Modern.az

Milli Qəhrəmanın qızı: "Kaş atam mənimlə fəxr edəydi" - MÜSAHİBƏ

Milli Qəhrəmanın qızı: "Kaş atam mənimlə fəxr edəydi" - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 10:40

Birinci Qarabağ müharibəsi Azərbaycanın müstəqillik tarixinin ən ağrılı, eyni zamanda qəhrəmanlıqla dolu səhifələrindən biridir. Həmin illərdə torpaqların müdafiəsi uğrunda döyüşə atılan ilk könüllülər, özünümüdafiə dəstələrinin təşkilatçıları və cəbhədə misilsiz şücaət göstərən döyüşçülər xalqın yaddaşında qəhrəmanlıq simvoluna çevriliblər.

1992-ci il iyunun 6-da Azərbaycanın ilk Milli Qəhrəmanları elan edilən şəhidlər arasında Xocalı aeroportunun komendantı Əlif Hacıyev, xüsusi təyinatlı milis dəstəsinin üzvü Yuri Kovalyov, Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov, cəsur kəşfiyyatçı Mikayıl Cəbrayılov, "Fred Asif" kimi tanınan Asif Məhərrəmov və "Qara Qartal" ləqəbli Əliyar Əliyev də var idi. Onlar həyatlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda edərək adlarını tarixə qızıl hərflərlə yazdırıblar.

Bu qəhrəmanlardan biri də rus əsilli olmasına baxmayaraq, Azərbaycanı öz Vətəni sayan və onun uğrunda canından keçən Yuri Kovalyov idi. Milli Qəhrəmanın xatirəsi bu gün də ailəsi, döyüş yoldaşları və onu tanıyanlar tərəfindən ehtiramla yaşadılır.

Modern.az saytı Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ilə həmsöhbət olub. O, atası ilə bağlı xatirələrdən, ailədə onun necə yad edilməsindən, Silahlı Qüvvələr Günü və digər əlamətdar tarixlərdə keçirdiyi hisslərdən danışıb.

- Atanız Yuri Kovalyov yaddaşınızda necə qalıb?

- Mən çox balaca idim, atam Şəhid olanda cəmi 2 yaşim var idi. Atam haqqında mənə həmişə anam, nənəm danışırdı. Atam bizi çox sevirdi və evə gələndə qollarını açırdı, biz də qaçırdıq onu yanına. Sanki bizim evimizdə  günəş çıxırdı. Amma çox təəsüf atam tez-tez gəlmirdi evə.

- Onu daha çox necə insan, necə ata kimi xatırlayırsınız?

-O çox gözəl ata idi. Çox gözəl və mərd insan idi. O, ciddi, lakin ədalətli insan idi - mən belə deyərdim. Vətənimizi çox sevirdi....

- Atanızın Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək Milli Qəhrəman adına layiq görülməsi sizin həyatınıza necə təsir edib?

- Bilirsiniz, mən həmişə deyirəm, Azərbaycanın Milli Qəhrəmanının qızı olmaq çox böyük məsuliyyətdir. Hər bir addım atanda həmişə özümə sual verirəm, bəs bunu etsəm atam nə deyərdi? Necə edərdi?

Atam ləyaqətli, cəsur döyüşçü idi və onun dövlət qarşısındakı xidmətlərinin və əməyinin yüksək qiymətləndirilməsi qürurverici haldır!


- Sizcə, Yuri Kovalyovun ən fərqləndirici xüsusiyyəti nə idi? Döyüş yoldaşlarının xatirələrində o necə təsvir olunur?

- Atamın döyüş yoldaşları onu həmişə yad edirlər. O qədər xatirələr var... Əlbəttə, mənə çox maraqlıdır və həmişə onları görəndə atam haqqında soruşuram. Amma atamın yoldaşlarının bir sözu var :  "Yura olan yerdə bizə heç vaxt qorxu olmurdu".

Yuri Kovalyovun ən fərqləndirici xüsusiyyəti onun qorxmazlığı, mərdliyi və Vətənə sədaqəti olub. O, hər zaman qürur mənbəyimiz olacaq.

- Silahlı Qüvvələr Günü, Zəfər Günü və digər əlamətdar tarixlərdə atanızı xatırlayarkən hansı hissləri keçirirsiniz?

- Tək mən yox, bütün xalqımız fəxarət hissləri keçirir.  Başqa cür ola bilməz. Atamın timsalında bütün qəhrəmanlarımızı çalışıram yad edim.

Bu gün Azərbaycan əsgəri Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir və o, doğma torpaqlarını necə müdafiə etdiyini bütün dünyaya sübut etdi. Mən həmişə öz ordumuza inanmış və güvənmişəm.

- 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər sizin üçün hansı mənəvi anlamı daşıyırdı? Həmin günlərdə atanız barədə hansı düşüncələr ağlınızdan keçirdi?

- Mən o günləri heç vaxt unutmayacam. Zəfər günü biz ailəlikcə getmişik Şəhidlər xiyabanına - atamın yanına. Əlbəttə, urəyimdən çox sözlər keçirdi, onlarrı atama demək istəyirdim, amma göz yaşlarımı saxlaya bilmirdim. Sadəcə dedim ki, ata, ruhun şad olsun, biz Qarabağ torpaqlarını özümüzə qaytardıq.

Ümumiyyətlə, müharibə başlayanda mən dərhal atamın döyüş yoldaşları ilə danışmağa başlamışdım, amma onlar çox şeyləri demirdilər. Hamı kimi mən də çox narahat idim. Amma mən bildirdim biz haqq yolundayıq və torpaqlarımızı düşməndən azad edəcəyik.

Qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir.

Vətən qəhrəmanları ilə tanınır.

44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq göstərdi. Hər bir hərbçimiz Vətən sevgisi ilə döyüşərək torpaqlarımızın azadlığı uğrunda şücaət nümunəsi ortaya qoydu. Qazanılan Zəfər xalqımızın tarixində əbədi yaşayacaqdır.

- Azərbaycanın bugünkü güclü ordusunu gördükdə atanızın və onun silahdaşlarının fədakarlıqlarının qiymətləndirildiyini düşünürsünüzmü?

- Bu gün Azərbaycana Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı İlham Əliyev başçılıq edir.

Atamın xidməti artıq dövlətimiz və cənab Prezident tərəfindən yüksək qiymətləndirilib.

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı mövcuddur.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

- Atanızın döyüş yolu və qəhrəmanlığı barədə ailənizdə ən çox danışılan hadisə hansıdır?

- Atam 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, o, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. O, vertolyot qəzasına uğrayanların xilas edilməsində yüksək peşə səriştəliyi nümayiş etdirib.

Əlbəttə, mən tez-tez atam haqqında suallar verirəm anama, əmimə, döyüş yoldaşlarına. İndiyə kimi atamın qəhrəmanlığı haqqında danışırlar.

- Yuri Kovalyovun rus əsilli olmasına baxmayaraq Azərbaycan uğrunda canından keçməsi bu gün cəmiyyətə hansı mesajı verir?

- Atam öz Vətənini çox sevirdi. Və həmişə belə deyirdi: Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm. Belə də oldu, öz həyatını Vətənə fəda etdi.

Vətənimizi sevmək, qorumaq lazımdır. Və lazım olanda, hər zaman onun yanında durmaq lazımdır. Bizim bir Vətənimiz var - o da Azərbaycandır!

- Atanızın xatirəsinin yaşadılması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz? Bu sahədə daha hansı addımların atılmasını istərdiniz?

- Yuri Kovalyovun adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Onun göstərdiyi igidlik, Vətənə sonsuz sədaqəti və qəhrəmanlığı gələcək nəsillər üçün hər zaman örnək olacaq.

Mənim üçün isə o, yalnız Azərbaycanın qəhrəmanı deyil, həm də ən dəyərli insandır. İllər keçsə də, onun əziz xatirəsi qəlbimizdə yaşayır, xalqımızın yaddaşında daim hörmətlə anılır.

Bu gün biz Yuri Kovalyovu böyük qürur və sonsuz ehtiramla yad edirik. Onun həyatı mərdliyin, şərəfin və Vətən sevgisinin rəmzidir. Belə insanlar heç zaman unudulmur, onlar xalqın yaddaşında əbədi yaşayırlar.

Onun haqqında filmlər çəkilir, tədbirlər keçirilir, Nizami rayon 229 nömrəli məktəb atamın adını daşıyır. Həmişə olduğu kimi, bu il də bir həftə ərzində məktəb atamın xatirəsinə müxtəlif tədbirlər keçirib. Mən buna görə minnətdarlığını bildirəm.

- Digər Milli Qəhrəmanların övladları və ailə üzvləri ilə əlaqələriniz varmı? Bu münasibətlər necə formalaşıb?

- Bəli var, hər zaman tədbirlər olanda dəvət edirəm. Və əlbəttə, çalışiram dəstək olum.

- Şəhid və Milli Qəhrəman ailələri arasında həmrəylik və qarşılıqlı dəstək ənənələrinin olduğunu düşünürsünüzmü?

- Mən həmişə vurğulayıram - Şəhid ailələrinə dəstək və qayğı onlara güc verir. Çünki bu ağır itki ilə yaşamaq çox çətindir.

- Gənc nəsil Yuri Kovalyovu və onun timsalında Azərbaycanın müstəqilliyi uğrunda canından keçən qəhrəmanları necə tanımalıdır?

- Şəhidlərimizi unutmamaq ,onların adını uca tutmaq bir vətəndaş kimi bizim birinci vəzifəmiz və borcumuzdur.  Biz hər zaman Şəhidlərimiz haqqında danışmalıyıq. Və bizim xalqımız elə xalqdır, əminəm qəhrəmanlarımız heç vaxt unudulmayacaq.

- Əgər atanız bu gün Azərbaycanın əldə etdiyi uğurları, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərini görə bilsəydi, sizcə nə hiss edərdi?

- Qürur hissləri ilə öz işini axıra kimi görərdi.

- Yuri Kovalyovun qızı olaraq Azərbaycan cəmiyyətinə və xüsusilə gənclərə hansı mesajı vermək istərdiniz?

- Ən böyük arzum odur ki, qəhrəmanlarımız heç vaxt unudulmasın, onların igidliyi haqqında daha çox danışılıb yazılsın. 

Harada olurlarsa - olsunlar, Azərbaycan bayrağını daim uca tutsunlar və Vətənimizi ləyaqətlə təmsil etsinlər. Çünki Vətənə sevgi, ona sədaqət və onu qorumaq hər bir vətəndaşın ən müqəddəs borcudur.

- İllər keçsə də, atanızla bağlı qəlbinizdə dəyişməyən və hər zaman yaşatdığınız ən vacib hiss nədir?

- Atamın əziz xatirəsi qəlbimdə əbədi yaşayır. Qəlbimdə ona qarşı sonsuz sevgi, dərin hörmət və böyük ehtiram var. Mən həmişə onunla fəxr edirəm. Onun adı, şücaəti və Vətənə olan sədaqəti mənim üçün həyat boyu ən dəyərli örnək olacaq. Atamın xatirəsini yaşatmaq və onun amalına layiq olmaq mənim üçün böyük şərəfdir.

Amma ən boyuk arzum odur ki, kaş atam mənimlə fəxr edəydi.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada