Arxiv
29 Yanvar 2011, 15:21 | MÜSAHİBƏ
Ermənistanlı jurnalist: “Sadə ermənilər müharibə istəmirlər"

Nune Aylancan: “Bizim ərazimiz geniş deyil, dənizimiz, “Titanik gəmi”miz yoxdur, biz ərazimizi özümüz seçə bilmirik”

Nune Aylancan 1988-ci il aprelin 26-da Yerevanda anadan olub. Nənəsinin biri gürcü, biri də rusdur. Ermənistan Dövlət Pedaqoji Universitetinin radiojurnalistika ixtisasını bitirib. Ermənistan İctimai Radiosunda jurnalist və aparıcı işləyib, eyni zamanda bir sıra jurnallarla əməkdaşlıq edib. 2009-cu ildən isə Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbində (Gürcüstan İctimai İşlər İnstitutunda) magistr təhsili alır. Jurnalistikanı çox sevdiyini deyir. Qeyd edək ki, Nune ilə müsahibəni razılaşdırarkən  Qarabağla bağlı suallarımızın da olacağını dedik. Nune siyasətçi olmadığını bildirdi, amma sonda bəzi suallara cavab verəcəyinə razılaşdı.

Nənəsinin vətənində təhsil almaq istəyi

- Nune, necə oldu ki, magistr təhsilinizi Gürcüstanda almağı qərara aldınız?

- Mən dəyişiklikləri sevirəm. Ermənistan İctimai Radiosunda işləyəndə Gürcüstanda jurnalistika təhsili ilə bağlı proqram elan edildiyindən xəbər tutdum. Fikirləşdim ki, bu, gələcəyim üçün gözəl şansdır. Təhsil ingilis dilində olduğundan hər şeydən əvvəl ingilis dilimi inkişaf etdirə biləcəm. İkinci tərəfdən isə Gürcüstan mənim nənəmin ana vətənidir, mən də nənəmi dünyalar qədər çox istədiyimdən onun boya-başa çatdığı ölkədə təhsil almaq istədim. Bu iki faktor Gürcüstanda təhsil almaq istəyimi gerçəkləşdirdi. Sənədlərimi verdim və imtahanlardan uğurla keçdim.

- Gürcüstanda təhsil almağınız sizə nə verdi?

İlk növbədə ingilis dilimi inkişaf etdirməyə yardım etdi. Amerika və Avropa jurnalistikası ilə tanış oldum, əcnəbi müəllimlərdən dərs aldım. Həm də ailəmdən kənarda başqa bir ölkədə yaşamağım məni daha güclü, özümə inamlı etdi. 

- Adətən tələbələr ölkələrindən kənar yerdə təhsil alanda geriyə, vətənlərinə dönmək istəmirlər. Siz necə…

- Məndə bu, fərqli oldu. Bir il Gürcüstanda təhsil aldığım müddətdə hər ay Ermənistana gedirdim. İndi də Ermənistana qayıdacam. Mənim hər şeyim – dostlarım, ailəm, hətta karyeram Ermənistandadır. Mən özümü Ermənistanda görürəm. Bəlkə də bir az ağılsız səslənəcək, əgər BBC-də, CNN-də işləmək kimi şans əldə etsəm, işləyərəm, amma Ermənistan mənimçün nömrə birdir, mənim ana vətənimdir, yenə də sonunda bura qayıdaram.

“Radioda 200 dollar alırdım”

- Artıq burda təhsilinizin əsas hissəsini başa vurdunuz, yalnız diplom müdafiəsi qalır. Ermənistana qayıtdıqdan sonra nə etmək fikrindəsiz?

Jurnalist də işləyə bilərəm, həmçinin Qafqaz Jurnalistika və Media Menecmenti Məktəbində (GİPA) aldığım təhsil media meneceri, marketoloq kimi çalışmağıma da imkan verir. Bir sıra işlərə dəvət almışam, hələ seçim etməmişəm.   

- Ermənistanda media sahəsində vəziyyət necədir?

- Nə mənada?

- Medianın azadlığı, jurnalistlərin əməkhaqqı və s. məsələləri nəzərdə tuturam…

- Jurnalistlərin əməkhaqqı müxtəlif media qurumlarında müxtəlifdir. Radioda işləyəndə 200 dollar alırdım, özü də istirahət günlərim olmurdu, bütün günü harasa qaçırdım, amma aldığım əməkhaqqından razı idim. Bu, mənimçün kifayət idi. Mən bütün günü hərəklətdə olmağı sevirəm. Düşünürəm ki, ümumiyyətlə pul heç vaxt, hətta 1000 dollar alsan belə, bəs etmir.  

“Azərbaycanlılarla işləmək mənə böyük zövq verirdi”

- Bir il ərzində Azərbaycan və gürcü tələbələrlə bir yerdə oxudunuz. Azərbaycanlılarla münasibətinizi bilmək istərdik…

- GİPA-da təhsil almağa gəlməmişdən əvvəl Gürcüstanda bir sıra seminarlarda iştirak etmişdim və artıq mənim azərbaycanlı kolleqalarımla ünsiyyət təcrübəm var idi. Hətta dost da qazanmışdım. Seminarlar zamanı onlarla işləmək mənə böyük zövq verirdi. Jurnalist kimi, eyni zamanda insani baxımdan hamını eyni qaydada ittiham etməyi sevmirəm. Bütün millətlərin içərisində yaxşısı da, pisi də var. Hamını eyni qaydada suçlamaq düzgün deyil. Biz hamımız bərabər insanlarıq. Dostlarım biləndə ki, azərbaycnlılarla birgə oxuyuram, onlar mənə tez-tez sual verirdilər ki, “Nune, sənin azərbaycanlılarla münasibətlərn necədir?”. Bu sual mənimçün çox gülməli səslənirdi  və cavab verirdim ki, onlar da eynilə bizim kimi insanlardı. Qeyd edim ki, eyni qrupda oxuduğum azərbaycanlılarla da dost ola bildim. Hətta bir sıra məqamlarda bir-birimizə kömək də edirdik. Mən azərbaycanlı qrup yoldaşlarımdan gürcülərdən fərqli hansısa qeyri-adi, qəribə münasibət görmədim.  

- Ermənilərlə gürcülər arasında hansı fərqləri gördün?

- Gürcü gənclərinin geyimi çox xoşuma gəldi. Onlar azaddırlar. Onlar deyirlər ki, qara rəngi sevirlər, amma işıqlı rənglərə üstünlük verirlər. Gürcüstanda hündürdaban ayaqqabı ilə gəzən, kosmetikadan çox istifadə edən qız görə bilməzsən. Mən onların geyim tərzini sevirəm. Geyimlərindən hiss edirsən ki, bu insanlar gəncdir.   

“Dünya rüşvətlə qurulub”

- Çoxları düşünür ki, Gürcüstan Cənubi Qafqazda ən yaxşı ölkədir. Bunun da əsas səbəbi kimi  Gürcüstanda rüşvətin olmamasını göstərirlər. Siz bu haqda nə düşünürsünüz? Nə vaxtsa Ermənistanda da rüşvət olmayacağını təsəvvür edə bilirsinizmi?

-  Təbii ki, mən hər şeyi təsəvvür edə bilirəm. Rüşvət elə bir mövzudur ki, ekspertlər tərəfindəın cavablandırılmalıdır. Dünya belə şeylərlə qurulub. Biz bunu tamamilə dağıda bilmərik, biz sadəcə rüşvətlə mübarizə apara bilərik. Amma sən rüşvəti tamamilə məhv edə bilməzsən. Çünki bu, əsrlərdən gəlib. Jurnalist kimi mənim vəzifəm rüşvətlə mübarizə aparmaqdır, vətəndaş kimi isə rüşvət götürməmək və rüşvət verməməkdir.

- Siz düşünürsünüz ki, ölkədə rüşvət faktoru hökumətdən deyil, insanlardan asılıdır?

- Bəli, bu, insanlardan başlayır və insanlardan asılıdır. İlk növbədə sadə insanlar rüşvət verməməli və rüşvət götürməməlidir, sonra hökumət haqqında danışmaq olar. Hökuməti suçlamamışdan əvvəl anlamaq lazımdır ki, hər şey sənin özündən başlayır, hər şey səndən asılıdır. 

- Doğrudur, hər şey insanın özündən başlayır. Amma ortada fakt var, Gürcüstanda rüşvətin kökünü aşağı dairələrdə də olsa, Saakaşvili kəsdi, insanlar deyil...

-  Bu Saakaşvilinin işidir ki, nə etdi… Mən sadə insanlardan və onların özünü tərbiyə etmələrindən  danışıram, bunları edəndən sonra yüksək rütbəli məmurlardan danışmaq olar.

“Sizdə iki bloggerin həbsdə olduğunu eşitmişdim”

- Ermənistanda bloggerlik sahəsində vəziyyət necədir?

- Bizdə çoxlu blogger var. Hər gün kimsə bloq açmağı və yazmağı qərara alır. Düşünürəm ki, bu, əladır. Ermənistanda hətta 15-16 yaşlarında yeniyetmə bloggerlər də var.

- Ölkənizdə bloggerlər söz, fikir azadlığı ilə bağlı hansısa problemlərlə qarşılaşmır ki?

- Xeyr, bu sahədə bizdə heç bir problem yoxdur. Çünki bloggerlik fərqli bir sahədir və bloggerlər fikirlərini ifadə etməkdən çəkinmirlər. Ermənistanda bloqçuluğa görə heç kimi tutmurlar. 

- Azərbaycanda bloggerliklə bağlı səndə hər hansı informasiya varmı?

- Bildiyim bircə odur ki, iki nəfər azərbaycanlı bloggeri həbs etmişdilər və insanlar onların azadlığa buraxılması üçün mübarizə aparırdılar.

“Azərbaycan rokundan da yazıram”

- Nune, siz də bloggersiniz.  Necə oldu ki, blogger olmağı qərara aldınız?

- İki il yarımdır ki, bloggerliklə məşğul oluram. İctimai Radioda işləyərkən bloggerliyə başladım. İnternet saytlarında gəzişərkən blog açmaq üçün uyğun olan bir saytla tanış oldum və gördüm ki, bu iş, çox maraqlıdır. Mən başqalarından fərqli olaraq radioda işimi tez yekunlaşdırırdım və buna görə də qərara gəldim ki, bloggerliyə başlayım və hər gün gördüyüm işləri ora yazım. Elə də etdim. Sonra bloggerliklə bağlı daha da dərinə getdim. Artıq bir ildir ki, www.nunerock.com adlı bloqumda rok musiqisi ilə bağlı yazılar yerləşdirirəm. Çünki bu musiqini çox sevirəm. Ermənistanda pop musiqisindən yazan çoxlu saytlar, bloqlar var, rok musiqisindən isə az yazılır. Amma mənim ölkəmdə rok mədəniyyəti var və buna görə də mən qərara gəldim ki, rokdan yazım. Əsas məsələ bundadır ki, mən yalnız Ermənistan, yaxud beynəlxalq rok musiqisindən yazmıram. Qafqaz, həmçinin Azərbaycan rok musiqisindən, rok qruplarından da yazıram. Bu, mənim bloqumu digərlərindən fərqləndirir.

Erməni jurnalist azərbaycanlıları müsahibəyə necə razı salır?

- Azərbaycan rok qruplarından yazarkən, sizə təpkilər gəlmədi ki, niyə Azərbaycan rok musiqisini təbliğ edirsən?

- Bəzi dostlarım, həmçinin digər insanlar maraqlanmağa başladılar ki, niyə görə belə edirəm. Onlar məni qınayırdılar… Mənim onlara cavabım bu olurdu ki, musiqi incəsənətdir və hansısa sərhəd tanımır. Mən siyasət, siyasətçilər barədə yazmıram. Mən Qafqazda rok musiqisi barədə yazıram və Azərbaycan da Qafqazın tərkib hissəsidir. Amma onu da deyim ki, Ermənistanda bir çox insanlar məni belə bir iş gördüyümə görə alqışladılar.

- Bloqunuza müsahibə üçün azərbaycanlı rok qruplarının üzvlərinə müraciət edəndə, onların ilk reaksiyası necə olur?

- İlk növbədə belə məqamlarda azərbaycanlı dostlarım və kolleqalarımın köməyinə ehtiyacım olur. Onlar mənə rok qrupların sosial şəbəkələrdəki ünvanlarını verir və mən özüm onlarla əlaqəyə girirəm. Özümü təqdim edəndən sonra müsahibəyə asanlıqla razılıq verirlər. Yazı çıxandan sonra ingilis dilini bilməyən, yalnız ümumi sözlərdən azərbaycanlılardan müsahibə aldığımı bilən bloqumun oxucuları yazıma “azərbaycanlılar Ermənistana gəlib?”, yaxud “onlar nə vaxt gəliblər bura?” kimi şərhlər yazırdılar. Mən də cavab verirdim ki, müsahibəni internet vasitəsilə götürmüşəm. Bir maraqlı faktı qeyd edim. Müsahibələrimdə Azərbaycanın rok qruplarına belə bir sual ünvanlamışam ki, təklif olsa, Ermənistana gələ və Ermənistanın rok qrupları ilə birgə konsert verə bilərlərmi? Cavabında onlar təklif olarsa, böyük məmnuniyyətlə gələ biləcəklərini dedilər. Təbii ki, musiqi musiqidir.

“Mən müharibənin əleyhinəyəm”

- Bəli, musiqi musiqidir. Maraqlıdır, Qarabağ problemi barədə nə düşünürsünüz?

-
Bu, konfliktdir.

- Doğrudur, biz siyasətçi, yaxud da hökumət adamı deyilik. Amma adi vətəndaş kimi bu barədə gündəlik xəbərləri izləyirik. Sizcə, bu konflikti necə həll edə bilərik?

- Bilmirəm bunu necə həll edə bilərik, amma düşünürəm ki, yüksək çinli məmurlar nə qərara gəlirlər gəlsinlər, mən müharibənin əleyhinəyəm. İstəmirəm ki, hökumətlərin verdiyi qərar bir-birimizi öldürmək, dava etməklə bağlı olsun. Müharibənin əleyhinəyəm və əminəm ki, azərbaycanlılar və ermənilər də - hər kəs bu cür düşünür, sülh içərisində yaşamaq istəyir. Şəxsən mən qardaşımın müharibəyə gedib vuruşmasını istəmirəm. Sadə insanlar sadəcə sülh istəyir, müharibəistəmirlər.   

“… bəli, biz udmuşuq…”

- Sülh şəraitində yaşamaq üçün də bu problem həll olunmalıdır. Sizcə, Qarabağ hansı tərəfdə olmalıdır. Azərbaycan Qarabağı ermənilərəmi verməlidir, ya Ermənistan Qarabağı Azərbaycana qaytarmalıdır?

- Yox, nə Azərbaycan, nə də Ermənistan tərəfi bunu heç vaxt belə etməyəcək, “Qarabağı sənə bağışlayıram” deməyəcək. Mən tərəflərdən belə bir qərar gözləmirəm və düşünürəm ki, bu, normaldır. Hər iki tərəfdə qurbanlar olub, ailələr, uşaqlar müharibədən əziyyət çəkib. İnsanlar öldürülüblər. Müharibə elə bir şeydir ki, sən sadəcə deyə bilməzsən ki, “bəli, biz udmuşuq”. Hər bir qələbənin qurbanları var, ən azı həyatla vidalaşan insanlar var. Bundan başqa, heç nə deyə bilmərəm. Yalnız onu bilirəm ki, tərəflər 10 ilə, yaxud 10 ildən sonra nə qərara alırlar alsınlar, bircə müharibə olmasın. Mən istəyirəm ki, millətlərimiz sülh şəraitində yaşasın.

- Necə düşünürsünüz, Azərbaycan və Ermənistan böyük ölkələr üçün oyuncaq deyil ki? Bəlkə məhz buna görə də, Qarabağ problemini həll edə bilmirik…

- Mən bu suala cavab verə bilmərəm. Çünki mən siyasətçi deyiləm. Düzdür, mən jurnalistəm və çox vacib informasiylardan məlumatlıyam. Amma mənim fəaliyyət sahəm siyasət deyil, jurnalistikadır. Onu deyə bilərəm ki, sənaye cəhətdən böyük ölkələr həmişə idarə edirlər. Ancaq hər şeydən əvvəl problem bizə aiddir. Konflikt insanlardan başlayır. Çünki biz sülh şəraitində yaşamaq istəyəndə ancaq konflikti xatırlayırıq. Mənim azərbaycanlı dostlarım var, amma hər bir erməninin azərbaycanlı və hər bir azərbaycanlının erməni dostu yoxdur. Mən ancaq bir şeyi bilirəm ki, kimsə konfliktin yaranmasında günahkardır, amma bu situasiyada sadə insanların heç bir günahı yoxdur.

“Mən dəniz görmək üçün Gürcüstana gəlirəm”

- İqtisadçılar və siyasətçilər deyirlər ki, Qarabağ problemi olmasaydı, Ermənistan varlı ölkə olardı. Çünki hazırda Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu da Ermənistanın iqtisadiyyatına mənfi təsir edir.

- Mən öz ölkəmdən razıyam. Ermənistanda yaşamaq mənimçün xoşdur. Mən düşünmürəm ki, Qarabağ problemi olmasaydı, Ermənistan varlı ölkə olardı. Xeyr, biz kiçik ölkəyik, bizim iqtisadiyyatımız da kiçikdir və varlı olmamağımız normaldır. Çünki bizim ərazimiz geniş deyil, bizim dənizimiz yoxdur, bizim “Titanik gəmi”miz yoxdur. Biz ərazimizi özümüz seçə bilmirik. Məsələn, mən Yerevanda doğulmuşam və mənim yalnız bir gölüm var – Sevan gölü (bu gölün də daxil olduğu 28 min kv. km. ərazi 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycandan alınaraq, Ermənistana verilib – L.M.). Mən dəniz görmək, üzmək üçün Gürcüstana, Qara dənizə gəlirəm. Ancaq Ermənistan mənim üçün nömrə birdir və düşünmürəm ki, kasıb ölkədir. Bu ölkədə yaşamaq mənim üçün yetərlidir.

Lalə Musaqızı 
Tiflis

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:50 Komandir - VİDEO 4 Dekabr 2020, 15:44 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?