Modern.az

Qəzza üçün 3 mərhələli Bayden PLANI

Qəzza üçün 3 mərhələli Bayden PLANI

Analitika

3 İyun 2024, 09:08

ABŞ prezidenti Co Bayden Qəzzada on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət atəşkəs planı təqdim edib.

 

Təklif atəşkəs, israilli girovların və fələstinli məhbusların azad edilməsi və Qəzzanın yenidən qurulmasını nəzərdə tutur.

 

ABŞ rəsmiləri dörd səhifə yarımlıq planın nəzərdən keçirilməsi üçün ötən həftə HƏMAS-a göndərildiyini bildirib. Amerikalı nümayəndələr qeyd edir ki, sözügedən plan HƏMAS-ın bundan əvvəl qəbul etdiyi təkliflə "demək olar ki, eyni"dir.

 

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi cümə günü planı dəstəklədiyini bildirib.

 

Modern.az Baydenin təklifi etdiyi üç mərhələdən ibarət planın bəzi detallarını təqdim edir.

 

Birinci mərhələ: Atəşkəs, girovların bir hissənin azad edilməsi və İsrailin qismən çəkilməsi 

 

Planın birinci mərhələsi altı həftə davam edəcək və bu mərhələdə tam atəşkəs elan olunacaq. İsrail qüvvələrinin Qəzzanın “bütün məskunlaşmış bölgələrindən” çıxarılmalı, qadınlar da daxil olmaqla bir sıra girovların azad edilməsi, qocalar, yaralılar qarşılığında yüzlərlə fələstinli məhbusun sərbəst buraxılması təmin edilməlidir.

 

Bayden əlavə edib ki, bu mərhələdə fələstinli mülki vətəndaşlar Qəzzanın bütün bölgələrində öz evlərinə və məhəllələrinə qayıdacaq, bölgəyə hər gün 600 TIR humanitar yardım göndəriləcək.

 

"Atəşkəs zamanı bu yardım ehtiyacı olan hər kəsə təhlükəsiz və effektiv şəkildə paylana bilər. Beynəlxalq ictimaiyyət yüz minlərlə müvəqqəti sığınacaq, o cümlədən yaşayış yerləri çatdırıla bilər", - deyə Bayden əlavə edib və birinci mərhələnin razılaşmanın əldə edilməsindən bir müddət sonra başlaya biləcəyini vurğulayıb. 

 

Birinci mərhələdə təklifin növbəti mərhələsinə keçmək üçün İsrail və HƏMAS arasında danışıqlar aparılacaq.

 

İkcini mərhələ: Bütün girovların azad edilməsi və İsrailin tam çıxarılması 

 

Bayden ikinci mərhələni “düşmənçiliklərə daimi son” adlandırıb. Bununla belə, o, əlavə edib ki, ikinci mərhələyə çatmaq üçün danışıqlar altı həftədən çox davam edə bilər, çünki iki tərəf arasında fikir ayrılıqları olacaq.

 

"İsrail öz maraqlarının qorunduğundan əmin olmaq istəyəcək, lakin təklifdə deyilir ki, əgər danışıqlar birinci mərhələdən altı həftədən çox çəksə, danışıqlar davam etdikcə atəşkəs hələ də qüvvədə qalacaq", - Bayden bildirib. 

 

ABŞ, Qətər və Misir bu müddət ərzində ikinci mərhələnin başlanması üçün “bütün razılaşmalar əldə olunana qədər” danışıqların davam etdirilməsini təmin edəcək.

 

Baydenin sözlərinə görə, ikinci mərhələdə kişi əsgərlər də daxil olmaqla sağ qalan bütün girovlar azad ediləcək, İsrail qüvvələri Qəzzadan çəkiləcək: “HƏMAS öz öhdəliklərinə əməl etdikcə, müvəqqəti atəşkəs hərbi əməliyyatların daimi dayandırılmasına çevriləcək”.

Üçüncü mərhələ: Qəzzanın yenidən qurulması 

 

Bayden bu mərhələdə "Qəzza üçün əsaslı yenidənqurma planının başlayacağını və öldürülən girovların son qalıqlarının ailələrinə qaytarılacağını" söyləyib.

 

O, İsrailin “son səkkiz ay ərzində HƏMAS qüvvələrini darmadağın etdiyini” deyib və əlavə edib ki, hazırda HƏMAS daha bir "7 oktyabr" (HƏMAS-ın hücumunun başladığı tarix - red.) həyata keçirməyə qadir deyil”.

 

Bayden bildirib ki, Qəzzanın yenidən qurulması ilə bağlı razılaşmada ərəb ölkələri və beynəlxalq ictimaiyyət “HƏMAS-ın yenidən silahlanmasına imkan verməyəcək şəkildə” iştirak edəcək. O əlavə edib ki, Vaşinqton öz tərəfdaşları ilə Qəzzada evlərin, məktəblərin və xəstəxanaların bərpası üçün çalışacaq.

 

İsrailli nazirlər atəşkəslə razı deyil...

 

İsrail hökuməti planla razı olduqlarını bildirsələr də, hakimiyyət daxilində bəzi qüvvələr təklifə etiraz edib. İki ifrat sağçı İsrail naziri Baydenin açıqladığı sülh planına razılıq verilərsə, hakim koalisiyanı tərk edəcəkləri və hökuməti dağıdacaqları ilə hədələyiblər.

 

Maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildiriblər ki, onlar HƏMAS məhv edilməmişdən əvvəl Qəzzada istənilən atəşkəs razılaşmasına qarşıdırlar.

 

Müxalifət lideri Yair Lapid baş nazir Netanyahu planı dəstəkləyəcəyi təqdirdə hökuməti dəstəkləyəcəyini vəd edib.

 

Netanyahunun müşavirlərindən biri "Sunday Times" qəzetinə deyib ki, planın bir çox təfərrüatları hələ də işlənib hazırlanmalıdır və İsrailin bəyan etdiyi bütün məqsədlərinə çatana qədər daimi atəşkəs olmayacaq.

 

İsrailin xarici siyasət üzrə yüksək səviyyəli müşaviri Ofir Falk isə deyir ki, sövdələşmə o qədər də yaxşı razılaşma deyil: "Amma biz həqiqətən də girovları, onların hamısını azad etmək istəyirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı