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası “Turizm və Ekskursiyalar Şurası”, özündə 9 idman cəmiyyətini birləşdirən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi, Əmək və Sosial Münasibətlər Akademiyası daxildir.

AHİK-in 28 üzv təşkilatı var:
 

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası

2. «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası

3. «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyası

4. «Metal-iş» Həmkarlar İttifaqı Federasiyası

5. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi

6. Aviasiya İşçiləri Həmkarlar İttifaqı

7. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

8. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı

9. «Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

10. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı

11. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı

12. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı

13. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı

14. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı

15. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı

16. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

17. “İnşaat-İş” Həmkarlar İttifaqı

18. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı

19. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı

20. Metropoliten İşçiləri Həmkarlar İttifaqı

21. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı

22. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı

23. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı

24. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı

25. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı

26. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı

27. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı

28. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi