Modern.az

Fransa Ukraynaya qarşı Rusiya ilə gizli sövdələşməyə gedib? - TƏHLİL

Fransa Ukraynaya qarşı Rusiya ilə gizli sövdələşməyə gedib? - TƏHLİL

Analitika

12 Dekabr 2022, 12:56

Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə 11-ci aydır ki, davam edir. Bu müddət ərzində Ukrayna ordusu ölkəni Rusiyanın təcavüzündən qorumaq üçün var gücü ilə mübarizə aparıb. Müharibənin ilkin dövründə - fevral-mart aylarında Rusiyanın tezliklə bütün Ukrayna ərazilərini nəzarəti altına alacağı, işğal prosesinin çox sürətlə baş verəcəyi barədə ehtimallar mövcud idi. Qərb ölkələri də ilk günlərdə Ukraynanı ritorikada dəstəkləsə də, maliyyə və hərbi yardımların göstərilməsinin, texniki təchizat və təminat məsələlərinin həllinin pul və enerji itkisi hesab olunduğunu müxtəlif eyhamlarla ifadə edirdilər. Lakin Ukraynanın qətiyyətli mövqeyi, hakimiyyətin, silahlı qüvvələrin, bütövlükdə xalqın və cəmiyyətin müqavimət iradəsi beynəlxalq güc mərkəzlərinin mövqeyini korrektə etməsinə səbəb oldu.

 

Qərb ölkələri başda ABŞ və Böyük Britaniya olmaqla, anqlo-sakson qanadın liderliyində Ukraynaya dəstəyini tədricən siyasi müstəvidən hərbi-texniki və maliyyə müstəvisinə keçirməyə başladı. Lakin müəyyən müddətdən sonra NATO daxilində Ukraynaya dəstəyin səviyyəsi və Rusiya ilə münasibətlər mövzusunda fikir ayrılıqlarının olması nəzərə çarpdı. Anqlo-sakson qanad bu məsələlərdə mövqeyini qorusa da, kontinental Avropanın timsalında Avropa İttifaqının əsas ölkələri olan Fransa və Almaniya tərəddüd içindədir.

 

 

Kollektiv Qərbin toparlanması üçün ABŞ-ın Avropaya təsir göstərməsindən sonra dünyadakı nüfuzunu itirməkdən qorxan bu ölkələr sonrakı mərhələlərdə mövqelərində müəyyən qədər dəyişiklik etməli oldular,  buna rəğmən, Fransadan gələn ziddiyyətli açıqlamalar Ukrayna rəsmilərinin, habelə sivil dünya ictimaiyyətinin narazılığına və etirazlarına səbəb olmaqdadır.

 

Məsələn, iyunun əvvəlində Fransa prezidenti Emmanuel Makronun “Rusiyanı aşağılamamaq” barədəki çağırışları böyük etirazlar yaratdı. Belə ki, Makron Rusiyanı aşağılayacaq dərəcədə siyasi addımların atılmasının gələcəkdə fəsadlara səbəb ola biləcəyi barədə açıqlamalarına Ukrayna xarici işlər naziri Dmitri Kuleba tviter hesabında cavab verdi.

 

“Rusiyanı aşağılamamaq barədə çağırışlar yalnız Fransanı və bu çağırışı edən digər ölkələrin özünü aşağılaya bilər. Çünki Rusiyanı aşağılayan elə Rusiyanın özüdür. Hazırda hamımız Rusiyanı necə yerinə oturtmaq mövzusuna fokuslansaq, daha yaxşı olar. Bu, sülh gətirəcək və həyatı xilas edəcək”, - deyə Kuleba vurğulamışdı.

 

 

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə Makronun Rusiya və Ukrayna arasında vasitəçilik təklifinə münasibət bildirmişdi. O, Ukraynanın Qərb ölkələrinin dəstəyi ilə yeni silahlar əldə etmədən və Rusiyanı Ukrayna sərhədlərindən geriyə çıxarmadan hər hansı danışıqların və müzakirələrin keçirilməsinin mənasız olduğunu vurğulamışdı.

 

Bundan başqa Makronun xalqa müraciəti zamanı Rusiyayönümlü bəzi açıqlamalar verməsi də böyük skandala səbəb olmuşdu. Belə ki, Fransa prezidenti Rusiya ilə müharibədə olmadıqlarını və tək istəklərinin bu müharibənin tezliklə başa çatması olduğunu dilə gətirmişdi. Makron enerji sektorunda qiymətlərin artacağını bildirərək ictimaiyyətdən gələn Rusiyaya qarşı daha kəskin mövqe tutulması ilə bağlı tələbləri neytrallaşdırmağa çalışmışdı. Fransa prezidenti Birinci Dünya müharibəsində Almaniyaya münasibətdə olduğu kimi sərt tədbirlərin daha sonra Rusiyanın da radikallaşmasına səbəb olacağını və buna görə də rəsmi Moskvanın cəzalandırılmasının doğru olmadığını bəyan etmişdi.

 

 

Litva Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Marqarita Seselqeyt isə “Le Monde” qəzetinə müsahibəsində Makrondan fərqli düşündüyünü demişdi: “Biz əksinə, vəziyyəti birinci yox, İkinci Dünya müharibəsində olduğu kimi görürük. Məhz bu müharibədən sonra Almaniyaya edildiyi kimi, Rusiyanın da cəzalandırılması, Ukraynaya təzminat ödənilməsi və Rusiyada rejimin dəyişməli olduğunu düşünürük”.

 

Müharibənin ilk dövründə çoxsaylı çağırışlara baxmayaraq Makronun paytaxt Kiyevə səfər etməkdən yayınması, Ukraynaya hətta bu cür simvolik dəstəkdə belə Rusiyadan çəkinməsi etiraz doğurmuş və Fransa prezidentinin ünvanına sərt tənqidi fikirlər səsləndirilmişdi.

 

Xüsusən, Fransanın təşəbbüsü ilə yaradılmaqda olan Avropa Siyasi İttifaqı ideyasının da Ukrayna, Gürcüstan, Moldova kimi postsovet ölkələrinin, eləcə də Qərbi Balkanlar regionunda yerləşən dövlətlərin Avropa İttifaqına üzv olmasını önləmək və Rusiyanı qıcıqlandırmamaq üçün irəli sürüldüyü iddia edilir.

 

Makronun “Avropa İttifaqına üzvlüyünüz on illər çəkə bilər, gəlin Avropa Siyasi İttifaqını yaradaq” açıqlaması da birmənalı qarşılanmamışdı. Ukrayna prezidenti Volodimir Zelenski bu məsələyə toxunaraq ölkəsinə “2-ci dərəcəli dövlət” münasibətinin göstərildiyini ifadə etmiş, buna görə Fransanı tənqid atəşinə tutmuşdu. Bundan sonra yaranan beynəlxalq təpkilərdən ehtiyatlanan Makron Zelenskiyə zəng edərək yanlış anlaşılma olduğunu söyləmişdi.

 

 

Litva prezidenti Qitanas Nauseda isə paralel ittifaqların qurulmasını məmnuniyyətlə qarşıladıqlarını, lakin niyyətin Ukraynanın Aİ-yə üzvlüyə namizəd statusu alması mövzusunda bariz siyasi iradə əskikliyini ört-basdır etmək olduğunu bəyan etmişdi.

 

Fransa prezidentinin Rusiya ilə dialoqun qorunub saxlanması barədə açıqlamasına Estoniya Xarici Siyasət İnstitutunun rəhbəri Kristi Raik də tutarlı cavab vermişdi.

 

“Fransa təcili şəkildə Putinlə razılığa gəlməyin vacib olduğunu düşünür. Bu, Rusiyanın təcavüzkarlığına qarşı tədbirlər görməyi yox, sadəcə vəziyyəti stabilləşdirmək istədiklərini və uzlaşmağa nail olmağı arzuladıqlarını göstərir. Amma bu, səhv yanaşmadır. Bu həll müvəqqətidir, çünki bu baş verərsə, Rusiya hərbi yollarla məqsədinə nail ola biləcəyini görmüş olacaq”, - deyə Raik vurğulamışdı.

 

 

Əslində Fransanın bu cür siyasəti təəccüb doğurmamalıdır. Hələ 2008-ci ildə keçirilmiş NATO-nun məşhur Buxarest sammiti zamanı Fransanın o zamankı prezidenti Nikolya Sarkozi və Almaniya kansleri Angela Merkel Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı “membership action plan” (“üzvlük hərəkət planı”) sənədini verməyə mane olaraq Rusiyanın maraqlarına xidmət etmişdilər. Təsadüfi deyil ki, apreldən keçirilən sammitdən bir neçə ay sonra - 2008-ci ilin avqustunda cəsarətlənən Rusiya Gürcüstana hücum etmişdi. Merkelin kanslerlikdən getməsindən sonra uzun illər ərzində ölkəsinin neft-qaz tədarükündə Rusiyadan asılılığını azaltmamasına və mənbələri diversifikasiya etməməsinə görə tənqid edilməsi, onun “Qazprom”da vəzifə tutan sələfi Şröderlə müqayisə olunması da səbəbsiz deyil.

 

ABŞ-ın Avropada tam söz sahibi olmasını, Şərqi Avropa ölkələrinin Qərbi Avropa səviyyəsinə çatmasını istəməyən Fransanın zaman-zaman Rusiyanın maraqlarını qorumağa cəhd etməsi, onun siyasi güc mərkəzi kimi ləğv olunmasını arzulamaması Fransa və Rusiya arasında gizli sövdələşmələrin ola biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirir. İlk baxışdan “komplo teoriyası” təsiri bağışlayan bu ehtimallar təhlilçilər arasında geniş müzakirə olunmaqdadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır