Modern.az

Mavi beretli şəhidin SİRRİ - FOTOLAR

Mavi beretli şəhidin SİRRİ - FOTOLAR

4 İyul 2016, 16:14

Vətəni qibləgah edən şəhidlər - XXV


Şəmkirin Morul kəndində yaşayırlar. Onların da ünvanını tapmaq çətin olmadı. Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət etmiş çavuşu Təbriz Hamlet oğlu Əsgərovun evini axtarırdım. Darvazanı döyüb, içəri keçdik. Həyətdə başında qara örpəyi olan ucaboylu bir xanım gəzişirdi. Yaxınlaşıb, görüşdüm. “Təbrizdən yazmaq istəyirəm” dedim. “Nəyini yazacaqsan, daha Təbriz yoxdur ki…” söylədi və küskün halda üzünü yana çevirdi.  Keçib həyətdə qoyulan oturacaqda əyləşdim. Atası Hamlet Əsgərov da gəldi. “Təbriz həmişə yanımdadır, mənimlədir, onu  hər nəfəsimdə hiss edirəm”,-deyə, atası sözə başladı...


Ölümə nəfəs qədər yaxın olanlar


“Bizim münasibətimiz dədə-balalıqdan çıxmışdı, dost idik, yoldaş idik. Bir-birimizə arxa-kömək idik. Üç uşağım var. Təbriz böyüyüm idi. Belə oğullar ölmürlər, necə ki, Azərbaycan var, Təbriz də var, onunla eyni amal uğrunda şəhid olan oğlanlar da yaşayacaq. Təbriz deyirdi ki, “ölmə, öləndə də bil ki, nəyə görə ölürsən… İnsan özünü ucuz satmaz”. Həqiqətən də özünü ucuz satmadı. Vətən uğrunda canından keçdi”.

Anası Kifayət xanım:


“Mənim oğlumun 24 yaşı yeni tamam olmuşdu. Ömrünün 23 baharını yaşadı. Hədsiz arzuları var idi. Qarışqanı belə, ayaqlamağa qoymazdı. Balaca uşaqların qabağında da diz çöküb, görüşürdü. Deyirdi, qoy şəxsiyyət olsunlar. Özlərinə verilən dəyəri bilsinlər. Getdi hərbiyə yazıldı, xüsusi təyinatlı bölüyə.  Sevinirdi ki, 6 aylıq kursu uğurla keçmişdi. 
Deyirdim ki, “ay bala, özünü yaman çətin işə qoşdun”. Cavab verirdi ki, “ana, bəs kişi nə üçün yaranıb?”.  4-5-ci sinifdə oxuyanda dil-ədəbiyyat müəlliməsi Cəmilə müəllimə oğlanları düzüb sıraya, onlardan gələcəkdə kim olmaq istədiklərini soruşub. Uşaqlar hərəsi bir sənət, bir peşə adı deyiblər. Təbriz isə Cəmilə müəlliməni heyrətləndirib. Deyib ki, “mən Şəhid olacağam!”.


Atası Hamlet Əsgərov:

“Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində xidmət edirdi. Şəmkir rayonundan N saylı hissədə xidmət edən təkcə Təbriz idi. Rayona çıxanda hamı ona qeyri-adi bir qıhrəman kimi baxırdı. Həsəd aparırdılar. Həmin qoşunlara xidmətə keçəndən sonra, ona dedim ki, “oğul, Sizə “ölümə nəfəs qədər yaxın olanlar” deyirlər”. Dedi ki, “ay ata, o zaman elə bilin ki, mən 6 aydır ki, ölmüşəm”. Təbriz mənim üçün dahi, əvəzsiz bir şəxsiyyət idi”.


Kifayət ana:


“Həyat mənim üçün qurtarıb. Mənimki bundan belə yaşamaq deyil, sürünməkdir. Oğlumu axırıncı dəfə mart ayının 25-də gördüm. Cümə günü idi, gəldi. Bazar günü martın 27-si yola salırdım, darvazanın ağzına qədər gedib, geri qayıtdı, bir də görüşdü mənimlə və boynumu qucaqlayıb “ay ana, gəl görüşək, gedirəm!!!”  dedi. Ancaq anlamadım ki, niyə belə dedi. Dalınca baxa-baxa qaldım. Sözlərinə məna vermədim. Elə həmin axşam qızıma telefonda məktub yazdı: “Siz yatağınızda rahat yatanda, burada qarlı dağlar üstümüzə gəlir”, qızım mənə oxudu yazdıqlarını. Dedim yaz ki, “a başına dönüm, elə sözlər yazma”. Buna da cavab olaraq yazdı ki, “alnıma nə yazılıbsa, onu da görəcəyəm, narahat olmayın””.

 Ata Hamletin, ana Kifayətin  gözlərində beləcə qaldı, son dəfə görüşdükləri kimi...  Kifayət  xanım onu həmişə  darvazanın qapısında yola saldığı kimi xatırlayacaq,  Hamletin isə ömrü boyu oğlunun havada salanan əli gözlərindən getməyəcək.


Qardaşı Pərviz:


“Mən evin kiçik oğluyam. Qardaşımı çox istəyirdim. Məndə bir az ərköyünlük var idi, o isə başqa cür adam idi. Yaşından da böyük idi. Məni tez-tez cəzalandırırdı... Çox vaxt incimirdim... İndi o günləri istəyirəm, istəyirəm ki, məni danlasın, mən yenə ərköyünlük edim, küsüm, o da bircə sillə vursun üzümə... Elə darıxıram... Çox darıxıram... Hər yerdə qardaşımı axtarıram. Qardaşsız qardaş üçün çox çətindir. Mən onun kimi ola bilmərəm. Sonuncu gün evdən gedəndən sonra mənə zəng edib dedi ki, “gedib qanpulumu  alarsınız. Təəcüblə, soruşdum ki, “qanpulu nədir?”, dedi ki, “çox uzatma, dediyimə əməl elə”.

“ - Hara gedirsən, Təbriz?

 - Vaxt gələndə, biləcəksən. İndi isə dediklərini yadında saxla. Özünüzdən muğayat olun.

- Təbriz, ehtiyatlı olun, harada olsanız. Bəlkə getməyəsən? Bəs evdəkiləri fikirləşmirsən?

 - Uşaq kimi danışma,  nə fərqi var hara gedirik? Nə olacaqsa, olacaq. Mən getməsəm, sabah erməni gəlib oturacaq Şəmkirdə, onda mənim anamı kim qoruyacaq...”.

Qardaşımla sonuncu dialoqumuz belə oldu. Həm də tapşırdı ki, bu haqda hələlik kimsəyə bir söz deməyim. Mən də qardaşımın dediklərini sirr kimi ürəyimdə qorudum”.

 
“Bizim dirimiz əsgər, ölümüz şəhiddir”


Sonra hamı kimi,  onlar da ermənilərin atəşkəs rejimini pozduğunu eşitdilər.  Ömrünün 25 ilini hərbçi kimi xədmət edən, Qarabağ döyüşləri başlayandan sonra gecəsi-gündüzü olmayan,  döyüşlərdə fəal iştirak edən Hamlet Əsgərov oğlunun telefonuna zəng çatmadığından onu axtarmağa gedir. Gəncədəki “morq”da ölənlərin sırasında axtarır. Çünki bilir ki, oğlu sağ olsaydı, bir xəbər çıxardı.
Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələrinin hücumunun qəfil olmasına baxmayaraq, ordumuz düşmənin layiqli cavabını vermişdi. Elə ilk gecədə 200-dən çox  təcavüzkar düşmən əsgərini məhv edib, düşmənin xeyli texnikasını sıradan çıxarmışdı. Lələtəpə yüksəkilyi, Seysulan və Talış kəndləri milli ordumuzun nəzarətinə keçmişdi. Döyüşün birinci günündə döyüşlərdə 29 əsgərimiz də şəhid olmuşdu. Oğlunun koordinatını müəyyən edib, döyüşə getdiyi əraziyə qədər yollandı. Oradan da dedilər ki, Təbriz döyüşə gedib. Qolları yanına sallanmış, ürəyi parçalanmış ata evinə qayıdbı. 3-4 saatdan sonra isə telefonlarına zəng gəlib, xəbər verirlər ki, qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən çavuş Təbriz Əsgərov da  şəhid olub. Aprelin 5-i axşamı Təbrizi sevdiyi üçrəngli  bayrağa büküb evlərinə gətirivlər.


Təbriz son dəfə evə gələndə, anası ilə söhbət edəndə demişdi ki, təzə aldığı torpaq sahəsində ev tikəcək. Anası Kifayət xanım qara xəbərdən daşa dönmüşdü. Onun Təbrizi ölə biməzdi, Təbriz onun pənahı idi, gözünün nuru idi. Elə boy-buxunu da, sifət cizgiləri də anasının eyni idi. Boyundan, qamətindən Burla Xatuna bənzəyən Kifayət xanım indi oğlunun tabutunu qarşılamalıydı. Burla Xatun Qazan oğlu Uruzu oxşadığı oxşamalarla oxşadı Təbrizini:


Oğul, oğul, ay oğul!
Bilirsənmi, nələr oldu?
Söyləşdilər xısın-xısın,
Duydum işini kafirin.
Qızıl tağlı uca evimin dirəyi oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Oğul, oğul, ay oğul!
Doqquz ay dar qarnımda gəzdirdiyim oğul!
On ay deyəndə dünyaya gətirdiyim oğul!
Bələyini beşikdə bələdiyim oğul!

 

 Həyətdə üstünə qırmızı çəkilmiş stol bəzədi. Üstünə qırmızı rəngli toy xonçası qoydu.  Qapıya gələnləri toya gəlmiş kimi qarşıladı. 23 bahar görmüş oğlundan bir bahar səhəri belə ayrılırdı. Əbədi ayrılığa göndərirdi oğlunu. Atası Hamlet döyüşçü olmuşdu. 1992-ci  ildən bəri neçə şəhid  dostunu, yoldaşını dəfn etmişdi. Onsuz da könlü şəhidlər məzarığı idi. Könlündə o qədər sirləri, söhbətləri var idi ki. Təbriz də bu  yolu seçəndə bilirdi ki, oğlu ölümlə nəfəs-nəfəsə dayanıb. Bu həyətə hər gəlişi toy-bayram ab-havası gətirirdi Təbrizin. Dostları, tay-tuşları, hərbidə işlədiyi həmkarları yığılırdı bu həyətə, yeyib-içib, gülüb danışardılar. Bu gün onların hamısı Təbrizin tabutunun başına yığışmışdılar. Hamı Təbrizin qəhrəmanlığından, qoçaqlığından, vətənpərvərliyindən danışırdı. Deyirdilər ki, son döyüşdə  dəqiq atəşləri ilə neçə ermənini susdurub.  Hətta  döyüş vaxtı belə, zarafatlarından qalmayıb. Daha sonra dostları ilə QƏLƏBƏ sevincini yaşayıb. Uca bayrağımızı Lələtəpə yüksəkliyinə sancanların sırasında o da olub.  Güllə yarasından yox, qəlpədən dünyasını dəyişib. Heydən düşənə qədər əli tətikdə olub. Avtomatında son gülləni atdıqdan sonra yıxılıb.

Dəfndən sonra , üçrəngli dövlət bayrağımızı  əbədi xatirə kimi  şəhidin atasına  verdilər. Hamlet kişi həmin bayrağı öpüb gözlərinin üstünə qoydu,  köksünə sıxdı.  Bu özünün də, oğlunun da sevdiyi AZƏRBAYCAN  BAYRAĞI idi.


Hamlet Əsgərov:


“Özüm hərbiyə gedəndə dənizçi olmuşam. Sonra oğlum da hərbi xidmətə çağırılanda dənizçi oldu. Bayrağı Təbriz kimi oğullar yüksəldir. O mənim oğlum idi. Başqa cür də ola bilməzdi.  Orada həlak olanların hamısını öz balam sayıram! Oğlum deyirdi ki, “bizim dirimiz əsgər, ölümüz şəhiddir”.


- Siz də hərbçi olmusunuz. 25 il qulluq etmisiniz. Yaxşı, tutaq ki, hansı mükəlləfiyyət daşıdığınızı demirsiniz, heç olmasa deyə biləcəyiniz başqa nəsə varmı?


“Mənim oğlum mavi beretlilərdən idi. Qarabağ döyşləri başlayandan bizim xüsusi kəşfiyyat qrupumuz bu baş geyimindən istifadə edir. hazırda isə bu baş geyimindən Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Bu, xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. Bu dəstələr əsasən ictimai əsayişin qorunması, cinayətkarların zərərsizləşdirilməsi və ölkə daxilində baş verəcək hər hansı bir təhlükənin qarşısını almaq üçün yaradılib. Mən belə bir dəstənin yaranmasına və gizli fəaliyyətinə çox sevinirdim. Belə bir dəstənin olması yalnız, bizim mavi beretlilər həlak olandan sonra ictimaiyyətə məlum oldu. Bu uşaqlar  dövlət dövlətçilik üçün, dövlət üçün yetişdirir. Və onların bir günün  içərisində məhv  olması ağılasığmaz bir  fəlakətdir. Elə şeylər var ki, adam danışa bilmir...
Təbrizim mənim üçün həm dahidir, həm qəhrəmandır. Ən ağrılısı odur ki, 23 yaşlı oğlum çavuş kimi xidmət edib. Hətta döyüş paltarındakı nişanı da kəşfiyyatçı olduğundan xəbər verir. Oğlumun 40 mərasimi günü  Müdafiə Nazurliyinin polkovniki Abdulla Qurbani gətirib mənim oğluma əsgər adı qeyd olunmuş medal verdi. 23 yaşlı çavuş oğlumu 19 yaşlı əsgər kimi qeydiyyata alıblar. Qəbul etmədim. Axı bu tarixdir, tarixi, hadisələri saxtalaşdırmaq olmaz.  
O vaxtdan bu günə qədər oğluma aid heç bir sənədi gətirib bizim qapıya verən yoxdur. Heç elə bil ki, kəşfiyyatçı, çavuş Təbriz Əsgərov adlı şəxsin tabutu bu evdən, bu həyətdən çıxmayıb. Kiminsə diqqətsizliyi, etinasızlığı ucbatından, mənim ailəmin sənədlərinə nədən saxta söz yazılmalıdır. Mən bilirəm mənim oğlum  kimdir, tək Şəmkir üçün deyil, Azərbaycan üçün kimdir, nədir. Onu da mən heç kimə açıqlayan deyiləm. Əgər bunu millətin 5 milyonu bulirsə,  3 milyonu bilmək istəmirsə, ona sübut edib, çatdırmaq fikrində deyiləm ki, bu səndən ötrü gedib. Lakin fəxr edirəm. Mənim oğlumun da Vətən torpağı uğrunda həlak olduğu günlərdə  bütün dünya dərk etdi ki, Azərbaycan xalqı var, Azərbaycan oğulları var. Şamil Basayevə deyirlər ki, Azərbaycan müharibəni uduzdu. Deyir ki, “onu Sizə kim deyir ki, Azərbaycan uduzdu?”. Məni çox danışdırmayın... müəyyən söhbətlər, sözlər var ki, onun üstü örtülü qalsa yaxşıdır”.


Sonra Kifayət xanımdan xahiş etdim ki, oğlunun otağını göstərsin mənə. Evin Təbrizə aid olan hissəsində  portretləri, şəkilləri düzülmüşdü.  Yataq otağında isə qırmızı rəngdə bəy yorğan-döşəyi sahibini gözləyirdi. Heç vaxt gəlməyəcək sahibini. 

 
Kifayət ana Təbrizi oxşaya -oxşaya, onun döyüş çantasını açıb,Təbrizə aid olan bütün əşyaları bir-bir çıxarıb, öpüb əzizlədi. “Ağlama”, “Sil gözün yaşını “ demədim.  Çünki o anaya təssəli verəcək sözüm yox idi.  O ananın göz yaşlarını, ağrılarını hansı təsəlli ilə saxlamaq olar. Kifayət xanım isə ağlaya-ağlaya deyirdi:  “Ölənə kimi də belə saxlayacam balamın paltarlarını, əşyalarını, heç kimə verməyəcəm...”.

  Hamlet Əsgərovdan soruşdum:

  - Müharibənin başlanmasını istəyirsinizmi?

  - Mən müharibənin başlanmasını həmişə istəmişəm ki, torpaqlarımızı azad edək. İndi evimdə bir oğul da böyüdürəm. Sabah onun uşaqları, nəvələrim  mənə desələr ki, bu torpağı sən vermisən, ondan sonra ölmək lazımdır.  Bizim torpaqlar döyüşlə alınmalıdır. Doğrudur vaxtilə pulla satdılar. Şuşa alınmaz qala idi, Kəlbəcər boşalandan sonra 3-4 sutka orada it-pişikdən başqa canlı yox idi. Şuşa da, Kəlbəcər də bom-boş idi. Sakinləri qoyub qaçdılar. Daxili düşmənlərimizin provokasiyasına uydular. O torpaqları ermənilərdə qoymaq Tanrının da altında, Torpağın da üstündə günahdır.


Anası Kifayət xanım:

- Mən 3 dəfə əməliyyat olunmuşam.  Respublika Onkoloji Xəstəxanasında qeydiyyatdayam.   Təbrizin gücünə yaşayırdım. Oğlum həlak olmazdan üç ay əvvəl  əməliyyatdan çıxmışam.  4 aydır ki, müalicəyə də getmirəm. Kimya şuası almalıyam. Oğlum demişdi ki, “ana, kurs pulumu alıb, səni yenidən müayinəyə aparacam”. 4 dəfə şüa götürməliyəm. Həyat yoldaşım 300 manat pensiya alır, mənə isə 10 ildir ki, pensiya kağızı vermirlər. Özüm ali təhsilli müəlliməyəm. Xəstəliyimə görə mənə pensiya kəsilməlidir. Get-gələ salırlar. Çox bahadır şua götürmək. İmkanılmız çatmır. Oğlum aylığını göndərirdi, onun pulu ilə müalicələrim olurdu, indi neyləyim? Heç olmasa pensiya alsaydım, aparıb verərdim, şua götürərdim”.


Ordumuzun çavuşu Təbriz Əsgərov haqqında yazını sona çatdıranda, atası  Hamlet əsgərovun bir sözü düşdü yadıma: “Bir ləzzətli gülüşü var idi, Təbrizin. Səsi kəndə düşürdü”. Bu sözləri deyəndə gözləri gülmüşdü Hamlet kişinin. Oğlunu sağlığındakı kimi xatırlayırdı, gülüşünə sevinirdi.

Azərbaycan Prezidenti , Ali Baş Komandan İlham Əliyev bu yaxınlarda bir daha “Aprel döyüşləri” haqqında danışarkən qeyd etdi: “Orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bunu “Aprel döyüşləri” də göstərdi. Ermənistanın təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi”.

Və Ali Baş Komandan dəfələrə qeyd edib ki, şəhid və qazi ailələrinə ən yüksək səviyyədə qayğı və hörmət göstərilməlidir. Çox istəyərdim ki, bir çox icra başçıları, bələdiyyə sədrləri, hərbi komisarlar... kreslo və kabinet  sahibləri o tövsiyələri unutmasınlar.

 Dədə Qorqud dastanında belə bir məqam var: “Dədə Qorqud Qaraca çobanın Beyrəyin on dörd yaşlı oğlu ilə torpağı daş-kəsəkdən təmizləməsini görüb sevinir.  “Torpağı təmizləyirəm, istəyirəm şumlayaq, əkək, biçək, yeyək, dolanaq” deyən Qaraca çobana Dədə Qorqud belə söyləyir: “Çoban, sözün haqdır”, yurdumuzun başına çox qəzalar gəldi, ərlərimiz, igidlərimiz çox qırıldı, amma tamam qırılıb qurtarmadıq. Hələ varıq, hələ olacayıq, qalacağıq”...


Aida Eyvazlı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir