Azərbaycan Yaponiya və Koreya Respublikası vətəndaşları üçün viza rejimini müvəqqəti ləğv edib.
Modern.az xəbər verir ki, qərara əsasən, ümumvətəndaş pasportuna malik Yaponiya və Koreya Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 2027-ci il iyulun 1-dək Azərbaycan Respublikasına turizm məqsədilə vizasız səfər edə biləcəklər.
Yeni qaydalara əsasən, həmin ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız daxil ola və hər səfər zamanı ölkədə 30 günədək qala bilərlər.
Qeyd olunub ki, bu qərar vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədi daşıyır.
Turizmdən fərqli məqsədlərlə Azərbaycana gəlmək və ya ölkədə daha uzun müddət qalmaq istəyən Yaponiya və Koreya Respublikası vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq viza aldıqdan sonra ölkəyə daxil ola biləcəklər.