Modern.az

Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansının seçilməsi sərfəlidir...

Tramp, yoxsa Bayden: Azərbaycan üçün hansının seçilməsi sərfəlidir...

16 İyul 2024, 17:46

Noyabrın 5-də ABŞ-da Prezident seçkiləri keçiriləcək. Seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Tramp və Demokratlar Partiyasının namizədi Cozef Baydenin yarışacağı gözlənilir. Onlar 2020-ci ildə keçirilən seçkilərdə də qarşı-qarşıya gəlib və Tramp məğlub olub.

 

Bu il baş tutacaq seçkilərin nəticələrini isə proqnozlaşdırmaq olduqca çətindir. Bəzi ekspertlər deyir ki, Donald Trampa Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd cəhdi onun seçilmək şansını artırıb.

 

Donald Tramp 2016-2020-ci illərdə, Bayden 2020-2024-cü illərdə Ağ Evə rəhbərlik edib. Respublikaçılar və Demokratların Cənubi Qafqaz siyasətində hər zaman fərqlilik müşahidə edilib. Buna görə hansı siyasətçinin qalib gələcəyi Cənubi Qafqaz, eləcə də Azərbaycan üçün önəmlidir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun üzvü Asim Mollazadə Donald Trampın Prezident seçilməsini daha məqbul hesab edir. O, fikirlərini belə əsaslandırıb:

 

“Konqresdə Azərbaycana qarşı sanksiyaları və erməni istəklərini həyata keçirənlər məhz Demokratların nümayəndələridir. Donald Trampın erməni diasporundan heç bir asılılığı yoxdur. Onlarla heç vaxt əlaqədə olmayıb. Onun hakimiyyəti dövründə Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilib. Bütün bunları nəzərə aldıqda tam aydındır ki, biz erməni lobbisindən asılı olmayan ABŞ siyasətçilərini daha məqbul hesab edirik”.

 

Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun digər bir üzvü Vahid Əhmədov isə düşünür ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, iki ölkə arasında münasibətlərdə ciddi problemlər olmayacaq:

 

“ABŞ-da Donald Trampın, yaxud Cozef Baydenin seçilməsinin Azərbaycan üçün fərqi yoxdur. Çünki Azərbaycan hər bir dövlətlə, o cümlədən ABŞ-la ikitərəfli əlaqələr qurur. ABŞ demokratik dövlətdir. Hesab edirəm ki, ABŞ kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla əlaqələri qoruyub-saxlayacaq. Onların son açıqlamaları, Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi ilə bağlı düşüncələri onu göstərir ki, kimin seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında elə ciddi problem olmayacaq”.

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Trampın erməni lobbisi ilə bağlılığının olması Azərbaycanın xeyrinədir:

 

“Donald Trampın Cənubi Qafqaz siyasətinə gəldikdə, onun nə keçmişdə, nə də indi Amerikadakı erməni lobbisi ilə bağlılığının olması Azərbaycanın xeyrinədir. Tramp ölkəsinin milli və təhlükəsizlik maraqlarına əhəmiyyət verir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazın əsas dövləti Azərbaycanla əməkdaşlığı diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi birbaşa Amerikanın maraqlarına xidmət edir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də Amerika üçün əhəmiyyətlidir. Tramp prezidentliyi dövründə bu amilləri nəzərə alacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri