Modern.az

Azərbaycandan gedən roker Qara Dərviş: “Azərbaycan cəmiyyəti fikirlərimə hazır deyil!” - MÜSAHİBƏ

Azərbaycandan gedən roker Qara Dərviş: “Azərbaycan cəmiyyəti fikirlərimə hazır deyil!” - MÜSAHİBƏ

Mədəni̇yyət

15 Yanvar 2014, 13:12

Modern.az Azərbaycanı tərk edən roker, “Qara Dərviş” kimi tanınan musiqiçi Hikmət Poladzadənin müsahibəsini sizlərə təqdim edir:

– Memarlıq və İnşaat Universiteti və Bakı Musiqi Akademiyasının məzunuyam. Musiqi ilə 3 yaşımdan məşğul olmağa başlamışam. 5 yaşımda ilk dəfə səhnə almışam. Hazırda musiqiçi olaraq fəaliyyət göstərməkdəyəm.

Azərbaycandan niyə getdiniz? Qara dərviş buralarda qəbul olunmadımı?

– Bu cəmiyyət mənə və mənim fikirlərimə hazır deyil. Bu uzun zaman alacaq və bu zamanın boşa getməməsi üçün Azərbaycanı tərk etdim. Bir də ki mən bəşəriyyətə gərəyəm.

Qəbul olunmadı deməzdim. “Qara Dərviş fəlsəfəsi”, sadəcə daha geniş inkişafı və yayılması üçün münbit yer deyil Azərbaycan. Bu şəraitin olması illər alacaq hələ.

- Rok nədir? Onu bir cümlə ilə necə adlandırarsınız?

- Rok sərhədsiz özünüifadə vasitəsidir.

- “Qara dərviş”in rok fəlsəfəsində Allaha doğru addımlayan bir səs görünür. Bu səs insanlardan Allaha şikayətdirmi?

- Qətiyyən! Mən şikayətlənməyi sevmirəm! Hələ özümə şikayəti heç!

İnsandır mənim təməl fəlsəfəm! Hər şeyə qadir olan insandır! İnsan ali varlıqdır! Təbii ki dövrün bir çox varlıqları "insan" adına layiq deyil, amma özünü dərk edən varlığını, xəlqini dərk edənlər bu anlayışın nümunələridir! Qısaca,  mən insanları "həqq"ə səsləyirəm!

- Muğam fəlsəfəsi ilə rok fəlsəfəsinin sintezini yarada bildinizmi?

- Muğam da, rok da musiqinin tərkib hissələridir. Sadəcə müxtəlif mədəniyyətlərin ifadə formalarıdır. Mən bu mədəniyyətlər arasında körpü rolunu oynayıram. 

- Rokda millilik fəlsəfəsi ilə bəşəri maraqları sintez etmək mümkündürmü?

- Əgər mənim yazdıqlarım dinlənilirsə, yaradıcılığım izlənilirsə və yeniliklər gözlənilirsə, deməli mümkündür və ardıq reallaşıb da.

- Vətəndə siz konkert olaraq nədən narazı idiniz? Burada sizin fəaliyyətinizə mane olanlar kim idi?

- Məni məhdudlaşdırmaq mümkün deyil. Bir sözlə kimsə mənə mane olmurdu. Sadəcə, iş potensialımı və keyfiyyətini artırmaq məqsədli oldu Azərbaycanı tərkim. Bütün hallarda yaradıcılığım musiqi, incəsənət naminədir. Dediyim kimi, mən bəşəriyyətə gərəyəm!

- Buralara qayıtmaq fikriniz varmı?

- Qayıtmağı düşünmürəm, amma bu heç vaxt Azərbaycana gəlməyəcəyim anlamı da daşımır. Ailəm, doğmalarım var orda...

Bir də ki, Azərbaycanda planladığım konsertlərim var. Yəni, daimi yaşayış yeri olaraq, belə planım yoxdur. Əslində mən bir yerdə çox qalmağı sevən biri də deyiləm. Yəni,  bir müddət sonra xəbərim başqa yerlərdən gəlsə, təəccüblənməyin

- Qürbətdə vətən necədi? Yəqin ki,  indi ən böyük Rokunuz bu həsrətin özüdür...

- Həsrətlə yaşamıram. Müasir dövrdü, istədiyin yerə istədiyin vasitə ilə ən qısa müddətdə gedə bilirsən. İnternet də var üstəlik. Bir də mənim xarakterim daha çox yalnızlığı sevir.

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok